Vətən müharibəsi şəhidi baş leytenant Mətləb Cəfərovun oğlu, Sabirabad şəhər Nəriman Nərimanov adına məktəb-liseyin məzunu Hüseyn ali təhsil müəssisələrinə qəbul imtahanında 611 bal toplamışdır. O, ADA Universitetinin İnformasiya Texnologiyaları fakültəsində təhsil almağı planlaşdırmışdır.
İdarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, yaxınları, dostları, rayon ictimaiyyətinin nümayəndələri Hüseyni təbrik etmək üçün Sabirabad şəhərindəki “Şam” şadlıq sarayında bir araya gəlmişdilər.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Əvvəlcə Hüseynin anası Vüsalə Cəfərova tədbir iştirakçılarını salamlamış, oğluna dəstək verildiyinə görə minnətdarlığını bildirmişdir. Hüseynin sinif və fənn müəllimi Musa Ələkbərov şagirdinin müsbət xüsusiyyətlərindən bəhs edərək onun çox savadlı gənc olduğunu vurğulamışdır. Bildirmişdir ki, Hüseyn rayon və respublika səviyyəsində olimpiadalarda da iştirak etmiş, qalib olmuşdur. O, Hüseyni təbrik etmiş, uğurlar diləmişdir.
Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin atası Telman Mirzəyev, Vətən müharibəsi şəhidi Babək Ənnağıyevin atası Oqtay Ənnağıyev, qazi Zahir Məmmədov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şəbəsinin sədri Faiq Hüseynov, Mil-Muğan Regional Təhsil İdarəsinin sektor müdiri Pəhlivan Qarayev, şəhid Mətləb Cəfərovun iş yoldaşları adından Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin təmsilçisi Mirbəşir Ağayev, Hüseynin nənəsi Nərgiz Cəfərova, qohumu Mirnizami Ağayev, BDU-nin 2001-ci il məzunları-Vüsalə Cəfərovanın tələbə yoldaşları Hüseyni təbrik etmiş, ona gələcək həyat yolunda uğurlar arzulamışlar.
“Muğanın səsi”