Mayın 27-28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə 44 günlük Vətən müharibəsi zamanı azad edilən ərazilərə səfər edib. Bu dəfə ölkə başçısı Kəlbəcər və Laşın rayonlarında olub, bir sıra açılışlarda iştirak edib və görülən işlərin vəziyyəti ilə tanış olub.
Belə ki, təkcə Laçın rayonunda olarkən Prezident İlham Əliyev mayın 27-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının açılışında, rayonun Qorçu və Şəlvə kəndlərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkındakı işlər və Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.
Ertəsi gün Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin və “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib, Prezidentə Laçın şəhərinin Baş planı təqdim olunub.
Həmin gün Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən ölkə başçısı bir sıra məqamlara toxunub. O, bildirib ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.
Hazırda Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Şəhərdə tibb məntəqəsi hazırlanır, yeni məktəb binası tikilir.
Burada onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Laçında əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. Qeyd edək ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.
Ölkə başçısı bildirdi ki, mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcəkdir.
Prezident İlham Əliyev vurğuladı ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Bir sözlə Azərbaycan öz əzəli torpaqlarının sahibi olduğunu hamıya bəyan etdi.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi