• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

MƏNALI BİR ÖMÜR YOLU

  • 18.03.2021, 08:39, Baxış sayı:
  • 1143
MƏNALI BİR ÖMÜR YOLU
MƏNALI BİR ÖMÜR YOLU
MƏNALI BİR ÖMÜR YOLU
Araz Budaqov: “Həkimlik həm çətin, həm də müqəddəs, humanist bir peşədir”

Öz ixtisasını dərindən bilən, bütün fəaliyyətini insanların sağlamlığına bəxş edən, adı Sabirabad rayonunun ictimaiyyətinə yaxşı tanış olan təbiblərdən biri də Araz Budaqovdur. O, özünün həyatı, həkimlik fəaliyyəti ilə gənclərimiz üçün örnək ola bilən bir ömür yaşamışdır. Çox təcrübəli, savadlı həkim kimi öz işini ürəkdən sevməsi, vəzifəsinə məsuliyyətlə yanaşması sayəsində hamının hörmət və məhəbbətini qazanmışdır. Yarım əsrə qədər baş həkim vəzifəsində çalışmış Araz Budaqovun işlədiyi illər ərzində sağaltdığı insanların say-hesabı bilinmir.
Ömürlüyündən sətirlər:
Araz Budaqov Ağdam rayonunun Umudlu kəndində (1938) anadan olmuşdur. Atası mərhum Məhəmməd İsmayıl oğlu və anası Gülxar Qasım qızı kolxozda işləmiş, xalq, Vətən üçün çox iş görmüşlər. Öz halal zəhmətləri ilə ailəni dolandırmış, müqəddəslikdən, düzlükdən başqa heç nəyə baş əyməmişlər. Onlar 10 övlad-7 oğul, 3 qız böyüdüb boya-başa çatdırmışlar.
Araz Budaqov orta məktəbi qurtaran ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinatla Sabirabada gəlmişdir. Əvvəlcə Yolçubəyli, Qaratəpə və Ulacalı kənd xəstəxanalarında baş həkim kimi fəaliyyət göstərmişdir. Axısxa kənd sahə xəstəxanasında (əvvəlki adı Qaralı) baş həkim vəzifəsində (1963-2011) çalışmışdır. O, eyni zamanda Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri vəzifəsində (1977-1988) işləmişdir. Rayon sovetinin deputatı olmuşdur. Bir çox ictimai vəzifələri də layi­qincə yerinə yetirmişdir.
İşlədiyi illər ərzində qazandığı uğurlara görə təltiflərini, aldığı medalları, fəxri fərmanları, döş nişanlarını və digər mükafatları sadalasaq, geniş bir siyahı alınar. Ən böyük mükafatı isə el sevgisi, xalq məhəbbətidir.
Araz həkim eyni zamanda çox gözəl, sadə insandır. İnsanpərvərliyi, sadəliyi hamını heyran edir. O, həm də mehriban ailə başçısıdır. Ailə səadətini ən böyük xoşbəxtlik sanır. Ömür-gün yoldaşı Şəlalə xanım da tibb bacısıdır. 5 övlad-4 qız, 1 oğul böyüdüb tərbiyə etmişlər. Övladlarının hamısı ailə həyati qurmuşdur. Araz həkimin hazırda 10 nəvəsi vardır. Qızları Günay, Güney, Günəş, Günel ali təhsil almış, öz ixtisasları üzrə müxtəlif sahələrdə çalışırlar. Məhəmməd isə komputer üzrə gözəl mütəxəssisdir. Böyük nəvəsi Kənan Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur.
Araz həkimlə söhbətimizdən:
-Bu sənəti seçmək həvəsi ürəyinizdə nə vaxt baş qaldırıb? Orta məktəbi bitirdikdə, yoxsa elə uşaqlıqdan?
-Uşaqlığım müharibənin ağır vaxtlarına düşüb. Yaxşı-pis bir təhər dolanmışıq. Elə uşaqlıqdan təbib olmağı arzulamışam. Taleyin qisməti ilə də həkim oldum. Bu, mənim üçün əsl xoşbəxtlik idi.
-Əvvəllər yəqin sizin üçün çətin olmuşdur...
-“Özgəni işıqlandırmaq üçün özüm yanıram”. Bu səs həkim səsidir. Orta əsrlərdən gəlir. İşlədiyim ilk günlərdən həmişə insanları sevmişəm. O vaxtlar indiki kimi deyildi. Yol-iriz yox idi. Yayda tozdan, qışda palçıqdan tərpənmək olmurdu. Hətta uzunboğaz rezin çəkmə ilə belə gəzmək çətin idi. Kənddə tək-tük maşın vardı. Əhali arasında yoluxucu xəstəliklər çox idi. Xüsusilə uşaqlar arasında göy öskürək, qızılca, difteriya və s. geniş yayılmışdı. Kəndlərdə səhiyyə mədəniyyəti çox aşağıydı. Odur ki, kənd əməkçiləri arasında olmaq, onlara tarladaca tibbi xidmət göstərmək lazım gəlirdi. Bütün bunlar isə tələb edirdi ki, ürəklə, məhəbbətlə işləyəsən, biliyini, enerjini sərf edib insanlara tibbi xidmət göstərəsən, onların sağlamlığı keşiyində ləyaqətlə durasan, Hippokrat andina sadiq qalasan.
-Belə bir fikir tez-tez səslənir: gələcək təbabət profilaktikaya məxsusdur.
