Mövzuya keçməzdən əvvəl baxaq kredit nə deməkdir. Latın dilindən creditum - borc, credere - güvənmək, inanmaq mənasını daşıyır. Bir tərəfin digərindən müvafiq qanunvericiliklə qadağan olunmayan pul, əmtəə/əşyalar aldığı və gələcəkdə kompensasiya (ödəniş) və ya vəsaitlərin qaytarılacağını vəd etdiyi iqtisadi münasibətlər. Əslində kredit iqtisadi öhdəliyin hüquqi formasıdır. Digər sözlə iki tərəf arasında maliyyə münasibətləri nəticəsində bir tərəf pul təklif edir, ikincisi onları müəyyən bir müddət ərzində qaytarmağa söz verir. Formaları müxtəlifdir. Kommersiya krediti, bank krediti, borc, lizinq, faktorinq və sair.
Bəs bank krediti nədir?
Banklar haqqında qanunun 1.0.9. maddəsinə əsasən bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir;
Qanunun 1.0.17 maddəsində qeyd edilir ki, kredit təşkilatı - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatdır.
Qanunun 32 maddəsində qeyd edilir ki, Banklar, maliyyə bazarlarına nəzarət orqanından aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:
kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri. Göründüyü kimi bu hüquq banklara verilib. Əsas diqqət istehlak kreditindədir.
Yəni əhaliyə verilən kredit. Onu da bank verir.Bank olmayan kredit təşkilatları haqqında qanunun 1.0.1. maddəsinə əsasən bank olmayan kredit təşkilatı (bundan sonra – BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və bu Qanunla nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilat
Bu qanun 10.1. maddəsinə əsasən kreditlərin verilməsi üçün BOKT maliyyə bazarlarına nəzarət orqanından xüsusi razılıq (lisenziya) (bundan sonra – lisenziya) almalıdır.
Bu qanunun 15 maddəsində qeyd olunur ki, kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər:
15.2.1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);
15.2.2. lizinq;
15.2.3. veksellərin uçotu;
15.2.4. qarantiyanın verilməsi;
15.2.5. sığorta agenti xidmətinin göstərilməsi;
15.2.6. borc alanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.
15.3. Bu Qanunun 15.2-ci maddəsində göstərilən fəaliyyət növləri üçün qanunvericiliklə lisenziyanın alınması tələb olunduqda, BOKT həmin fəaliyyət növləri ilə müvafiq lisenziya aldıqdan sonra məşğul ola bilər.
15.4. BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.
Yuxarıda göründüyü kimi, qanunda istehlak kreditinin verilməsi səlahiyyəti BOKT-lara verilməyib. Yalnız banklara.
Banklarda istehlak krediti ilə bağlı vətəndaşla bank arasında problemlər yaşanır. Bu da əsasən Mülki Məcəllənin 407.2 maddəsi ilə bağlı olur. Vətəndaş qeyd edir ki, mən imza atmamışam kreditə və bunu kimlərsə atıb. Bununla bağlı Konstitutsiya məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarı var. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.
Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır.
Qeyd edim ki, mənim birinci ixtisasım elə bu kreditlə bağlıdır. Kredit müəssisələrində uçot ixtisası, bank mütəxəssisi, kredit mütəxəssisi peşəsi ilə banklarla bütün qeydləri əhatə edirdi. Yəni bizlərə bank, pul, kredit, bank işi və sair dərslər keçirildiyi üçün və bu sahədə mütəxəssisi kimi yetişmək üçün o vaxtı təcrübəyə ölkənin aparıcı banklarından biri olan BUSB Birləşmiş Universal Səhmdar Bank indiki "Kapital bank"a göndərirdilər. Mənim təhsil aldığım il 90-ların sonu 2000-lərin əvvəlinə təsadüf edirdi, amma təcrübə önəmli sayılırdı. Bu baxımdan kreditin indiki kimi ucuz termin olduğu dəbdə deyildi. Kredit deyildikdə artıq yuxarıdakı termin başa düşülürdü. Bu səlahiyyətin bankda olduğu qeyd edilirdi. Kimsə indiki kimi, kiməsə kredit vermək söz söhbətləri yox idi. İndiki halda kimsə kiməsə borc pul verəndə artıq kredit deyir. Borc yox, kredit üstündə faizi ilə. Hətta vəziyyət o yerə gəlib ki, bircə bazarda kartof satan şəxs deməyə başlayır ki, "mən bir kisə kartofu kreditə verirəm". Əslində bu sözün bu qədər işlənməsi həm də, satışın çətin olmasından irəli gəlir. Mal gətirən malını sata bilmədikdə onun pulunun hissə-hissə ödənilməsi üçün malı kreditə verirəm deyir.
Bəs əslində mağazaların telefon, məişət əşyaları və sair məhsulların əhaliyə kreditə satdığı məhsul kredit sayılırmı? Mağazanın vətəndaşa verdiyi malın müqaviləsi borc müqavilə sayılır. Kredit məsələlərinə Mərkəzi Bankın sədridə biz iqtisadçılarla görüşündə xüsusi vurğulamışdı belə yanaşmalara biz ciddi yanaşırıq və bununla bağlı tədbirlər görürük.
Borc müqavilə Mülkü Məcəlləyə əsaslanır. Onun müddüaları daxilindəki qeydlər Mülkü Məcəllə ilə nizamlanır. Malı satan şəxs onu sizə daha yüksək qiymətə satır. Müqavilədə bunu qeyd edir. Müllki Məcəllənin 601-ci maddəsində qeyd olunur ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Əsas məsələ malın mülkiyyət hüququ ilə bağlıdır. Bu da özünü 606 maddədə öz əksini tapır.
Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
Alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz.
Məsələ bununla yekunlaşmır. Biz bununla yanaşı Vergi Məcəlləsinə də nəzər yetirməliyik. Vergi Məcəlləsinin 13.2.10. maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.
Yəni malların təqdim edilməsi üçün mülkiyyət hüququ alıcıya keçməlidir. Bəs gəlir kimi nə vaxt tanınır?Vergi Məcəlləsinin 13.2.12. maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.
Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri.
Rauf QARAYEV, iqtisadçı