• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SƏHNƏMİZİN 30 İLLİK KOROĞLUSU

  • 03.11.2020, 21:19, Baxış sayı:
  • 800
SƏHNƏMİZİN 30 İLLİK KOROĞLUSU
Səsi, sənəti və şəxsiyyəti ilə tanınan sənətkar: LÜTFİYAR İMANOV
Böyük sənətkarla keçirdiyimiz son müsahibə

1937-ci ilin aprelin 30-da Bakı operasında Üzeyir Hacıbəyovun “Koroğlu” operası səhnəyə qoyulur. Baş rolu Azərbaycanın dahi muğənnisi Bülbül ifa edir. Bundan 22 il sonra, yəni 1959-cu ilin mayın 5-də Koroğlunu Lütfiyar İmanov ifa etməyə başlayır. Düz 30 il səhnəmizin Koroğlusu olur.
Lütfiyar İmanov 1928-ci ilin aprelin 17-də Kürlə-Arazın qovuşduğu Sabirabadda anadan olub. Ailədə 6 qardaş, bir bacı olublar. O, uşaq yaşlarından incəsənətə meyl göstərib, bir müddət rayon dram teatrında aktyorluq da edib.
Özünün dediyinə görə 1937-ci ildə Bülbülün ifasında Koroğlunu dinlədikdən sonra onun “dəli”sinə çevrilib. 1941-ci ildə 12 yaşlı Lütfiyarı atası Sabirabaddan öküz arabası ilə Əli Bayramlıya(indiki Şirvan), ordan da at arabası ilə Bakıya Koroğluya baxmağa gətirir.
Lütfiyarın incəsənətə böyük həvəsini görən valideynləri onun istəyinə qarşı çıxmırlar. 1954-cü ildə o, Bakıya gəlir və Asəf Zeynallı adına musiqi məktəbinə qəbul edilir. Təhsil illəri onun üçün çox ağır keçir. Içəri şəhərdə kiçik, darısqal və qaranlıq bir zirzəmidə yaşayıb oxumalı olur. Məktəbə qəbul olunduğu ildə atası, qurtardığı 1957-ci ildə isə anası vəfat edir. Sonra Dövlət Estrada Orkestrində və Musiqili Komediya Teatrında işləyir.
1958-ci ilin isti yay günlərinin birində onun teatr səhnəsindəki çıxışına baxan Niyazi tamaşadan sonra Lütfiyarla görüşərək onu öz yanına çağırır. Həmin günləri Lütfiyar İmanov belə xatırlayırdı:
- Mən ertəsi gün piano çalanla onun yanına getdik. O vaxt Niyazi Opera və Balet teatrında bədii rəhbər və baş dirijor işləyirdi. Moskvaya Azərbaycan mədəniyyəti ongünlüyünə hazırlaşırdılar. Fikrət Əmirov da orada çalışırdı. Onun da “Sevil” operası Moskvada səhnəyə qoyulacaqdı. Niyazi mənə qulaq asdı, xoşuna gəldi. Dedi ki, orkestr məzuniyyətdən sentyabrda qayıdacaq, get o vaxt gələrsən. Sentyabrda orkestrin müşayəti ilə məni bir daha dinlədilər. Noyabrın 7-də respublika rəhbərinin də iştirak etdiyi böyük konsertdə Koroğlunu oxudum. Çox bəyəndilər və məni işə götürdülər. Dedilər ki, 7 aydan sonra Moskvada keçiriləcək mədəniyyət günlərində Koroğlunu ifa edəcəksən, get hazırlaş.
Lakin Lütfiyarı 1959-cu ilin fevralında konsertə hazırlıq məşqlərinə buraxmadılar. Onu Mərkəzi Komitəyə çağırıb sorğuladılar, ailəsi ilə maraqlandılar. Çox şey soruşdular. O, qapını açıb çıxmaq istəyəndə orada olan məsul işçilərdən biri soruşur ki, bilirsən səni niyə çağırmışdıq.
Lütfiyar isə fikirləşmədən deyir:
- Bilirəm ki, Opera və Balet teatrının bəzi vəzifəli adamları məni dəli adlandırıblar, sizə deyiblər ki, o dəldir, ondan Koroğlu olmaz. Doğrudan da mən dəliyəm, ancaq Koroğlunun 7777 dəlisindən biri.
Bu uzun-uzadı sorğu-sualdan sonra Lütfiyarın geniş səhnə fəaliyyəti başlayır. 1959-cu ilin mayın 7-də o, Moskvada Koroğlunu ifa edir. Vətənə qayıtdıqdan sonra ona “Əməkdar artist” adı verilir. Bir az sonra o mənzillə təmin edilir, yəni zirzəmidən çıxır.
1959-cu ildən 1990-cı ilə qədər o, Opera və Balet Teatrının “Koroğlu”su olur. 1977-ci ildə SSRİ Xalq artisi fəxri adını alır. L.İmanovun sayəsində teatr hər dəfə qastrollardan uğurla qayıdır.
