Mərhum əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov Teleqraf.com-un suallarını cavablandırıb.
- Dünən Azərbaycan ordusu Laçın şəhərinə yerləşdi, yayılan yeni görüntülərdən birində mərhum atanız Məhəbbət Kazımovun "Laçınım" mahnısının səsləndirildiyini gördük, təəssüratlarınızı bilmək istərdik.
- Bəli, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusu Laçın şəhərinə daxil olandan sonra yayılan videolarda Laçında "Laçınım" mahnısı səsləndiyinin şahidi olduq. Bu, çox xoş bir hadisədir. Sevincimiz ikitərəflidir, şəhərimiz öz nəzarətimizə keçdi. Bu, bizim üçün böyük fəxrdir. Torpaqlarımız düşməndən xilas edildi, şəhidlərimizin ruhu şaddır. Hazırda bütün Azərbaycan xalqı, laçınlılar sevinirlər. Mən oğul kimi fəxr edirəm ki, Məhəbbət Kazımovun oğluyam. Azərbaycan Ordusunun Laçında "Laçınım" mahnısını oxumağı gözəl bir hissdir. O görüntüyə baxanda gözlərim dolur.
- Məhəbbət Kazımovun ən böyük arzusu Laçına getmək idi...
- Atam yaşasaydı, müharibə başlayan gündən əsgərlərimizin yanında olardı. Çünki bunu Birinci Qarabağ müharibəsində görmüşük. Azərbaycanda müharibə vaxtı ən çox əsgərlərə konsert verən, onlarda ruh yüksəkliyi yaradan Məhəbbət Kazımov olub. Bunu tək mən deyil, hamı deyir. Əminəm ki, Laçının azad olunduğunu görmək nəsib olsaydı, evə gəlməzdi, çadır da olsa ölənə kimi Laçında yaşayardı.
- Heç Laçınla bağlı arzularını dilə gətirirdi?
- Laçınla bağlı çox arzuları var idi. Ən böyük arzusu laçınlılar kimi öz doğma yurduna gedib, orada yaşayıb-ölmək idi. Amma Laçının işğaldan azad edilməsini görmək üçün ömrü vəfa etmədi. Bilirəm ki, Laçının azad edilməsini görsəydi, burada qalmazdı.
- Bəs siz Laçında yaşamaq istərdinizmi?
- Biz Laçına getməliyik. Bu, hamımızın arzusudur. Yaşayış başladıqdan sonra ailəmlə Laçına gedəcəyəm. Biz məcburi köçkün deyildik, Bakıya müharibədən əvvəl gəlmişdik. Allahın köməyi ilə hər şey həll edildikdən sonra öz vəsaitimizlə ev tikdirib, ömürlük orada yaşayacağam.