RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK
Vətən hər bir insanın ayrılmaz parçasıdır. Vətən atadır, anadır, namusdur, qeyrətdir, qürur yeridir. Vətən müharibəsində igid oğullarımız qanından, canından keçərək Qarabağ torpaqlarını düşməndən azad etmişlər.
Bu günlərdə Sabirabad rayonunun Surra kəndində Vətən müharibəsinin şəhidləri Firavan Əsgərovun və Bəxtiyar Mayılovun ailələrinə baş çəkdik. Şəhidlərin ataları, digər yaxınları ilə həmsöhbət olduq.
Firavan Əsgərovun atası Xanbala kişi sadə əmək adamıdır. Öz halal zəhməti ilə dolanır. 2 övlad; 1 oğul, 1 qız atasıdır. Firavan Əsgərov 2001-ci il martın 14-də doğulmuşdu. 19 ay idi ki, hərbi xidmətdəydi.
Şəhidin atası Xanbala Əsgərovla söhbət zamanı Firavan haqqında bunları söylədi:
-Oğlum xüsusi təyinatlılarda kəşfiyyatçı-rabitəçi idi. Bir sıra döyüşlərdə igidliklə vuruşub. Oktyabrın 20-də Hadrut istiqamətində gedən əlbəyaxa döyüşlərdə igidliklə şəhid olub. Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşməndən azad edildi, erməni faşistləri geri oturduldu, Böyük Qələbə qazandıq, şəhidlərimizin qanı yerdə qalmadı.
Şəhidin əmisi Xanoğlan Əsgərov vurğuladı ki, qardaşoğluna orta məktəbdə dərs demişəm. Hələ o vaxtı Firavanın qəlbində Vətən məhəbbəti çox yüksək idi. Həmişə deyirdi ki, Azərbaycanın Qarabağ boyda bir dərdi var. Mən elə bilirəm ki, Vətənimizin yaraları sağalmamış, üzərimizdən bu ləkə götürülməmiş biz özümüzü xoşbəxt hesab edə bilmərik. Alnımıza vurulmuş Qarabağ boyda damğa var, qəlbimizin başında Vətən həsrəti, yurd yanğısı var. Bundan da böyük dərd olarmı? Qarabağımızı erməni faşistlərindən xilas etməliyik. Şükür, onun arzuları həyata keçdi, igid döyüşçülərimizin canı, qanı bahasına Vətənimiz düşmən tapdağından xilas edildi. Firavanın haqqında keçmiş zamanda danışmaq, varlığını xatirələrlə anmaq nə qədər çətin olsa da, xatirəsi xoş təəssüratlarla anılmaqla, həmişə qəlbimizdə yaşayacaqdır.
Vətən müharibəsində şəhid olmuş Bəxtiyar Mayılov 1995-ci il aprelin 14-də doğulmuşdu. Ağdamda hərbi xidmətdə olmuşdu.
Şəhidin atası İxtiyar Mayılov dedi ki, 3 uşaq: 1 qız, 2 oğul böyütmüşük. Bəxtiyar bunların ən zirəyi idi. Həmişə deyirdi ki, əsgərlik kişilik məktəbidir. Səfərbərlik olanda Bəxtiyar döyüşə könüllü yollandı. Qəhrəmanlıq göstərərək şəhid oldu.
Şəhidin əmisi Hacı Ələsgər isə bizə bunları dedi:
-Xoşbəxt o insandır ki, adı, ünvanı el arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el sevgisi qazanır, xalqın istəklisinə çevrilir, hamı-böyüklü-kiçikli xətir-hörmətini saxlayır, adı çəkiləndə onun haqqında deməyə xoş söz tapır. Həmin insanların ömürlərindən çoxlarının ömrünə işıq düşür. Doğrudan da Bəxtiyar balamız el sevgisi qazandı, hamıya nümunə olacaq fərqli bir ömür yaşadı. O, indi təkcə bizim yox, hamının övladıdır.
Bəxtiyarın atası da, əmisi də bildirdilər ki, rəşadətli Azərbaycan Ordusu qələbəni qısa müddətdə təmin etdi. Xalqımız ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşib.
Hər iki Vətən şəhidi ölümündən sonra ölkə rəhbərliyi tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edildi.
Şəhidlər ölməz, Vətən bölünməz. Ruhunuz qarşısında baş əyirik, Vətən şəhidləri. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.
Elçin NƏSİB