Lakin özünün dediyi görə 1991-ci ildən görkəmli sənətkarın qara günləri başlayır.
- 1991-ci ildə Polad Bülbüloğlu mədəniyyət naziri gələndən sonra məni Opera və Balet Teatrının solistliyindən çıxartdı. Türkiyəyə primyeraya gedəndə növədənkənar qurultay çağırıb məni Teatr Xadimləri İttifaqının sədrliyindən də uzaqlaşdırdı. O, istəmirdi ki, Bülbüldən sonra Koroğlunu başqasının adına çıxsınlar. Bütün bunlar mənə çox ağır gəldi. Qardaş Türkiyəyə üz tutdum, bir müddət orda çalışdım. 1995-ci ildə Heydər Əliyev öz təyyarəsi ilə məni Azərbaycana gətirdi və dedi ki, sən Bakıda işləməlisən. Onun tapşırığıyla 1996-cı ildə məni Konservatorayaya müəllim kimi işə qəbul etdilər.
Heydər Əliyev elə bir şəxsiyyət idi ki, mənim sənətdə niyə qadir olduğumu bilirdi. O bir dəfə telefon açıb mənimlə 20 dəqiqə danışdı, “İstiqlal” ordenini də o verdi mənə.
Lütfiyar İmanov dünyanın 40-dan çox olkəsində olmuş, 5 il Türkiyədə işləmiş, Rusiyanın 200-dən çox şəhərində konsertlər vermişdir. F.Əmirovun “Sevil” operasında Balaş, M.Maqamayevin “Nərgiz” operasında Əliyar, V.Adıgözəlovun “Ölülər” operasında İsgəndər, S.Ələskərovun “Bahadur və Sona” operasında Bahadur, müğənninin yaratdığı opera nümunələrindəndir. L.İmanov dünya klassik operalarını da məharətlə ifa etmişdir. O, J.Bizenin “Karmen” operasında Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın” operasında Herman, C.Verdinin “Riqaletto” operasında Hersoq, “Trubadur”da Manriko, “Aida”da Radames, “Otello” operasında Otello, Offeribaxın “Qofmanın nağılları” operasında Qofman obrazları müğənninin yüksək vokal və səhnə mədəniyyətinin bariz nümunələridir.
Həqiqətən müasir milli musiqimizin inkişafında Lütfiyar İmanovun müstəsna xidmətləri olub ki, bunu da unutmaq olmaz. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur. Sənətkarın yaradıcılığı çoxcəhətlidir: o həm xalq və bəstəkar mahnılarının, həm çox çətin və rəngarəng repertuarla opera və operettalarda əsas ariyaların mahir ifaçısı, həm də bənzərsiz aktyor, milli və dünya klassik operalarının çox fəhmli, dərin təfsirçisi olmuşdur.
Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən L. İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.
L. İmanovun zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir. O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərib, ifaçılıq sənəti tarixində topladığı zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf edib.
Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı - "İstiqlal" ordeni ilə təltif edilib.
Lütfiyar İmanovun yaradıcılıq siması üçün əla vokal keyfiyyətlərlə möhkəm professional hazırlıq, musiqili-dramaturji obraza dərindən nüfuz etmək, vokal və aktyor sənətinin harmonik ahəngi xarakterikdir. Aktyor öz sənətini səxavətlə tamaşaçılara bəxş edir, öz ürək duyğularının dərinliyini açır. Hər bir əsər - yeni kəşfdir və dinləyicilər onu hərarətlə qiymətləndirir, onun istedad və ağlına, şəxsiyyətinə yüksək qiymət verirlər. Məhsuldar səhnə fəaliyyəti və daimi zəhmət L. İmanovun sənətini cilalamış, onu bu dövrümüzün ən yaxşı sənətkarları sırasında ilk yerlərdən birinə çıxarmışdır.
Görkəmli opera müğənnisi(dramatik tenor), SSRİ xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Lütfiyar Müslüm oğlu İmanov 2008-ci il yanvarın 21-də - ömrünün 80-ci ilində vəfat edib və Fəxri xiyabanda dəfn olunmuşdur.

İ. ƏSGƏROV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter