Erməni işğalından azad edilməsinin üçüncü ili qürurla qeyd edilən Laçın torpağında tarixi günlər yaşandı. 28 may – Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə səfər etdi və Laçın ictimaiyyəti ilə görüşdü. Hər səfərində vəziyyətlə tanış olan ölkə başçısı Laçında da böyük qayıdışa hədəflənən təməlləri atdı. Görüşdə ölkə başçısı bir daha tarixi anlara ekskurs edərək Zəfərimizi şərtləndirən amilləri xatırlatdı.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı kimi Laçın rayonu 2020-ci il dekabrın 1-də işğaldan azad olundu. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq”.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Bu istiqamətdə yeni layihələr, yeni planlar həyata keçirilir. İstər Laçın şəhərində, istər digər rayon və şəhərlərdə genişmiqyaslı və intensiv işlər aparılır. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb. Ötən dövrdə aparılan tikinti-quruculuq işlərinə nəzər salıb deyə bilərik ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaqdır. Laçın şəhərinin Baş planı hazırlanıb və bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli bina və orada 144 mənzil hazırdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.
Laçında tibb məntəqəsi hazırlanır, məktəb yeni dərs ili üçün hazır olacaq. Bundan başqa, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır və 1100-dən çox iş yeri açılacaq. Ölkə başçısı diqqətə çatdırdı ki, cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.
Azərbaycanın ötən ay əldə etdiyi strateji əhəmiyyət daşıyan nailiyyətindən danışan Prezident İlham Əliyev bildirdi ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.
Laçın rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalq-ordu-Ali Baş Komandan birliyinə, həmrəyliyinə diqqət çəkərək qeyd etdi ki, Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Qurduğumuz güclü ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Yetişdirdiyimiz vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil torpaqlarımızı azad etdi. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq.
Cənab Prezident onu da bəyan etdi ki, hazırda Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər.
Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə işğaldan azad edilmiş torpaqlarımızda yalnız bərpa, yenidənqurma işləri aparılıb. Dövlət başçısının təşəbbüsü ilə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir. Prezident İlham Əliyevin Qarabağa-ötən iki il ərzində işğaldan azad edilmiş rayonlara etdiyi bütün səfərlər və bu səfər çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlər, təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib.
Cənab Prezident onu da bəyan etdi ki, hazırda Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər.
Artıq müharibə tarixdə qalıb, münaqişə həll olunub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətlə bərpa və yenidənqurma işlərini həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir və qarşıya qoyulan bütün məqsədlər icra ediləcəkdir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru