RUHUN QARŞISINDA BAŞ ƏYİRİK
Dünyada hər şey gözəldir, lakin ən müqəddəsi Vətəndir.Vətənin müqəddəsliyini hiss etmək yolunda canından belə keçməyə hazır olmaq deməkdir. Dəyişməyən bir həqiqət var. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşmaq. Bu amalla mənfur düşmənə qarşı döyüşlərdə mərdlik göstərərək şəhidlik zirvəsinə ucalanlardan biri də igid eloğlumuz Bəhruz Əhmədovdur.
Əhmədov Bəhruz Səttar oğlu 1997-ci ildə rayonun Balakənd kəndində anadan olub. Peşə liseyını bitirib. Sonradan atasının işi ilə əlaqədar Bakı şəhərinə köçüblər. Birinci Qarabağ müharibəsi zamanı Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edən atası Səttarın dediyinə görə, Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi olubmuş. Hətta özündən böyük qardaşını belə güləşməyə məcbur edərmiş. Fitri cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynamışdı. Paytaxt sanki ona qucaq açdı. Bəhruz böyük arenalarda özünü sınadı və həmişə də qələbə ilə evə döndü. Böyük arzularla yaşayırdı. Azərbaycanın bayrağını hər şeydən çox sevirdi. Həvəslə yetişdirdiyi idmançılarıyla fəxr edər, onların uğurlarına çox sevinərdi. Mehriban və səmimiliyiylə özünə çoxlu dost qazanmışdı.
Əsgəri xidmətini Tovuzda başa vurmuşdu. Düşmənlə üz-üzə səngərdə keçirdiyi günlər onun vətənpərvərliyini bir qədər də artırmışdı. Torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın verəcəyi əmri səbirsizliklə gözləyirdi. Nəhayət, o gün yetişdi…
Sentyabrın 28-də Bakıdan Sabirabada gələrək könüllü cəbhəyə yola düşdü. “Arzularım sonsuzdur, qayıda bilsəm”, - deyirdi. Şəhid olmağa hazır idi, Bəhruz.
Qaydasız doyüşdə heç vaxt məğlub olmayan, Azərbaycanın bayrağına bürünərək rinqin ali kürsüsünə çıxan cəsur, mərd, dəyanətli, dönməz olduğu qədər də mehriban, səmimi, insanpərvər Bəhruz elə o bayrağla da oktyabrın 19-da Qubadlının alınması uğrunda gedən döyüşlər zamanı şəhid olaraq canı qədər sevdiyi Sabirabadına qayıtdı . Bu dəfə müqəddəs amal uğrunda qələbə çalan Şəhid kimi…
Prezidentin müvafiq sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Rauf QARAYEV.