Səlahiyyətli təşkilatlar tərəfindən sahibsiz itlərə qarşı vaxtında təcili lazımi tədbirlər görülməlidir
Yaxın günlərin söhbətidi. Özünü hövləng redaksiyaya çatdırmış bir kişi:
- Hara baxırsız? Siz niyə bu dəhşətlərdən yazmırsınız, belə şey olar, sizin beş addımlığınzdadl. Niyə görmürsüz,-deyə yüksək səslə danışmağa başladı.
Sakitləşdirdik. Bir az özünə gələndən sonra dedik:
- Dinləyirik, buyurun danışın, nə baş verib?
- Təhsil şöbəsində işim vardı. Bir az fikirliydim. Bir də gördüm o qara it yetirib özün. Yapışdı paltarımdan, görün nə günə salıb. Yaxşı ki, yerdən daş götürüb, qova bildim.
Üst-başı param-parça olan kişi bir az da yazıq görkəm alıb əlavə etdi:
- Son vaxtlar bir neçə dəfə getmişəm Təhsil şöbəsinə. Ancaq mənə demişdilər ki, o tərəfə gedəndə ehtiyatlı ol, düz yolun üstündə it sürüsü, yanlarında da qudurmuşu var, özünü gözlə. Odur ki, hər dəfə Təhsil şöbəsinə gedəndə baxça tərəfdən gedirdim. Bu dəfə isə çox dalğın idim, nəticəsini də görürsüz. Inanın o itlər, xüsusilə o qara qudurmuşu kiməsə xəsarət yetirəcək. Gedin o ətrafdan, təhsil işçilərindən soruşun, onlar da mən deyəni deyəcək.
Sağollaşıb getmək istəyəndə bir də geri dönüb bunları dedi:
- Bir gəzin baxın, şəhərdə itlər sürü ilə gəzir. Axşam düşəndə yola-irzə çıxmaq hər kəsin hünəri deyil. Yaxşı ki, məktəblər işləmir. Yoxsa nələr olardı, bir Allah bilir. Bizi itlərdən qoruyun.
P.S. Sabirabad şəhər, hətta kənd sakinləri dəfələrlə küçə itlərinin çoxluğundan şikayətçi olublar. Onlar yazırlar ki, sahibsiz itlər o qədər artıb -çoxalıb ki, gecə - gündüz sürü şəklində gəzir və vəhşiləşmiş bu itlərin qorxusundan əhali həyət-bacalarında belə həyəcan içində dolaşır. Səhər-səhər uşaqlar məktəbə gedərkən sahibsiz itlərin hücumuna hər an məruz qala bilərlər. Səlahiyyətli təşkilatlar tərəfindən sahibsiz itlərə qarşi vaxtında təcili lazımi tədbirlər görülməsə, xoşagəlməz, həyati təhlükəylə üzləşə biləcəyimiz qaçılmazdır. Çünki baxımsızlıq ucbatından bu itlər nə sterilizasiya edilmiş, nə də peyvəndlənmişdi. İnsan həyatı üçün tam təhlükəli yırtıcılardı.
İ.DƏMİRQAYA