• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ağazeynal Zeynalov: “Vətən müharibəsinin şəhidi nəvəm Aqil Zeynallı ilə fəxr edirəm”

  • 24.05.2022, 09:31, Baxış sayı:
  • 494
Ağazeynal Zeynalov 1940-cı il mayın 5-də Sabirabad rayonunun Axtaçı-Muğan kəndində dünyaya göz açıb. Yaşadığı illərdə dünyanın çox üzünü görüb. Uzun illər “Qələbə” kolxozunda suçu işləyib. Taxıl, pambıq sahələrini suvarıb. Böyük hörmət sahibi olan Ağazeynal Zeynalov çalışdığı hər sahədə həmişə zəhmətsevərliyi, yorulmazlığıyla seçilmişdir. O, dəyərli məsləhətləriylə, sözünün ötkəmliyi və urvatıyla çox müşkül məsələlərin həllinə nail olur.
Maşallah, gümrahdır. Heç deməzsən 82 yaşı var. Son dərəcə səmimi və mehriban, söhbətcil, şirindil insandır. Adam onun şirin, cazibəli söhbətindən yorulmur. Söhbətlərinə qulaq asmaq üçün bu il may ayının 5-də-doğum günündə Ağazeynal kişigilə qonaq getmişdik. Ondan soruşanda ki, “özünüzü necə hiss edirsiniz?”
O, təşəxxüslə cavab verdi:
-Qocalığıma baxmayın, canım hələ suludur. Özüm də qıvrağam...
Ağazeynal Zeynalov həm də mehriban ailə başçısıdır. Həyat yoldaşı Tamam xanımla 11 övlad böyüdərək Vətənə məhəbbət ruhunda tərbiyələndirmişlər. Tamam xanım “Qəhrəman ana” adına layiq görülmüşdür. O, 2013-cü ildə dünyasını dəyişmişdir.
Ağazeynal Zeynalov indi böyük bir sülaləyə başçılıq edir. 18 nəvəsi, 20 nəticəsi, bir kötücəsi var. Çoxu da pərvazlanıb, özünə yurd-yuva qurub... İndi bir çıraq neçə yerə işıq saçır, nur çiləyir. Şirvandan, Saatlıdan üzü bəri neçə yerdə Ağazeynal kişinin evi var, məskəni var...Övladlarının hamısı çörəklidir.
Ağazeynal kişi Vətən müharibəsinin şəhidi Aqil Zeynallının babasıdır. Onunla birgə yaşayan sonbeşik oğlunun övladıdır. Aqil Zeynallı 1997-ci il noyabrın 5-də sadə bir kəndli ailəsində dünyaya göz açmışdı. Valideynləri ilə söhbətdən sonra bir daha aydın oldu ki, Aydın kişi, Sədaqət xanım üçün Aqil iftixar etdikləri, fərəhləndikləri övlad idi. Əsgərlik həyatını başa vurduqdan sonra xüsusi təyinatlılarda 6 ay kursda olaraq müddətdən artıq hərbi xidmət keçirdi. Vətən müharibəsi başlayan kimi döyüşə yollanmışdı. Düşmənə qarşı ən ağır döyüşlərin iştirakçısı olan gizir Aqil Zeynallı xüsusi təyinatlılarda snayperçilərin komandiri kimi, Qarabağ uğrunda gedən ölüm-dirim mübarizəsində bir çox qəhrəmanlıqlar göstərmişdir. Dəfələrlə düşmənə sarsıdıcı zərbələr endirmiş, həmişə qabaqda getmişdir. Fiziki cəhətdən güclü olduğundan yaralı silahdaşlarını, şəhidləri çiynində daşımış, döyüş zonasından çıxarmışdır. Lakin növbəti döyüş zamanı Daşaltıda hərbi vəzifəni yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Babası Aqil haqqında bunları söylədi:
-Rəhmətlik bir dəfə mənimlə söhbət zamanı bildirdi ki, Vətən əsgəri oldun, gərək vicdanla xidmət edəsən. Paklıq, saflıq, mənəvi təmizlik, daxili zənginlik ən böyük həyat amalı idi. Oruc tutub, namaz qılırdı. Hələ ailə qurmamışdı...Qəhrəmanlığına görə ölkə rəhbəri tərəfindən bir sıra orden və medallarla təltif olunmuşdur. Mən nəvəmlə fəxr edirəm...
Söhbətimizə Aqilin ana babası Ağamusa Qasımov da gəlib çıxdı. Onun nəvəsi haqqında dediklərindən:
-Aqil xeyirxah bala idi. İlk maaşını alanda məscidlərə yardım etmişdi. Kasıblara, imkansızlara kömək əli uzadırdı...
Babalarla söhbət zamanı eyni zamanda xüsusi vurğuladılar ki, ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşməndən azad edildi, erməni faşistləri geri oturduldu, böyük Qələbə qazandıq, şəhidlərimizin qanı yerdə qalmadı...
