Eldəniz ƏKBƏROV,
Narlıq kənd tam orta məktəbinin müəllimiLaçın rayonunun azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürü kimi qiymətləndirilməlidir. Bu zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər və zabitlərinin müqəddəs və doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq və tükənməz Vətən sevgisi ilə son damla qanlarına kimi qəhrəmancasına vuruşmalarının əyani təzahürüdür.
Laçın işğaldan azad olunmasının birinci ilini azadlıqda qeyd edir. Şuşanın ardınca Laçının da işğal tarixini azadlıqda qeyd etməsinin sevincini, fəxarətini bizə 44 günlük Vətən müharibəsi, həmin müharibədə canlarını torpaqlarımız uğrunda fəda edən qəhrəmanlarımız yaşatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə düşmənə sarsıdıcı zərbələr vurub onu kapitulyasiyaya məcbur edən Azərbaycan Ordusu Laçında bir güllə atmadan onu azadlığına qovuşdurdu. İndi hər bir azərbaycanlı Şuşa kimi Laçının da azad olması ilə qürur duyur.
44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr Bəyanatına uyğun olaraq, dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edilib. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini də işğalçılardan təmizləmişdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından sonra Ermənistan kapitulyasiya elan etdi. Beləliklə də, noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Beləliklə də, Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən qaytarılması, rayonun işğaldan azad olunması tarixi hadisədir. Laçın rayonu Ağdam və Kəlbəcər kimi bir güllə atmadan, bir şəhid vermədən işğalçılardan təmizləndi, azad olundu. Azərbaycan hökuməti qarşısında duran mühüm vəzifələrdən biri bundan sonra qayıdışı təmin etməkdir. Artıq bu istiqamətdə işlər başlanılıb, azad olunmuş ərazilərdə bərpa, tikinti işləri görülməkdədir. Heç şübhə yoxdur ki, qısa zamanda azad olunmuş rayonların sakinləri doğma yurd-yuvalarına qayıdacaqlar.