Fərhad Nadir oğlu Məlikzadə 20 avqust 1997-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində anadan olmuşdu. Hamı kimi böyümüş, orta təhsil almışdı. 2015-ci ildə şəhid Asif Məmmədov adına Osmanlı kənd tam orta məktəbini bitirmişdi. Fərhad Məlikzadə həqiqi hərbi xidməti zamanı dəfələrlə komandirlərin təşəkkürünə layiq görülmüşdü.
Həqiqi hərbi xidmətdən tərxis edildikdən sonra idmanla məşğul olmuşdu. Fərhad Məlikzadə cüdo, güləş, qaydasız döyüş və digər idman növlərində yarışlara qatılaraq qələbələr qazanmışdı. Çox sayda medallar və diplomlarla təltif edilmişdi.
Fərhad Məlikzadənin qanında, iliyində vətəndaşlıq qeyrəti köklənmişdi. Sinəsi Vətən eşqi ilə süslənmişdi. Yaşadığı kəndə, obaya, havasını, suyunu, udduğu, daddığı Vətən təbiətinə, ana Kürə vurğun idi. Bu vurğunluq onu Vətən torpağının aşiqi eləmişdi.
Vətənə sevgisi Fərhad Məlikzadəni 2018-ci ildə müddətdən artıq hərbi xidmət keçməyə sövq etmişdi. Müvafiq kurslardan keçdikdən sonra kəşfiyyatçı kimi xidmətə başlamışdı. Daha sonra xüsusi təyinatlıların 6 aylıq olduqca çətin kursunu bitirmişdi. Sumqayıtda xidmətə başlamışdı.
Fərhad Məlikzadə həmişə deyirmiş ki, tarixən əzəmətli olan məğrur xalqımızın qürürunu heç bir qüvvə sındıra bilməz. Şəhid oğullarımızın timsalında gerçəkləşən məğrurluq simvollarımızın haqq işi uğrunda yenilməz mübarizəsini yaşadaraq Vətənimizin ərazi bütövlüyünü bərpa edəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Onda Vətən göylərində dil-dil ötən şəhid könüllərinin pıçıltıları da aram olacaq, dinclik tapacaqdır.
Bəli, Vətən sevgisinə tapınanlar həyatda həmişə yenilməz olurlar. Vətən müharibəsi başlayanda Fərhad da hər bir qəhrəman Vətən oğlu kimi ön xəttə yollanmışdır. Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə qatılmışdır. Bir çox kənd və qəsəbələrin azad olunmasında yaxından iştirak etmişdir. Həmin döyüşlərin birində yaralanmışdır. Müalicə aldıqdan sonra yenidən döyüşə yollanmışdır.
Daha sonra Fərhad Məlikzadə Şuşa istiqamətində döyüşlərdə iştirak etmişdir. Şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərmişdir. Şuşa şəhəri uğrunda düşmənlə əlbəyaxa döyüşdə igidliklə vuruşaraq canından çox sevdiyi Vətəni yolunda qəhrəmancasına şəhid olmuşdur.
Fərhad Məlikzadə kimi yenilməz oğulların qeyrəti sayəsində torpaqlarımızı erməni işğalçılarından azad etdik. Fərhad Məlikzadənin adı isə dilimizdə əzbərə döndü.
Fərhad Məlikzadə noyabrın 12-də doğulub boya-başa çatdığı Osmanlı kənd qəbristanlığında dəfn edilmişdir.
Qəhrəman döyüşçümüz ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah qəni-qəni rəhmət eləsin. Qəbri nurla dolsun.
Elçin NƏSİB