Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi nəticəsində öldürülən, bir neçə tanınmış şirkətdə satış təmsilçisi kimi işləmiş Araz Sofiyevin qətlində təqsirləndirilən arvadı Rəna Sofiyevanın istintaqa ifadələri məlum olub.
R.Sofiyeva gecə saatlarında baş verən qətldən bir neçə saat sonra verdiyi ilkin ifadəsində deyib ki, Kənd Təsərrüfatı texnikası satışını həyata keçirən “4S” MMC-də marketinq meneceri vəzifəsində işləyib.
O, 2003-cü ildə Araz Sofiyevlə ailə həyatı qurduğunu, 2005-ci ildə bir oğlu olduğunu bildirib: “Araz bir neçə dəfə banklardan kreditə pul götürüb, nəyə görə pul götürdüyünü, hansı problemi olduğunu nə qədər soruşsam da, heç bir söz deməyib. Maşınını da 10 000 manata qardaşına satmışdı və pulu dollara dəyişib özündə saxlayırdı. Həmin pulu 2019-cu ilin aprel ayından mən iş yerimdə seyfdə saxlayırdım. Təxminən 3 həftə əvvəl Araz mənim qızıl qolbağımı satdı və borcu olduğunu dedi.
İyulun 6-da ofisdə olanda Araz, atası Knyaz və qardaşı Ayaz gəlib məni işdən götürdülər, evə getdik. Evdə olanda kimsə Araza zəng edib axşam onu futbol oynamağa çağırdı, saat 21 radələrində Araz futbol oynamağa getdi, gecə saat 12-yə qalmış gəldi. Həmin vaxtı mən, anam və oğlum evdə idi. Araz hamama getdi, mən də yatmağa getdim.
"Araz o adamlara “mənə nə edirsiniz edin, arvad-uşağa heç nə etməyin” dedi..."
Araz qonaq otağında divanda yatırdı, təxminən saat 03 radələrində yuxudan oyanıb ayaqyoluna getmək istədim, yataq otağından qonaq otağına daxil olanda Arazın yavaş səslə kiminləsə danışdığını eşitdim. Arazın divanda oturduğunu, iki nəfər tanımadığı şəxsdən birinin ayaqüstə, digərinin isə Arazla üzbəüz oturaqlı vəziyyətdə olduğunu gördüm. Otaq qaranlıq idi, Arazın qarşısında oturan şəxs mənə “səs çıxarma, gəl otur Arazın yanında” sözlərini dedi.
Araz da həmin adamlara dedi ki, “mənə nə edirsiniz edin, arvad-uşağa heç nə etməyin”. Mən Arazın sol tərəfində oturdum, Arazla söhbət edən şəxslər rus dilində danışırdılar. Arazla üzbəüz oturan şəxs dedi ki, “axı sən bilirsən ki, sən borc götürmüsən, pulu qaytarmaq lazımdı, gəlmişik, bundan axırı yoxdur”.
Araz mənə dedi ki, pulu gətirim. Mən pulu iki gün əvvəl ofisdən evə gətirmişdim, həmin pulu gətirib Araza verdim. Pulu verən kimi Arazın qarşısında oturan şəxsin tapşırığı ilə evdəki telefonları gətirib ona verdim. Onlar telefonları götürüb Arazdan pulun qalanını nə vaxt verəcəyini soruşdular.
Bu sözdən sonra Araz əsəbiləşib “nə istəyirsən məndən olanım budur, artıq yoxumdur” dedi, həmin şəxs də “sənə demişəm axı sakit ol, yoxsa ikinizi də kəsərəm” deyə cavab verdi.
Araz isə qarşısında oturan şəxsin anasının ünvanına söyüş söydü, bu vaxt qapının yanında olan şəxs və Arazın qarşısındakı şəxs hər iksi onun üzərinə hücum çəkdi, qaranlıq olduğu üçün hansının əlində bıçaq olduğunu görmədim. Araza zərbələr vuranda onların qarşısını almaq istədikdə sol qolum kəsildi. Mən qışqıranda həmin şəxslərdən biri sifətimə yumruq vurdu, zərbənin təsirindən huşumu itirdim, bundan sonrasını xatırlamıram.
Bir də anamın qışqırıq səsinə özümə gəldim və Arazın divanda qanın içində oturaqlı vəziyyətdə olduğunu gördüm. Mən tez yataq otağına qaçıb oğlumun yerində olmadığını, blokda qışqırdığını gördüm. Daha sonra qardaşıma, təcili tibbi yardıma zəng etdim”.
R.Sofiyeva qeyd edib ki, Arazla ər-arvad kimi yaxşı münasibətləri olub:
“Mən əvvəl M.X-nin rəhbərliyi ilə proqram təminatı, dizayın işləri ilə məşğul olan studiyada işləmişəm. M.-i 2007-ci ildən tanıyıram, münasibətimiz yaxşı olub, M. Arazla da yaxın dost olub. 2019-cu ilin fevral ayında M.-a ərim işləmədiyindən vəziyyətin çətin olduğunu dedim, M. da mənə “elədirsə boşan” dedi. Bunu evdə Araza dedim, Araz məni M.-la işləməyə qoymadı. Arazın kimlərə nə qədər borcunun olmasını bilmirdim. Hadisə günü Arazı öldürən şəxslərin üzündə qara rəngli maska vardı, həmin şəxslər rusdilli idi, danışıqlarından Çeçen-Dağıstan zonasının adamlarına oxşayırdılarlar”.
Qeyd edək ki, hazırda ərini öldürməkdə ittiham olunan Rəna Sofiyeva istintaqa 10 dəfədən çox ifadə verib və hər dəfə ifadələrində ziddiyyətli məqamlar ortaya çıxıb.
“Araza yaxın dostu ilə münasibətdə olduğumu dedim, mənə bir çırtma da vurmadı”...
Rəna Sofiyeva iyulun 13-də verdiyi ifadəsində deyib ki, Arazdan kimə nə qədər borclu olduğunu soruşduqda, ona birinin adının Emin və ya Emil olduğunu, digərinin isə Vaqif olduğunu bildirib: “Borcun miqdarının isə 2000-3000 manat arasında olduğunu demişdi. Arazla aramızda boşanmaq barədə söhbət olmayıb. Əvvəllər biryerdə işlədiyim M.-la aramızda 2014-2016-cı illərdə qeyri-rəsmi ər-arvad münasibəti olub, bunu da sonra Araza dedim. Araz coşub qışqır-bağır salsa da, mənə bir sillə, çırtma da vurmadı. Araz əvvəlcə boşanmaq istədiyini, sonradan isə bu hadisəni unutmağa çalışacağını, yenidən heç nə olmamış kimi həyata davam edəcəyini dedi”.
R.Sofiyeva iyulun 30-da ifadə verərək təkrar qətl günü haqda danışarkən deyib ki, huşunu itirdikdən sonra özünə gələndə yataq otağına qaçıb oğluna baxıb, sonra anasının mətbəxdə olduğunu zənn edib mətbəxə, oradan hamama keçib, sonra anasının blokda qışqırdığını görüb.
Rəna Sofiyeva avqustun 16-da verdiyi ifadəsində deyib ki, huşunu itirdikdən sonra anasının qışqırıq səsinə ayılıb: “Araz ayaqları divandan aşağı önə doğru uzanmış, başı sol çiyni üstündə, qolları isə dayaq verməli vəziyyətdə idi. Arazı tərpətmək istəyəndə, boğazının kəsildiyini görüb qışqırdım. Sonra yataq otağına qaçıb oğlumun yatağında yatmış vəziyyətdə olduğunu gördüm.
Qeyd edək ki, R.Sofiyeva iyulun 7-də verdiyi ilk ifadəsində oğlunun yerində olmadığını, blokda olduğunu deyib.
Rəna Sofiyeva iyulun 24-də verdiyi ifadəsində yatarkən telefonunu yatağın yanında şkafın üstünə qoyduğunu və bir də maskalı adamlar istəyəndə gedib götürdüyünü deyib. Lakin sentyabrın 30-da verdiyi ifadəsində həmin gecə yatdığını dediyi müddətdə, yəni saat 01-03 arasında həmin telefonun 27 dəfə yerdəyişməsinin necə baş verməsini izah edə bilməyib. Həmçinin bu ifadəsində Arazın Emin və Vaqif adlı şəxslərə nə qədər borcu olduğunu bilmədiyini deyib. Əvvəlki ifadəsində isə 2-3 min manat borc olduğunu bildirib.
R.Sofiyevanın 14 yaşlı oğlu iyulun 8-də verdiyi ifadəsində deyib ki, hadisə günü nənəsi Sevilin qışqırıq səsinə yuxudan oyanıb: “Yataq otağından qonaq otağına gedəndə, qonaq otağında atam divanın üzərində yarımuzanaqlı vəziyyətdə, anam isə atamın üstündə idi”.
Rəna Sofiyeva 2020-ci il fevralın 6-da verdiyi ifadədə oğlunun niyə belə dediyini bilmədiyini qeyd edib və özünün də fərqli danışmasına belə aydınlıq gətirib: “İlkin ifadə verəndə hadisənin təsirindən həyəcanlı idim, sonrakı bir neçə ifadəmdə də dəqiqləşdirmə apardım. Mən oyananda oğlum yatağında, anam isə balkonda idi”.
R.Sofiyeva fevralın 10-da deyib ki, qətl günü gecə saat 01-də oyandıqdan sonra huşu özünə gələnə qədər hamam otağına getməyib: “Huşum özümə gələndən sonra hamam otağına getdim”.
Fevralın 11-də isə deyib ki, huşu özünə gələndən sonra əvvəl mətbəxə, sonra hamama girib və anasının səsinin blokdan gəldiyini biləndən sonra Arazın yanına qayıdanda otağın girişində təkrar huşunu itirib: “Evin dəhlizində damcı şəklində olan qan ləkələrinin kimə məxsus olmasını bilmirəm”.
R.Sofiyevanın anası Sevil Bayramova ifadəsində qeyd edib ki, yuxudan oyanıb dəhlizdə və hamam otağında qanı gördükdən sonra hadisə baş verdiyini anlayıb və qışqırmağa başlayıb. Bu zaman isə qızı Rəna otaqda huşsuz olubmuş.
Rəna Sofiyeva isə huşu özünə gələnədək hamama və dəhlizə getmədiyini deyib. İstintaqla müəyyən olunub ki, hamamda və dəhlizdəki qan izləri Rəna Sofiyevaya aiddir. Belə olan halda, müstəntiqin onun hamama və dəhlizə getməzdən əvvəl qan izinin orada olmasına dair sualına Rəna Sofiyeva heç bir cavab verə bilməyib.
Hadisə yerinə ilk gəlmiş təcili tibbi yardım stansiyasının tibb bacısı Vəsilə Eyvazova ifadəsində göstərib ki, Rəna Sofiyeva hadisəni ona danışarkən başqa cür izah edib.
Rəna Sofiyevanın tibb bacısına dedikləri: “Gecə qapı döyüldü, yoldaşım durub getdi qapını açmağa, gördüm ki, qapının ağzında danışırlar. Mən durdum getdim yalandan tualetə, qayıdanda gördüm ki, evdə güclü "razborka" gedir, yoldaşıma deyirlər ki, “ver pulu, ver pulu”. Yoldaşım mənə dedi get pulu gətir ver bunlara, evdə maşını satmışdıq, 9000 manat pulumuz var idi, gətirib pulu verdim, dedilər ki, bəs qalanı hanı, ərim onlara “bəsdirin də, əl çəkin məndən” dedi. Onda yoldaşımı vurdular, mən yoldaşım tərəfə qaçıb qışqırdım, onlar məni vurdular, yoldaşım qışqırdı ki, ne edirsiz mənə edin, ona heç nə etməyin”.
R.Sofiyevanın cinayət işi üzrə məhkəmə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Xatırladaq ki, Araz Sofiyev “BP-Azərbaycan”, “Baltika-Bakı” və “Aqrovest İMP” şirkətlərində müxtəlif vəzifələrdə işləyib.
Qeyd edək ki, R.Sofiyeva Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilir.
İstintaqla Rəna Sofiyevanın əri Araz Sofiyevə psixotrop maddəni naməlum üsulla qəbul etdirməklə onu halsız vəziyyətə gətirib, özünü müdafiə etmək qabiliyyətinin olmamasına əmin olduqdan sonra istintaqa məlum olmayan şəxslə (və ya şəxslərlə) birlikdə kəsici-deşici alətlərlə yatdığı üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ərinə qarşı müstəsna dərəcədə amansızlıq və qəddarlıq nümayiş etdirərək qeyd olunan alətlərlə, eləcə də bərk küt əşya ilə çoxsaylı zərbələr vurmaqla öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, Rəna Sofiyeva ilə qabaqcadan əlbir olan şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədilə həmin cinayət işinin materiallarından Cinayət Məcəlləsinin eyni maddələri ilə cinayət işi ayrıca icraata ayrılmaqla iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
/Muganinsesi.az/