Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına səfər etməsi, Kəlbəcər rayonunda Azərbaycan bayrağını yüksəltməsi bir daha işğaldan azad olunmuş ərazilərimizin ən qısa müddətdə yenidən qurulacağına əminlik yaratdı.
Prezident İlham Əliyev səfər zamanı bir daha mühüm bəyanatlar verdi və qeyd etdi ki, biz daim bu torpaqlarda yaşayacağıq. Ölkə başçısının da qeyd etdiyi kimi, Laçın və Kəlbəcər rayonları 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində Ermənistan tərəfindən işğal edilmişdi. Bununla da Ermənistanla Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Hər kəsə məlum olan faktdır ki, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan AXC-Müsavat cütlüyü olub. Amma Vətən müharibəsində biz bu torpaqları düşməndən azad etdik. Laçın və Kəlbəcər rayonları isə Prezident İlham Əliyevin diplomatik səyləri ilə bir güllə atılmadan düşmən işğalından xilas olundular.
Səfər çərçivəsində cənab Prezidentin Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha böyük quruculuq işlərinin sürətlə davam etməsi kimi qiymətləndirilməlidir. Bu gün azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir, bütün şəhərlərin infrastrukturu tamamilə bərpa olunur. Ümumiyyətlə, hər hansı bir regionun inkişafı üçün yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməsi çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, işğaldan azad edilən ərazilərdə ilk olaraq müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması xüsusi önəm daşıyır.
Laçına səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması sonrakı mərhələdə bölgənin inkişafı, turizm infrastrukturunun yaradılması, həm sərnişin, həm də yükdaşıma, eləcə də beynəlxalq uçuşlar üçün müstəsna əhəmiyyət kəsb edəcək. Hava limanının olması ölkəmizin müxtəlif bölgələrindən Laçına səyahət etmək istəyənlərin rahatlığını da təmin edəcək.
Bu gün işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirən Prezident İlham Əliyevin növbəti səfəri digər işğaldan azad olunmuş ərazilər kimi Laçın və Kəlbəcər rayonlarının, kəndlərinin də, bütün yaşayış yerlərinin də tezliklə bərpa olunacağına bir daha əminlik yaradır. Ümumiyyətlə, ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru