Xalqımız 30 il idi ki, yurd həsrəti, Qarabağ nisgili çəkirdi. Bayram süfrəsi, Novruz tonqalları ətrafına yığışanda belə arzularımız bu həsrətə son qoyulacağı günü görmək olub. Beləcə arzulu illər bir-birinə calandı və nəhayət, Qarabağın işğaldan azad olunması üçün ölkə Prezidenti, Ali Baş Konandan İlham Əliyevin uzun illər apardığı məqsədyönlü siyasət öz bəhrəsini verdi. Qarabağın azadlığı uğrunda sentyabrın 27-dən başlanan 44 günlük müharibə zamanı Ali Baş Komandanın müharibənin simvoluna çevrilmiş dəmir yumruğu, qəhrəman Azərbaycan əsgərinin hünəri qarşısında aciz qalan erməni əsgər və zabitləri hərbi texnikalarını, silah-sursatlarını döyüş meydanında qoyub qaçdılar. Nəhayət, öz Vətənində qaçqına, köçkünə çevrilən bir milyon soydaşımızın həsrətinə son qoyuldu. Böyük zəfərə imza atıldı. Azərbaycan Prezidenti, Ali Baş Konandan İlham Əliyevin uzaqgörən siyasəti , müzəffər ordumuzun misilsiz şücaəti nəticəsində torpaqlarımız düşməndən azad olundu və Bakıda Qələbə paradı keçirildi.
Əfsus ki, qələbə qurbansız olmur. Az müddət ərzində əldə olunan bu böyük Qələbə sinəsini düşmən gülləsinə sipər edən qəhrəman oğullarımızın hünəri hesabına qazanıldı. İgid övladlarımız şəhid olub əbədiyyətə qovuşdu, yaralanıb, sağlamlığını itirib qazi oldular. Bu şərəfli yolda şəhid olan oğullarımızdan biri də rayonumuzun Cəngən kəndindən olan Ismayıl Məmmədovdur.
İsmayıl Fərhad oğlu Məmmədov 1992-ci il martın 10-da Sabirabad rayonunun Cəngən kəndində anadan olub. Cəngən kənd tam orta məktəbini bitirib. Əsgəri xidmətdə olub.
Atası Fərhad Məmmədovun dediklərindən:
- İsmayıl zəhmətkeş övlad idi, əlindən gəlməyən iş yox idi. Hərbçi olmasaydı belə, ən azı gözəl usta olardı. Tərbiyəli olduğu qədər də alicənab idi. Vətənpərvərlik hissi onun hərbi sahəyə meylini artırmışdı. Ona görə də hərbçi oldu. Bütün işlərimə yarayırdı. İsmayılın yas mərasiminə çoxlu sayda döyüş yoldaşları gəlmişdi. Saatlıdan Elvin adlı döyüş yoldaşı hətta onu ölümdən xilas etdiyi üçün atası kimi məndən halallıq istəyirdi. Şamaxıdan, Ağstafadan, Lənkərandan, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsindən və digər rayonlarımızdan olan onlarla qəhrəman oğullar İsmayılın cəsarətindən, şücaətindən xeyli sayda xatirələr söylədilər. İsmayılın dostları deyir ki, biz onu bir balaca tərifləyəndə, atdığı dəqiq atəşə əhsən deyəndə, “Vətəndaşlıq borcumdur”, - deməklə kifayətlənərdi. Tərifi heç sevməzdi. Onun bizdən fərqli cəhətləri çox idi, deyirdilər.
Silahdaşlarının oğlum barədə danışdıqları qəhrəmanlıqla dolu hadisələrə qulaq asdıqca, ürəyimdə başqa bir hiss keçirirdim. Sanki İsmayılı itirməmişdim… Öz-özümə deyirdim: “Fərhad, sən əslində bəxtəvər atasan. İsmayıl sənə bu yaşında gör nə böyüklükdə başucalığı gətirib”… Birdən ayılırdım. Bu halı elə bilirəm ki, bütün şəhid ataları keçirib. Nakam, qəhrəman balalar, yeriniz cənnət olsun!
Dövlətimdən və xalqımdan da razıyam. İsmayıl 44 günlük müharibənin sonuna qədər döyüşüb. Qələbəyə bir neçə saat qalmış tank gülləsinə tuş gəlib. Şərəfli yolda, Vətən yolunda, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olub, İsmayıl. Ailəli idi. Körpə balalarını bizə əmanət qoyub getdi. Cəlalla Lamiyəni. Allahdan möhlət istəyirəm ki, onları da atalarına layiq böyüdüm.
İsmayıl Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində qulluq edib. İkinci Qarabağ döyüşlərinə Tərtərdən başlayıb. Ağdam istiqamətində gedən döyüşlərdə xüsusi fəallıq göstərib. Davamlı olaraq Füzulinin, Cəbrayılın, Qubadlının, Hadrutun, Xudafərinin işğaldan azad olunmasında önəmli rol oynayıb. Daşaltı əməliyyatında, həmçinin Şuşaya daxil olmaq üçün əlbəyaxa döyüşlərdə şücaət göstərib. Əlbəyaxa döyüşlərdə döyüş yoldaşlarının dediyinə görə onlarla düşməni məhv edib. Ölüm qabağı əməliyyatı uğurla başa vuranda İsmayıl: “Nə xoşbəxtəm ki, Şuşanın düşməndən geri alındığı günü görürəm”-dedi. Son kəlməsi də elə bu oldu…
Qəhrəman döyüşçü İsmayıl Məmmədov noyabrın 6-dan 7-nə kecən gecə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikasından açılan atəş nəticəsində əbədiyyətə qovuşmuşdur.
İsmayıl Məmmədov noyabrın 11-də Cəngən kənd qəbristanlığında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad edilməsi uğrunda” , “Şuşanın azad edilməsi uğrunda” medalları ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin!
Rauf QARAYEV,
“Muğanın səsi”