Onlar Vətən uğrunda döyüşmüşlər-Nadirov Siyasət Kamil oğlu
- 25.12.2020, 10:15, Baxış sayı:
- 1435
Facebook
Вконтакте
Одноклассники
Google+
Ruhunuz qarşısında baş əyirik
Böyük Zəfəri xalqımıza daddıran, bizə sonsuz qürur və fəxr hissi bəxş edən igid hərbçilərimizdir. Vətən Müharibəsinin cəsur döyüşçülərindən biri də şəhid Siyasət Kamil oğlu Nadirovdur. Siyasət Nadirov 2001-ci il fevralın 18-də Sabirabad rayonunun Şəhriyar kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən vətənpərvərliyi ilə seçilib. Siyasət Nadirov Şəhriyar kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Göranboydakı “N” saylı hərbi hissədə əsgəri xidmətini başa vurmuşdu, evə dönəsiydi.
Siyasət Nadirov Vətən müharibəsi başlandığı gündən döyüş əməliyyatlarına qatılıb. İgid əsgər kimi vuruşub. Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin anası Məmləkət xanım 9 uşaq böyüdüb boya-başa çatdırıb. Həyat yoldaşı rəhmətə getdiyindən övladlarını təkbaşına böyüdüb. Siyasət Nadirov ailənin sonbeşiyi idi.
Şəhidin böyüyüb boya-başa çatdığı Şəhriyar kəndində olarkən Məmləkət xanım bizə bunları söylədi:
-Azərbaycan Ordusu bütün dünyaya igid oğullarmızın necə döyüşkən ruhlu olduğunu isbat etdi. Siyasət də Vətənə olan borcunu layiqincə yerinə yetirdi. Döyüş yoldaşları oğlumun qisasını artıqlaması ilə aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımız erməni faşistlərinin işğalından azad edildi. Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində möhtəşəm qələbə qazandıq.
Şəhidin bacısı oğlu Kamil Xəlilov isə vurğuladı ki, dayım həmişə bizə Vətənə məhəbbətindən danışırdı. Bizi də vətənpərvər olmağa çağırırdı. Deyirdi ki, Vətənini qoruya bilməyən ailəsini də qoruya bilməz. Biz onunla fəxr edir, qürur duyuruq.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Elçin NƏSİB