Vətən müharibəsinin şəhidi. RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK
- 14.12.2020, 08:15, Baxış sayı:
- 607
Facebook
Вконтакте
Одноклассники
Google+
Zeynalov Nurlan Rəfail oğlu 25 noyabr 1989-cu ildə Sabirabad şəhərində polis ailəsində anadan olub. Atası Rəfail Zeynalov uzun illər hüquq-mühafizə sistemində çalışıb. 1-ci Qarabağ müharibəsində milis dəstələri sırasında nümunə göstərib.. Nurlanın da vətənpərvər övlad kimi böyüməsinin səbəblərindən biri də atasının keçdiyi şərəfli yol olub. O, M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb. 2010-cu ildə Şəmkirdə yerləşən N. saylı hərbi hissədə xidmətə yollanıb və 3 aydan sonra zabit kurslarına yazılıb və leytenant rütbəsi alıb. 3 il zabit kimi xidmətini davam etdirib və öz istəyi ilə ehtiyata buraxılıb. Sonra müxtəlif işlərdə çalışıb. Axırıncı iş yeri Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda kadrlar şöbəsinin rəisi olub. Bu ilin sentyabrın 28-dən hərbi səfərbərliyə alınıb. Ailəli idi.
...Şəhidin ailəsinə baş çəkdik. Atası R.Zeynalov özünü yaxşı hiss etmədiyindən xalası oğlu Zamin Əmirovla həmsöhbət olduq. Zaminlə Nurlanın uşaqlığı bir yerdə keçib. Bu baxımdan Nurlan haqqında danışmaq onun üçün nə qədər kədərli olsa da, bir o qədər də qürurvericidir. “Nurlanın uşaqlıqdan arzusu hərbçi olmaq idi. O riski, döyüşməyi çox sevirdi. Müharibəyə bir gün gec çağırıldığından çox təsirlənmişdi. Elə bilirdi ki, onu çağırmayacaqlar. Yola düşəndə dedi ki, mən elə bir tarix yazacam ki, siz mənimlə həmişə qürur duyacaqsınız”.
“O düşmənlə üz-üzə həmlə qruplarının tərkibində döyüşürdü. Şücaətinə görə döyüşlərin gedişində ona kapitan rütbəsi verilmişdi. Ağır döyüşlər zamanı 2 dəfə yaralanmasına baxmayaraq, yenidən ön cəbhəyə yollanmışdı. O bölük komandiri kimi düşmənə qan uddururdu. Döyüşlərin birində Qələbəyə 7 saat qalmış bu mərd komandir qəhrəmancasına şəhid oldu.
...Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır.
Rauf QARAYEV.