Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafını yeni mərhələyə çıxaracaq
- 06.02.2021, 14:46, Baxış sayı:
- 471
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamıyla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı hər birimizin ürəyindəndir. Bu proqram dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Milli Prioritetlər dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olmaqla yanaşı, milli maraqlar və strateji planlamanın da vəhdətini təşkil edir. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyənləşdirilməsinə xidmət edən strateji idarəetmə metodu, eyni zamanda, ölkəmizin gələcək inkişaf mənzərəsini də formalaşdırır. Vətən müharibəsində qazanılan Qələbə ilə Azərbaycanda mahiyyət etibarilə yeni inkişaf mərhələsi başlayıb. Heç şübhəsiz, Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imka nlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi-ticari əlaqələrin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşdirilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın qüdrətinin qarşıdakı illərdə daha da artacağına əminlik yaradır. Bu imkanlar isə 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş milli prioritetlərin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsi olmalıdır. Çünki sözügedən Milli Prioritetlər dövlətin, cəmiyyətin və fərdlərin inkişafına xidmət edəcək. Aparılacaq iqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edəcək, həmçinin inkişafdan hər bir vətəndaş bəhrələnəcək. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amil olduğundan iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin olunacaq. Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, 2030-cu ilə qədər həyata keçiriləcək Milli Prioritetlər dayanıqlı rəqabətqabiliyyətli iqtisadiyyatı, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti formalaşdıracaq, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı yaranacaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış baş tutacaq və Azərbaycan təmiz ətraf mühit, “yaşıl artım” ölkəsinə çevriləcək.
Pəhlivan Qarayev
Sabirabad Rayon Təhsil şöbəsinin müdiri