“Bu sözləri oxuyursunuzsa, deməli, mən şəhid olmuşam. Dua edəndə həmişə deyirdim ki, qismətimdə ölüm varsa, şəhidlik qismətim olsun. Mənim üçün narahat olmayın. Arzuladığım yerdəyəm. Ailəmə demək istəyirəm ki, mənə görə ağlamayın. Ata, mən həmişə səni özümə örnək bilmişəm. Çalışmışam ki, sənin kimi güclü, səbrli, soyuqqanlı olum. Ana, sən mənim də, qardaşımın da çox əziyyətini çəkmisən. Həmişə zəhmətkeş olmusan. Mənim üçün ağlama, narahat olma. Onsuz da hamımızın axırı axirətdir. Allah hamımızın günahını bağışlasın. Baba, səbrli ol. Sənin nəvən həm hərbi xidmətdə, həm də həyatda örnək olub. Heç narahat olmayın. Mən həmişə sizlərə dua etmişəm. Hamınız haqqınızı halal edin. Qardaşım, mən həmişə səninlə fəxr etmişəm. Yaxşı ki, qardaşımsan. Çalış həmişə evdəkilərdən muğayat ol. Mənim yoxluğumu hiss etdirmə. Ürəyimdə sizlərə o qədər sözlərim var ki...Amma bunların hamısını yaza bilmirəm. Həmişə çalış xeyirxah ol. Qardaşım, inşallah, oğlun olsa, mənim adımı qoyarsan.
Mən hərbiyə gələndə, xüsusi təyinatlı olanda əvvəldən bilirdim ki, burada ölüm var. Hətta yuxumda şəhid olduğumu da görmüşdüm. Mənim də qismətimdə bu imiş. Mən həmişə öz işimlə, hərbçi olmağımla, ailəmlə fəxr etmişəm. Buradakı yoldaşlarımla həmişə arzulamışıq ki, gedək döyüşək, uzun illərin zülmünə son qoyaq, şərəfsiz ermənilərin başını əzək. Lazım gəlsə, canımızdan keçək, Allahın köməkliyi ilə torpaqlarımızı xilas edək. Hamınızı çox istəyirəm. Vətən sağ olsun!”
Bu sətirləri Vətən müharibəsinin şəhidi Aqil Zeynallının ailəsinə ünvanladığı məktubdan götürmüşəm. Onun böyüyüb boya-başa çatdığı Sabirabad rayonunun Axtaçı-Muğan kəndində ailəsinə baş çəkərkən atası, anası qohumları, kənd sakinləri ilə söhbət zamanı məlum oldu ki, həmin məktubu Aqil yazıb döyüş yoldaşlarına veribmiş ki, şəhid olsa, ailəsinə çatdırsınlar. Onlar Aqilin yasında iştirak edərkən məktubu atasına vermişlər. Döyüş yoldaşları öz silahdaşları haqqında fikirlərini izah edərkən məlum olmuşdur ki, əslində Aqilin döyüş yolu olduqca zəngindir. Bir-iki səhifəlik yazıya sığan deyil. Onlar vurğulamışlar ki, düşmənə qarşı ən ağır döyüşlərin iştirakçısı olan kiçik gizir Aqil Zeynallı xüsusi təyinatlılarda snayperçilərin komandiri kimi, Qarabağ uğrunda gedən ölüm-dirim mübarizəsində bir çox qəhrəmanlıqlar göstərmişdir. Dəfələrlə düşmənə sarsıdıcı zərbələr endirmiş, qızğın döyüşlərdə çoxlu erməni quldurunu o dünyaya vasil etmişdir. Həmişə qabaqda getmişdir. Fiziki cəhətdən güclü olduğundan yaralı silahdaşlarını, şəhidləri çiynində daşımış, döyüş zonasından çıxarmışdır. Lakin növbəti döyüş zamanı Daşaltıda hərbi vəzifəni yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Aqil Zeynallı 1997-ci il noyabrın 5-də sadə bir kəndli ailəsində dünyaya göz açmışdı. Valideynləri ilə söhbətdən sonra bir daha aydın oldu ki, Aydın kişi, Sədaqət xanım üçün Aqil iftixar etdikləri, fərəhləndikləri övlad idi. Əsgərlik həyatını başa vurduqdan sonra xüsusi təyinatlılarda 6 ay kursda olaraq müddətdən artıq hərbi xidmət keçirdi. Vətən müharibəsi başlayan kimi döyüşə yollanmışdı.
Aqilin bibisi Zərnigar xanımın dediklərindən:
-Rəhmətlik bir dəfə mənimlə söhbət zamanı bildirdi ki, Vətən əsgəri oldun, gərək vicdanla xidmət edəsən. Paklıq, saflıq, mənəvi təmizlik, daxili zənginlik ən böyük həyat amalı idi. Oruc tutub, namaz qılırdı. Hələ ailə qurmamışdı. İlk maaşını alanda məscidlərə yardım etmişdi. Kasıblara, imkansızlara kömək əli uzadırdı. Onun ölümünə hələ də inanmıram. Mənə yuxu kimi gəlir. Elə bilirəm uzaq səfərdədir, qayıdacaq. Kiçik qardaşı Amil də orduda xidmət edib, igidlikdə qardaşına çəkib.
Vətən şəhidi ölümündən sonra ölkə rəhbəri tərəfindən medallarla təltif edildi.
Aqil Zeynallının əziz xatirəsi şəhid olan bütün soydaşlarımız kimi heç vaxt unudulmayacaq. Qoy ulu torpaqda rahat uyusun.
Elçin NƏSİB.