-Bəli, xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır. Məhz aparılmış profilaktik peyvəndlər nəticəsində əvvəllər tüğyan edən difteriya, göy öskürək, qızılca, poliomielit xəstəlikləri yoxa endirilmişdir. Bir vaxtlar epidemiya şəklində yayılmış malyariya indi tək-tük qeyd edilir.
-Sizcə, həkimlik üçün əsas şərt nədir? Əsl həkim necə olmalıdır?
-Gərək hər zaman, hava şəraitindən, günün hansı vaxtından asılı olmayaraq insanlara əlindən gələn köməyi edəsən. İşlədiyim bütün vaxtlarda heç kim deyə bilməz ki, nə vaxtsa xəstə üstə çağırıblar, getməmişəm. Mənim yanıma günün hansı vaxtında gəlsələr, narahatlıq hissi keçirməyiblər. Gecənin bir aləmində, şirin yuxuda olanda da qapımı ərklə döyüblər. Biliblər ki, Araz həkim onları məmnuniyyətlə qəbul edəcək. Lap balaca uşaq gəlib deyib ki, evdə xəstə var, çağırıblar, həmişə getmişəm. Həyatda hər şey olar. Bəzən qanının qara vaxtı səni çağırırlar. Sən bunu büruzə vermədən xəstə üstə gedirsən. Ürəyin ağrıya-ağrıya da xəstə üstə gedirsən. Bunları heç kimə bildirməməlisən. Xəstələrə hədsiz dərəcədə həssaslıqla yanaşmalısan, onların şıltaqlıqlarına, nazına dözməlisən, çox səbrli və təmkinli olmalısan. Xəstəyə düzgün diaqnoz qoymalısan, pasienti dəqiq müalicə etməlisən. Həkim olmaq hər şeydən əvvəl müdrik olmaq deməkdir. Həkim xəstəni həm də sözlə, şəfqətlə müalicə etməlidir. Ona görə də həkimlik həm çətin, həm də müqəddəs, humanist bir peşədir. Həkimlərimiz əxlaq etalonu olmaq missiyasını pandemiya dövründə sübut etdilər.
-Keçmiş səhiyyə ilə indikini necə müqayisə edərdiniz?
-Əvvəllər xalq səhiyyəsi deyirdilər. Ulu Öndər Heydər Əliyev Azərbaycanın birinci katibi işləyərkən səhiyyəyə xüsusi qayğı göstərirdi. Ümummilli Liderimiz həmişə deyirdi ki, millətimizin sağlamlığı ölkəmizin əsas sərvətidir. O, əhalinin sağlamlığının qorunmasını ən ümdə vəzifə hesab edirdi. İndi də ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı dövlət siyasəti uğurla davam etməkdədir. Hazırda dövlət siyasətinin əsas məqsədi vətəndaşlarımızın sağlamlığıdır. Bu gün Azərbaycan səhiyyəsi elmi-texniki cəhətdən yüksək inkişaf yolundadır.
Onun hazırkı siyasi-iqtisadi iqlimə münasibəti də maraqlıdır. Araz həkim deyir ki, Ulu Öndər Heydər Əliyev ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşdür. Onun yolunu oğlu, layiqli davamçısı, hamımızın sevimlisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. İqtisadiyyatımız gündən-günə yüksəlir. Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurları ilə dünyanın diqqət mərkəzindədir. Ali Baş Komandanın qətiyyəti sayəsində Qarabağımız, o cümlədən mənim ata yurdum Ağdam düşməndən azad olundu. Vətən müharibəsi başlayanda da, Qələbə günü də möhtərəm Prezidentimizə məktub ünvanlamışdım. Orada göstərmişdim ki, əgər yanınızda olsaydım, Sizi qucaqlayıb öpərdim.
Xalqımızın sağlam ruhda, firavan, azad yaşamasından mənəvi zövq alan, ağrı-acılı həyatın bütün sınaqlarından hünərlə çıxan Araz həkim əsl ziyalı ömrü yaşayıb. Gənclik eşqi ilə yaşayan, həyat sevgisi güclü olan Araz həkim 83 yaşın içindədir. Məncə, yaş insan təbiətinə mənfi təsir göstərəcək bir amil deyildir. Mənə belə gəlir ki, insan onun qəlbində həyata sevgisi qurtaranda qocalmağa başlayır.
Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdiyi gündən indiyədək müqəddəs həkimlik peşəsinə sədaqətini əməli işi ilə sübuta yetirən Araz Budaqovun arxada qoyduğu illər mənalı bir ömürdən, bu ömrü xalqa və yüksək amallara sərf etmiş işıqlı şəxsiyyətin süurlu həyatından xəbər verir. Məhz buna görə də zaman-zaman peşəsini sevdirdiyi davamçılarının, həyata qaytardığı xəstələrin qəlbində həmişəlik yurd salıb.
Araz həkimə möhkəm cansağlığı, uzun ömür arzulayırıq!

Elçin NƏSİB,
“Muganın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter