Uşaqların internetdən məhdudiyyətsiz istifadəsinin necə qarşısını almalı?Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin kompüterdən istifadə nə qədər zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər şeydən vacibdir. Kompüter istifadəsinə ən çox meyilli olanlar isə uşaqlardır. Uşaqların saatlarla kompüterə bağlı qalmaları onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi cihazlardan asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik yaşındakı uşaqlarda özünə qapılma, məktəb yoldaşları və ətrafına qarşı aqressiv davranışlara və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə də kompüterdən istifadə müəyyən çərçivədə olmalıdır.
Müasir həyatı İnternetsiz təsəvvür etmək mümkün deyil. Məhz buna görə də XXI əsr "İnformasiya və texnologiyalar" əsri adlandırılır. Sivil dünyanın bir parçası olan vətənimiz Azərbaycanda da informasiya texnologiyaları sürətlə inkişaf etmiş və etməkdə davam edir. Lakin bu onu deməyə əsas vermir ki, hər bir insan, xüsusilə məktəb yaşlı uşaqlar heç bir məhdudiyyət olmadan bu texnologiyalardan istifadə etməlidirlər. İnternetin uşaq orqanizmi və psixologiyası üçün mənfi və müsbət cəhətləri vardır. Təəssüf hissi ilə qeyd etmək olar ki, bunların mənfi cəhəti müsbət cəhətlərindən daha çoxdur.
Müsbət cəhəti ondan ibarətdir ki, uşaqlar İnternet vasitəsilə kifayət qədər sürətli məlumat əldə etmək imkanına malikdirlər. İnternet uşaqlara onları maraqlandıran suallara cavab tapmaqda köməklik edir. Bir sözlə, hər bir uşağın inkişafına xidmət göstərmiş olur.
Mənfi cəhəti isə ondan ibarətdir ki, İnternetdən çox istifadə etdikdə bu, ilk növbədə, uşaqlarda kompüter asılılığı yaradır. Bu asılılıq da xəstəliyə çevrilir ki, bunu da narkomaniya, alkoqolizm və digər asılılıqla eyniləşdirmək olar. Mütəxəssislərin dediyinə görə bu asılılıq uşaqların səhhətinə ciddi surətdə zərər vurur. Kompüter arxasında uzun müddət oturanlarda daha çox onurğa ilə bağlı problemlər də yaranır. İnkişaf dövrü keçən uşaqlarda bu daha çox özünü büruzə verir. Belə ki, həmin uşaqların qaməti əyilir və müəyyən yaş dövründən sonra onurğalarında yırtıq və sürüşmələr əmələ gəlir. Bununla bağlı digər məsələ isə görmə qabiliyyəti ilə bağlıdır. Kompüter arxasında uzun muddət oturmaq, monitorla lazımi - 70 sm məsafəni saxlamamaq nəticəsində görmə qabiliyyəti zəifləyir. Monitorda dəyişkən şəkillər, kiçik şriftli yazılar və işıq dəyişiklikləri göz əzələlərinin və torlu qişanın gərginliyini artırır. Məsələnin digər tərəfi isə bu cihazlardan çox istifadə edən uşaqların emosional dəyişiklikləridir. Uşaqların aqressiv oyun oynaması, sürətli maşın sürmə səhnələri, döyüş və hərbi oyunlara üstünlük verməsi nəticəsində onlarda artıq həyəcan, stres və əsəbilik yaradır.
Həssas uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional kompüter oyunlarından sonra əsəbilik, aqressivlik, qəddarlıq və zorakılıq hissləri üstünlük təşkil edir. Həmin hisslərlə yanaşı, onlarda qorxu hissi əmələ gətirir. Bu cür uşaqlar evdə, məktəbdə lazımsız yerə qışqırır, sakit oynaya bilmir. Ətrafındakı insanlarla, hətta valideyn və müəllimlərlə belə kobud rəftar edirlər.
Kompüter uşaqların, demək olar ki, ən yaxın dostlarından birinə çevrilir. Bu da uşaqların valideynləri, ailə üzvləri və dostları ilə çox az ünsiyyətdə olmasına səbəb olur. Uşaqlar qrammatik cəhətdən düzgün danışmamaqla öz fikirlərini aydın ifadə edə bilmirlər.
Uşaqda kompüter haqqında ilk yanlış məlumatı məhz valideyn yaradır. Əli yeni-yeni əşya tutan uşağın ilk oyuncağı telefon və kompüter olur. Uşaqlar buna əyləncə vasitəsi kimi baxır, müəllifi bilinməyən musiqilərlə sakitləşir, qorxunc cizgi filmləri ilə başlarını qatırlar. Valideyn isə öz işi ilə məşğul olur, uşağı nə ilə məşğul olursa-olsun, təki ona mane olmasın, - deyə düşünür. Bununla da uşaqda texniki vasitələrə yanlış yanaşma üsulu formalaşır.
Bir çox hallarda uşaqların, xüsusilə, İnternetdən düzgün istifadə etməməsində valideynləri günahlandırmaq olar. Belə ki, bəzi valideynlər kiçik yaşlarından uşaqlarını mobil telefonla və kompüterlə təmin etməyə çalışırlar. İllər keçdikcə onlar uşaqlarını texnikanın son nailiyyətləri ilə zəngin olan telefon və kompüterlə təmin edilməsində daha da həvəsli olurlar. Sanki valideynlər arasında bununla əlaqədar gizli rəqabət mövcuddur. Bu da uşaqlarda kompüter oyunlarına marağı daha da artırmış olur. Valideynlər uşaqlarını belə hədiyyələrlə sevindirməkdən maksimum dərəcədə yayınmalıdırlar. Yaxşı olar ki, valideynlər övladları ilə ünsiyyətə daha çox vaxt sərf etsinlər.
Uşaqların kompüterdən istifadə etməsinə məhdudiyyət qoyulmalıdır. Xüsusilə də gecə saatlarında. Həmçinin valideynlər uşaqlarının hansı kompüter oyunlarını oynamasına nəzarət etməlidirlər. Unutmasınlar ki, kompüterdən asılılıq uşaqları real həyatdan ayırır.
“Muğanın səsi”nin
analitik qrupu