Faşizmlə müharibənin dəhşətlərini taleyində yaşamış mərd Azərbaycan övladlarından biri də Sabirabad rayonunun Minbaşı kənd sakini Bəhmən Teymur oğlu İsmayılovdur. O, Böyük Vətən müharibəsinin Sabirabaddan olan yeganə sağ qalmış döyüşçüsüdür. Bu günlərdə veteran Bəhmən İsmayılovla həmsöhbət oldum.
Öyrəndim ki, Bəhmən İsmayılov 1924-cü il iyulun 1-də Qərbi Azərbaycanın Artaşat rayonunun Çilləxanlı kəndində doğulmuşdur. 1932-ci ildə Çilləxanlı kənd natamam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1941-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir.
Bəhmən İsmayılov 1942-ci ilin sentyabrında cəbhəyə yollanmışdır. Xarkov uğrunda gedən döyüşlərdə yaralanmışdır. 1943-cü ildə Böyük Vətən müharibəsinin II qrup əlili kimi ordudan tərxis olunmuşdur.
Bəhmən İsmayılov müharibədə mərdlik, fədakarlıq, qəhrəmanlıq göstərdiyinə görə orden və medallarla, döyüş mükafatları ilə təltif edilmişdir.
Bəhmən İsmayılov müharibədən qayıtdıqdan sonra 1944-cü ildə doğma kəndlərindəki kolxozda həm partiya təşkilatının katibi, həm də hesabdar kimi çalışmışdır. 1947-ci ildə kənd sovetinin sədri işləmişdir.
Atası rəhmətlik Teymur İsmayıl oğlu və anası Sona Abdı qızı arxa cəbhədə fədakar fəaliyyətlərinə görə Stalin medalına layiq görülmüşlər.
Onların ailəsi digər həmvətənlərimiz kimi 1950-ci ildə Ermənistandan deportasiya olunmuşdur. Ailə Sabirabad rayonunun Minbaşı kəndində məskunlaşmışdır.
Bəhmən İsmayılov 1951-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kursuna göndərildikdən sonra məsul vəzifələrdə çalışmış, rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O, Minbaşı kənd Sovetinin sədri işləmişdir. “ Partiyanın XX qurultayı” kolxozunun baş iqtisadçısı olmuşdur.
Bəhmən İsmayılov həm də mehriban ailə başçısıdır. Həyat yoldaşı Xanımzər Yusif qızı ilə 10 övlad böyüdərək Vətənə məhəbbət ruhunda tərbiyələndirmişlər. Xanımzər xanım “Qəhrəman ana” adına layiq görülmüşdür. O, 2007-ci ildə dünyasını dəyişmişdir.
Böyük hörmət sahibi olan Bəhmən İsmayılov çalışdığı hər sahədə həmişə zəhmətsevərliyi, yorulmazlığıyla seçilmişdir. O, dəyərli məsləhətləriylə, sözünün ötkəmliyi və urvatıyla çox müşkül məsələlərin həllinə nail olur.
Bəhmən İsmayılov keçdiyi şərəfli döyüş yolundan söhbət açmış, onun timsalında veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.
O, eyni zamanda vurğulamışdır ki, ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşməndən azad edildi, erməni faşistləri geri oturduldu, Böyük Qələbə qazandıq, şəhidlərimizin qanı yerdə qalmadı.
Bəhmən İsmayılov böyük ailə sahibidir, hazırda böyük bir sülaləyə rəhbərlik edir. 36 nəvəsi, 43 nəticəsi, 5 kötücəsi var. Tez-tez onlar başına toplaşıb müharibədən, keçmiş zəmanədən söhbət açmasını Bəhmən kişidən xahiş edirlər. Təbii ki, zəngin və məşəqqətli tale sahibinin söhbətlərinə heç kim biganə qala bilmir.
Veteranın bir arzusu var: Daha heç kəs müharibə görməsin.
Elçin NƏSİB