Söhbətimizin şirin yerində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, Güdəcühür və Şəhriyar kənd inzibati ərazi dairəsinə daxil olan qurumların rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri də Ağazeynal kişigilə təşrif buyurdular. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Mirzəliyev rayon rəhbəri Siraqəddin Cabbarovun salamını Ağazeynal Zeynalova çatdırdı. Sonra ad günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və qiymətli hədiyyəni ona təqdim edərək, Ağazeynal Zeynalova möhkəm can sağlığı arzuladı.
Ağazeynal Zeynalov onun timsalında qocalara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.
Tədbir iştirakçılar bir daha Aqil Zeynallının döyüş yolundan, qəhrəmanlığından danışdılar, igid şəhidə Allahdan rəhmət dilədilər.
Axtaçı kənd ümumi orta məktəbin direktoru, Vətən müharibəsinin iştirakçısı Məndil Haqverdiyev Vətən müharibəsinin şəhidi Aqil Zeynallının ailəsinə ünvanladığı məktubu oxudu. Həmin məktubdan sətrlər: “Bu sözləri oxuyursunuzsa, deməli, mən şəhid olmuşam. Dua edəndə həmişə deyirdim ki, qismətimdə ölüm varsa, şəhidlik qismətim olsun. Mənim üçün narahat olmayın. Arzuladığım yerdəyəm. Ailəmə demək istəyirəm ki, mənə görə ağlamayın. Ata, mən həmişə səni özümə örnək bilmişəm. Çalışmışam ki, sənin kimi güclü, səbrli, soyuqqanlı olum. Ana, sən mənim də, qardaşımın da çox əziyyətini çəkmisən. Həmişə zəhmətkeş olmusan. Mənim üçün ağlama, narahat olma. Onsuz da hamımızın axırı axirətdir. Allah hamımızın günahını bağışlasın. Baba, səbrli ol. Sənin nəvən həm hərbi xidmətdə, həm də həyatda örnək olub. Heç narahat olmayın. Mən həmişə sizlərə dua etmişəm. Hamınız haqqınızı halal edin. Qardaşım, mən həmişə səninlə fəxr etmişəm. Yaxşı ki, qardaşımsan. Çalış həmişə evdəkilərdən muğayat ol. Mənim yoxluğumu hiss etdirmə. Ürəyimdə sizlərə o qədər sözlərim var ki...Amma bunların hamısını yaza bilmirəm. Həmişə çalış xeyirxah ol. Qardaşım, inşallah, oğlun olsa, mənim adımı qoyarsan.
Mən hərbiyə gələndə, xüsusi təyinatlı olanda əvvəldən bilirdim ki, burada ölüm var. Hətta yuxumda şəhid olduğumu da görmüşdüm. Mənim də qismətimdə bu imiş. Mən həmişə öz işimlə, hərbçi olmağımla, ailəmlə fəxr etmişəm. Buradakı yoldaşlarımla həmişə arzulamışıq ki, gedək döyüşək, uzun illərin zülmünə son qoyaq, şərəfsiz ermənilərin başını əzək. Lazım gəlsə, canımızdan keçək, Allahın köməkliyi ilə torpaqlarımızı xilas edək. Hamınızı çox istəyirəm. Vətən sağ olsun!”
Həmin məktubu Aqil yazıb döyüş yoldaşlarına veribmiş ki, şəhid olsa, ailəsinə çatdırsınlar. Onlar Aqilin yasında iştirak edərkən məktubu atasına vermişlər. Döyüş yoldaşları öz silahdaşları haqqında fikirlərini izah edərkən məlum olmuşdur ki, əslində Aqilin döyüş yolu olduqca zəngindir. Bir-iki səhifəlik yazıya sığan deyil...
Sonra tədbir iştirakçıları Aqil Zeynallının məzarını ziyarət etdilər. Onun əziz xatirəsi ehtiramla yad olundu, məzarı üzərinə gül dəstələri düzüldü.

Elçin NƏSİB,
“Muğanın səsi”


Fotoda: Şəhid Aqil Zeynallının babaları - Ağazeynal və Ağamusa
Ağazeynal Zeynalov: “Vətən müharibəsinin şəhidi nəvəm  Aqil Zeynallı ilə fəxr edirəm”

Ağazeynal Zeynalov: “Vətən müharibəsinin şəhidi nəvəm  Aqil Zeynallı ilə fəxr edirəm”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter