Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi Azərbaycanın 10 illik yolunu müəyyənləşdirir. Növbəti 10 il üçün təsdiqlənən bu Proqramda milli maraqlar və strateji planlamanın vəhdəti, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi, milli prioritetlərin mütləq üstünlüyü, bir sözlə, dövlətin növbəti 5 strateji prioritetlərində öz əksini tapıb. Dövlətimizin iqtisadi uğurları ilk növbədə erməni faşizmi üzərində qələbəmizi reallaşdırdı. Əgər Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən bir dövlət olmasaydı 44 günlük müharibəni belə unudulmaz qələbə ilə başa vura bilməzdik. Bu dünya hərb tarixinə qızıl hərflərlə yazılan qələbə olmaqla bərabər, həm də iqtisadiyyatımızın dayanıqlı, xalqın yekdil, ordumuzun güclü olduğunu göstərdi. Məhz Milli Prioritetlərdə əksini tapan əsas vəzifə qüdrətli dövlətin və yüksək rifah cəmiyyətinin yaradılmasıdır ki, bu da ilk növbədə iqtisadi inkişafın təmin edilməsinə, insanların sosial - rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Azərbaycanın yeni sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər dərinləşmiş islahatların növbəti 10 ildə də davam etdiriləcəyindən xəbər verir, ən əsası isə Sərəncamda azad olunan ərazilərin sosial - iqtisadi inkişafının nəzərdə tutulması öz növbəsində həmin yerlərin inkişafına əvəzsiz töhfələr verəcəyi vurğulanıb.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq. Eyni zamanda rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır. Bu bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Milli Prioritetlərdə sosial təminatla bağlı islahatların, o cümlədən pensiya islahatlarının da davam etdirilməsi, minimum və orta pensiya məbləğinin artırılması nəzərdə tutulub. Son 17 il ərzində bu artımlar olub və müavinətlər daxil olmaqla sosial ödənişlərə ayrılan vəsaitlərin həcmində də artımlar olacaq. Bu isə dövlətin hər bir vətəndaşına, o cümlədən pensiyaçıların hüquqlarının daha yaxından qorunması və onların daha çox pensiya almasına imkan yaradacaq. Milli Prioritetlərdən olan Böyük qayıdışın da növbəti on ildə uğurla icra olunacağına əminik. Böyük qayıdışın təmin olunması çərçivəsində hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq.
Bir sözlə, növbəti 10 illik Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq. Qarşıdakı on il ərzində biz ölkə iqtisadiyyatının inkişafı, sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması üçün islahatları davam etdirməliyik. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcək. Dövlət başçımızın dediyi kimi: "Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir".
Elman NURİYEV
Kür və Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi