Vətən müharibəsi zamanı qəhrəmanlıq salnaməsinə adını yazan şəhidlərimizdən biri də Qüdrət Həsənovdur.
Qüdrət Səfər oğlu Həsənov 1995 ci il oktyabrın 20-də Sabirabad rayonunun Qardaşkənd kəndində anadan olub. Sabirabad rayonu Nəsimi kəndindəki Rəsul Əhmədov adına tam orta məktəbi 2011-ci ildə bitirib. Uşaq yaşlarından idmana böyük marağı vardı. Daim öz üzərində çalışır, karate ilə məşğul olurdu. Yarışlarda uğurlu nəticələr qazanmışdı.
Qüdrət Həsənov 2014-ci ildə Baki İdarəetmə və Texnologiya Kollecini bitirmiş və həmin ildə də həqiqi hərbi xidmətə yollanmışdı.
Hərbi xidmətdən tərxis olunduqdan sonra 2016-ci ildə ATEF şirkətlər qrupunda əmək fəaliyyətinə başlamışdı. Qüdrət Həsənov tərbiyəli, əməksevər bir gənc idi. İşlədiyi kollektivdə öz davranışı, nizam-intizamı ilə hamının hörmət və məhəbbətini qazanmışdı. Böyük arzularla, qurub-yaratmq həvəsilə yaşayırdı. 2019-cu il iyunun 27-də ailə həyatı qurmuşdu. Qüdrət Həsənov Vətəninə, elinə, obasına, ailəsinə çox bağlı idi...
II Qarabağ müharibəsinə könüllü gedən Qüdrətin ən böyük arzusu Vətən uğrunda şəhadətə qovuşmaq olmuşdur. Qüdrət Həsənov Vətən müharibəsinin 2-ci günündə döyüşə yollanmışdı. Qüdrətin ilk döyüşü Füzuli rayonunda olub. Daha sonra Cəbrayıl rayonunun erməni faşistlərindən alınmasında iştirak edən Qüdrət hər dəfə yeni rayonları azad etdikcə ailəsinə “narahat olmayin, her sey yaxşıdır, Ordumuz dayanmadan irəli gedir”,- deyirdi. Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə girməzdən qabaq həyat yoldaşına “şəhid olsam, anam sənə əmanət”,- deyibmiş. Artıq Qubadlı rayonundan ailəsinə xoş xəbərlər də göndərmişdi. Oktyabrın 29-u Qubadlıdan son mesajını yazmışdı. Qubadlının Ermənistanla sərhəddində düşmənin təxribat-kəşfiyyat qrupunun qarşısını almaq məqsədi ilə döyüşlərə girən Qüdrət çiynindən, bir də ürəyindən iki güllə yarası alaraq qəhrəmancasına şəhid olmuşdur.
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının alınmasında fəal iştirak etmiş Qüdrət Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Digər şəhidlərimiz kimi, Qüdrət Həsənov da büründüyü üçrəngli bayrağımızın və uğrunda qurban getdiyi Vətənimizin müqəddəsliyini qorudu. Qorudu ki, Azərbaycanın müstəqilliyi əbədi olsun.
Allah qəni-qəni rəhmət eləsin. Qəbri nurla dolsun.
O, daim qəbimizdədir.
Elçin XƏLİLOĞLU.