Şəhidlərimiz.
Böyük Zəfəri xalqımıza daddıran, bizə sonsuz qürur və fəxr hissi bəxş edən igid hərbçilərimizdir. Vətən müharibəsinin cəsur kəşfiyyatçılarından biri də şəhid Həsən Səfər oğlu Həsənovdur. 1996-cı ildə Sabirabad rayonunun Quruzma kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən vətənpərvərliyi ilə seçilib. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Mingəçevirdə “N” saylı hərbi hissədə xidmət edib. O, hərbi xidmətdə çalışqanlığı və qayğıkeşliyi ilə əsgər yoldaşlarının və hissə komandanlığının dərin hörmətini qazanıb. Hərbi xidmətini başa vurduqdan sonra Bakıda fəhlə kim çalışıb.
Kəndə gedərək şəhidin ailəsinə baş çəkdim. Şəhidin atası sadə əmək adamırır. Onların ailəsi 1948-ci ildə Qərbi Azərbaycandan deportasiya edilib. Səfər kişi dedi ki, Tovuz hadisələri, general Polad Həşimovun ölümü oğluma çox pis etmişdi. Buna görə də könüllü orduya yazılmışdı. Ötən il sentyabrın 21-də hərbi təlimə çağırılmışdı...
Yasına gələn döyüş yoldaşları dedilər ki, Həsən neçə-neçə silahdaşını düşməndən xilas edib, şəhidləri çiynində daşıyıb. Ahıska türkü Osman bildirdi ki, Həsən olmasaydı, indi mən həyatda yox idim. Onun sayıqlığı sayəsində mən düşmən gülləsindən xilas oldum...
Vətən müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı döyüş əməliyyatlarına qatılıb. O, sonuncu dəfə atası ilə danışanda “Düşmənin dizini yerə qoymuşuq, çox keçməz ki ağ bayraq qaldıracaqlar”,- deyib. Yüksək əhval-ruhiyyə içində danışan Həsən evdəkilərə narahat olmamalarını tapşırıb. Cəbrayıl, Füzuli, Hadrut, Suqovuşan, Zəngilan, Qubadlı uğrunda döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Həsən Vətənə olan borcunu layiqincə yerinə yetirdi. Döyüş yoldaşları daha qəzəblə, qisas hissi ilə döyüşərək Həsənin qisasını artıqlaması ilə aldılar.
Ailədə 4 övlad olublar. Həsən təzə ailə qurubmuş. Həyat yoldaşı Kəmalə xanım dedi ki, Həsən ailəcanlı, çox mehriban idi...
Anası Kifayət xanım isə bildirdi ki, Həsən qeyrətli oğul idi. Qonum-qonşu onun haqqında həmişə yaxşı sözlər danışır. Evə gələndə hamımızı əzizləyərdi...
Vətən şəhidi ölümündən sonra ölkə rəhbəri tərəfindən medalla təltif edildi.
Ruhu şad olsun!
Elçin NƏSİB.