Azərbaycan regional və qlobal böhranların müzakirəsi və həll yollarının axtarılması baxımından mühüm platformaya çevrilib. Cənubi Qafqazın siyasi, iqtisadi və humanitar mərkəzi statusunu möhkəmləndirən Azərbaycan bəşəri problemlərin həllində, beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda, enerji məsələlərinin müzakirəsində ciddi rol oynamağa başlayıb. İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi də bunu deməyə əsas verir.
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”unun açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər və dövlət başçılarının forum iştirakçılarına ünvanladıqları müraciət bir daha təsdiqləyir ki, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə həlli vacib olan məsələlərdə məsuliyyətli qlobal aktordur.
Hər il Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini bir araya gətirir və diqqəti Azərbaycana yönəldir. 39ölkədən 267 şirkətin Bakı Enerji Həftəsində iştirakını təsdiqləməsi foruma yüksək marağın olduğunu göstərir. 1994-cü ildən keçirilən sərgi-konfransın və forumun təşkilinə pandemiya ilə əlaqədar iki illik fasilə verilməsinə baxmayaraq, bu qədər çox iştirakçı adıçəkilən tədbirə marağın yüksək səviyyədə qaldığını göstərdi. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
Bu platforma enerji sektorunda ən qabaqcıl texnologiyaların nümayişi, tərəfdaşlar axtarışı, əlaqələrin qurulması və müqavilələrin bağlanması üçün imkanlar yaradır. Ənənəvi forum dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini, o cümlədən hökumət rəsmilərini, energetika və sənaye nazirliklərini, baş katibləri və titullu beynəlxalq təşkilatların rəhbərlərini bir araya toplayır. Ən əsası, Prezident İlham Əliyevin forumda iştirakı və mühüm açıqlamalar verməsi Bakı Enerji Həftəsinə olan marağı artırır, forum çərçivəsində səsləndirilən fikirlərin uzun müddət diqqət mərkəzində qalmasına şərait yaradır və sonrakı qərarların qəbul olunmasına təsir göstərir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyevbildirib ki, “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Ölkə başçısı deyib ki, “Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi”.
“Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, – deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji həftəsinin açılış mərasimində çıxış edərək bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu qeyd etdi.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizinməsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
İxtiyar Mehdiyev,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri