“Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın 5-də ömrünün 86-cı ilində vəfat etmişdir. Fikrət Qoca Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən sənətkarlardandır. Şair dərin ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə, poetik forma və ifadə tərzinə özünəməxsus çalarlar qazandırmış, mühüm hadisələr və cəmiyyətdəki mənəvi-ictimai proseslər fonunda insanın daxili aləminin dolğun təsvirinə nail olmuşdur. Mənəvi ucalığa və mənalı yaşamağa səsləyən, insan və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin əsərləri Fikrət Qocanı geniş oxucu kütləsinə sevdirmişdir. Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını almış, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür. Görkəmli şair, qayğıkeş və səmimi insan Fikrət Qocanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır”.
Bu sözlər Prezident İlham Əliyevin Xalq şairi Fikrət Qocanın vəfatı ilə əlaqədar imzaladığı nekroloqdandır.
13 il öncə Xalq şairi Fikrət Qoca ilə səmimi söhbətimiz alındı. Söhbətimizin mövzusu bu gün də aktuallığın saxladığı üçün həmin yazını dərc edirik.
Xalq şairi, “Əməkdar incəsənət xadimi” Fikrət Qoca Azərbaycan poeziyasında öz imzası ilə seçilən sevimli şairimizdir. Ulu Öndərimiz, mərhum Prezidentimiz Heydər Əliyev Fikrət Qocanı yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif etmiş, sonra da şairə göndərdiyi təbrik məktubunda onun böyüklüyünü göstərmişdir.
“Xalqımız Sizi Azərbaycan ədəbiyyatına yenilik gətirmiş nümayəndəsi kimi tanıyır, həyatımızın ən ziddiyyətli, ən kəskin cəhətlərini poetik bir dillə təqdim etməyi bacaran, oxucusunu həmişə düşündürməyə vadar edən bir sənətkar kimi yüksək qiymətləndirir.
Sizin poeziyanızda fəlsəfi düşüncələrlə lirik duyğular bir-birinə qovuşur, bir-birini tamamlayır. Məhz buna görə də istər ən adi məişət məsələsinin təsviri, istərsə də ən ülvü bəşəri hisslərin tərənnümü qələminizin qüdrəti ilə fikir poeziyasına çevrilir”.
Müsahibimiz hörmətli şairimiz Fikrət Qocadır.
- Son zamanlar yazılarınıza az rast gəlirik. Olmaya şair qələmini yerə qoyub?
- Xeyir, şair qələmi yerə qoymayıb ki, siz bizi oxumursunuz. Çünki mənim heç nə olmasa da 6 cilidlik kitabım çıxıb. 4-ü də hazırlanır. “Azərbaycan” jurnalında “Şəhidlər” poeması verilib və bu barədə film də çəkilir. Çox böyük silsilə yazılarım ardıcıl olaraq dərc olunur. Prezidentin sərəncamı ilə kirildən latına köçürülən böyük bir kitabım 2500 tirajla nəşr olunub. Mən oxucularımı başa düşürəm. Çünki, bu kitabdan başqa digər kitablarım az tirajla nəşr olunub. Mən çox vaxt yazılarımı “Ədəbiyyat” qəzetinə təqdim edirəm.
- Ədəbiyyatımızın bu günü sabahımıza varislik edə bilirmi?
- Bəli, əgər belə olmasaydı gərək biz hamımız intihar edəydik. Gələcəyi olmayan insan neyləyər?
- Bəs poeziyamızın bu günkü vəziyyəti sizi qane edirmi?
- Ədəbiyyatın bu günü şox mübahisəlidir, amma ümumən yaxşıdır. Bilirsiniz, hər şeydən tam razı qalmaq olmaz. Bax uşaq valideyninə tam oxşaya bilər, amma tam o ola bilməz. Qan çəkə bilər, ruh həmən ruh ola bilər, amma eynilik ola bilməz. Bir müddət əvvəl, yəni 5-10 il qabaq çox qarışıqlıq idi. Indi isə sakitlikdir. Seldən sonra durulan su kimi saflaşma gedir, lil çöküb suyun dibinə, çör-çöp çıxıb sahilə. Çox istedadlı gənclər gəlib ədəbiyyata. Mayın 18-19-da Rəsul Rza mükafatını təqdim etdik. Mükafata layiq görülənlərdən biri də gənc şair İlqar Fəhmi idi. Bu istedadlı gənc həm də ləyaqətli bir insandır. Unutmaq olmaz ki, şair üçün yaradıcılıqla bərabər əxlaq da böyük rol oynayır.
- Son zamanlar Yazıçılar Birliyini köhnəliyi müdafiədə, gənclərə şərait yaratmamaqda günahlandırırlar.
- Bilirsiniz çox zaman iş görməyən insan, əli heç yerə çatmayan adam güc verir qeybətə. Yaradıcı insanın isə buna sadəcə vaxtı çatmır. Ümumiyyətlə, yaradıcı adamın qeybətə vaxtı olmaz. Mən ədəbiyyatımızın gələcəyini çox gözəl görürəm. sadəcə olaraq istedadlı, poeziyaya həvəsi olan adam gərək bu sənətə çörək pulu xatirinə gəlməsin.
- Xalq şairinin ailə vəziyyəti necədir?
- Pis deyil. Bir də ki, məni zaman yaşadır. Məsələn, mən əvvəl dəmir yol texnikomunda təhsil almışam. Sonra isə Moskva Ədəbiyyat İnstitutunu bitirdim. Ancaq bilirəm ki, sənətim dəmiryolçudur, ən pis məqamda mən orada bir iş görə bilərəm. Şair olmaq üçün gərək şair doğulasan. Nə Aşıq Ələsgər, nə də Vaqif heç biri ali savad görməyiblər, ancaq hər şey göz qabağındadır. Hər il universitetləri yüzlərlə adam bitirir, hamısı yazıçı və ya şair ola bilməz ki...
- Davamçınız varmı?
- 3 qızım, bir oğlum var. Davamçım isə oğlumdur. O da şairdir Yalçın Qoca.
Bütün istedadlı insanlar mənim övladlarımdır.
- Qəzetmizə arzunuz?
- Qəzetinizin adı “Qırmızı xətt”dir. Siz bu xəttin üstü ilə gedirsiniz. Mən sizi kəndirin üstündə gedən kəndirbaza bənzədirəm. Aşağıda alver gedir, bazar var, siz o alverə fikir versəniz, ordan yıxıla bilərsiniz. Siz kəndirbazlığı seçmisiniz. Rüşvət verib rüşvət alanlar, qeybət qıranlar sizdən aşağıdadır, sizin işiniz daha təhlükəli və çətindir. Siz onlara diqqət verib görünməyən şeyləri də görməli və yazmalısınız. Sabir demişkən “düzü-düz, əyrini-əyri”. Mən sizə bu yolu prospekt kimi keçməyi və büdrəməməyi arzulayıram.
Çox sağ olun, Fikrət müəllim.
İ. DƏMİRQAYA