Vermə, dünyaları alsan da, bu cənnət Vətəni!
Ruhunuz qarşısında baş əyirik
Heç kəs unudulmur, heç nə yaddan çıxmır. Öz canlarını Vətənin azadlığı, bizim bu günümüz, sabahımız naminə qurban verənlərdən yüz il, min il bundan sonra da danışılacaqdır. Biz erməni qəsbkarları ilə ölüm-dirim savaşında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn igidləri dönə-dönə xatırlayacağıq.
Şahlar Cəfərov və Elnur Tağıyev Vətəni düşünüb, xalqı düşünüb faşist qiyafəli erməni quldurlarına qarşı Sabirabad rayonunun Xəlfəli kəndindən bu il sentyabrın 29-da döyüşə yollanmışdılar. Başqa cür ola da bilməzdi. Axı, Vətən darda idi. O, əcdadlarımızın, övladlarımızın məskənidir. Vətənsiz biz kimik? Bircə quru daş. Onlar da erməni qəsbkarlarının Vətənimizə, xalqımıza qarşı qanlı yürüşündən, qadınları, qocaları, körpələri vəhşicəsinə qətlə yetirmələrindən qəzəblənərək düşməndən qisas almaq, torpaqlarımızı murdar ermənilərdən xilas etmək məqsədilə silaha sarılmışdılar. Döyüşlərdə igidliklə vuruşaraq şəhid olmuşlar.
Xəlfəli kəndində şəhid ailələrinə baş çəkdik. Mayor Şahlar Cəfərov 1975-ci il iyunun 5-də anadan olmuşdu. Ehtiyatda olan zabit idi. Atası Fəzail kişi dedi ki, digər oğlum polkovnik-leytenant Bahadur Cəfərov da ordudan tərxis edilmişdi. Səfərbərlik olanda döyüşə yollandı. Bundan başqa, Şahların böyük oğlu Seyfi Cəfərli də döyüş əməliyyatlarında iştirak etmişdir.
Elnur 1997-ci il iyunun 10-da Aydın və Səkinə Tağıyevlərin ailəsində dünyaya gəlmişdi. Üç bacının bir qardaşı idi. Anası Səkinə xanım dedi ki, Elnur mərd, vətənpərvər oğul idi. Şamaxıda tikintidə çalışırdı. Səfərbərlik olan kimi döyüşə yollandı.
Bacısı Vüsalə xanımın dediklərindən:
-Elnur idmanla məşğul olurdu. Güləşçi idi. Dəfələrlə yarışlarda birinci yerə çıxmış, mükafatlara layiq görülmüşdü. Onunla fəxr edir, qürur duyuram.
Şəhidlərin valideynləri bizimlə söhbət zamanı vurğuladılar ki, ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə qazanaraq şəhidlərin qanını yerdə qoymadı. İndi onların ruhu şaddır...
..Ruhunuz qarşısında baş əyirik, igid eloğulları, Vətən şəhidləri. Siz az yaşadınız, ancaq mənalı yaşadınız. Həyatınız qəhrəmanlıq dastanlarına çevrilib ürəklərə axdı. Siz elə yaşadınız ki, öləndən sonra da ölmədiniz. İllərin arxasından boylanıb boya-başa çatdığınız Xəlfəli kəndinə daimi sakin kimi qayıtdınız... Elçin NƏSİB.