Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev respublikanın ali məktəblərinə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.
Öncə tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq məmləkətimizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə məlumat verib və tələbələri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Valideynlərdən şəhid Mətləb Cəfərovun həyat yoldaşı Vüsalə Cəfərova, İntizar Nərimanova, rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Görüşdə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar çıxış edərək bundan sonra da daha fəal çalışaraq yüksək biliklər qazanacaqlarını və Azərbaycanımızın adını daima zirvələrə daşıyacaqlarını bildiriblər.
Təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş tələbələrə Fəxri fərman və hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
“Muğanın səsi”