Mağazaların adları: “AQAT”, "CHARMEN", “HERMES”, “KAROLİNA” - AXI NİYƏ?!
- 10.02.2022, 22:39, Baxış sayı:
- 8620
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda hansı obyektlərin adları Ana dilimizin qanunlarına, habelə reklam qaydalarına uyğun gəlmir? – ARAŞDIRMADövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi
7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.
Bəziləri elə bilir ki, mağaza adını başqa dildə yazdırmaqla daha çox müştəri cəlb edəcək, ona görə də öz dilimizə qarşı sayğısızlıq göstərirlər.
Rayonumuzda müxtəlif mağaza adlarının xarici dillərdə olması hər birimizə tanış mənzərədir. “AQAT”, “CHARMEN”, “HERMES”, “SOEL”, “RELAX”, “İZOLLA” və.s kimi onlarla obyektlər var. Küçədə bu adları oxuyan şəxs özünü harada hiss edə bilər? Yəqin ki, xaricdə...Təəssüf ki, belə hallarla yeni tanış deyilik. Əvvəllər də xarici dildə adlara üstünlük verilirdi. Əlbəttə, xarici dil bilgisinin olması təqdir olunan haldır. Lakin rayonumuzda az qala addımbaşı hər mağazaya əcnəbi adın verilməsi təəssüf və sual doğurur.
Bu durum əsasən vətəndaşlıq mövqeyindən asılıdır. Bəziləri elə bilir ki, mağaza adını başqa dildə yazdırmaqla daha çox müştəri cəlb edəcək, ona görə də öz dilimizə qarşı sayğısızlıq göstərirlər. Mövzu ilə əlaqədar ciddi qınaq lazımdır.
“Muğanın səsi” olaraq Ana dilimizin qanunlarına və reklam qaydalarına uyğun gəlməyən əcnəbi adların bir qismini sizə təqdim edirik:
H. Əliyev prospektində yerləşən “AQAT” zərgərlik mağazası, “CHARMEN”, “HERMES” geyim, “SOEL” parfum mağazaları, “RELAX” avtoyuma məntəqəsi, “Diamond line” plastik qapı - pəncərə sistemləri mağazası.
İ.İsgəndərov küçəsində yerləşən “PANDA”, “KOROLİNA”, “İZOLLA” və "VALENTİNO” geyim mağazaları.
20 yanvar küçəsində yerləşən “LaLiga” topdan və parakəndə satış mağazası.
Sabirabadda onlarla belə obyektlər var. Sadəcə bir neçəsinin adını çəkməklə kifayətləndik.
“Dövlət dili haqqında” və "Reklam haqqında” Qanuna görə mağaza adları, ünvanlar, xidmət və ticarət obyektlərinin adları yalnız Azərbaycan dilində olmalıdır. Əgər xarici dildə yazılırsa, ana dilində yazılan adlardan sonra yazılmalı və ondan böyük yer tutmamalıdır. Bundan əlavə “Dövlət dili haqqında” Qanunun 17-ci maddəsində də bu istiqamətdə bir sıra məsələlərə aydınlıq gətirilib: Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunmalıdır
Lakin yuxarıda adlarını sadaladığımız və bu kimi digər mağaza və obyektlərin əcnəbi adları dilimiz üçün qəbahət olması ilə yanaşı, onun qayda-qanunlarına da uyğun deyil. Bəs görəsən məsələylə bağlı əlaqədar qurumlar hansı tədbirləri görürlər?
Ümid edirik ki, yaxın zamanlarda Sabirabad şəhərinin görünüşünə və dilimizə xələl gətirən əcnəbi adlar dəyişdirilərək ana dilimizdəki uyğun sözlərlə əvəzlənəcək.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”