• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda şagirdini xilas edib özü həlak olan müəllim

  • 23.12.2020, 21:49, Baxış sayı:
  • 559
Sabirabadda şagirdini xilas edib özü həlak olan müəllim
Sabirabadda şagirdini xilas edib özü həlak olan müəllim
FƏDAKARLIQ

Bu faciəvi hadisədən 6 il keçir

2014-cü ilin dekabr ayının 5-də Sabirabad rayonunda baş vermiş qəfil qəza zamanı Kür çayında batmaqda olan şagirdi - 9 yaşlı Güldəstəni həyatı bahasına xilas etmiş Əhliman Hüseynov ölümündən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" medalı ilə təltif edilib.
İndi onun 15 yaşı var... Xatırladaq ki, hadisə baş vermiş həmin gün səhər Sabirabad şəhər 5 saylı orta məktəbdə 21 il müəllim işləyən Cavad kənd sakini, 57 yaşlı Əhliman Hüseynov özünə məxsus “VAZ-2107” markalı maşınla dərsə gəlmək üçün Kür çayının üzərindəki körpüdən keçmək istəyərkən yolun buz bağlaması səbəbindən maşın idarəetməni itirib dəmir məhəccərləri qıraraq Kür çayına düşmüşdü. Qəza zamanı çaya düşən maşında Əhliman müəllimlə birgə yolu uzaq olduğundan hər gün məktəbə özü ilə aparıb-gətirdiyi qonşu uşağı - 9 yaşlı Güldəstə də olmuşdu.
Yaxınları deyir ki, Ə.Hüseynov Kürqırağlı olduğu üçün yaxşı üzə bilirmiş. Lakin şahidlərin sözlərinə görə, o, qızcığazı çaya düşmüş maşından çıxararaq xilas etmək üçün çox əziyyət çəkib. “Əhliman müəllim çay boyunca təxminən 500 metr axa-axa qışqırırdı ki, kömək edin, daha taqətim tükənir. Bu isə heç də onun yorğunluğundan deyil, sadəcə su hədsiz soyuq olduğu üçün müəllim gücdən düşmüşdü”, - deyə hadisə­nin şahidləri deyir.
Həmin vaxt sahilə toplaşmış adamlardan heç kəs suya baş vuraraq batanları xilas etməyə cürət etməyib. Əvvəla, həmin gün hava şaxtalı olduğundan su da buz kimi soyuq olub. Digər tərəfdən, axar su batmaqda olan adamları sahildən xeyli uzaqlaşdırıbmış. Buna görə də adamlar suya girməyi ya mənasız iş sayırmış, ya da qorxulu...
Yalnız səhər maşını ilə işə gedən 22 yaşlı Sabirabad şəhər sakini Dəyanət Şıxəliyevdən başqa..:
“Elə körpüyə yaxınlaşırdım ki, qəfildən bərk səs-küy eşitdim. Gurultu səsinə maşını saxladım. Çaya tərəf baxanda suya düşən “VAZ-2107”ni gördüm. Dərhal maşından düşüb çayın sahilinə qaçdım. Bu zaman batmaqda olan maşının sürücü tərəfdəki qapısından iki nəfərin suyun üstünə çıxdığını gördüm. Heç bir dəqiqə çəkmədi, bəlkə də saniyələr ötdü ki, maşın suyun dibinə çökdü...”
Dəyanət bu zaman heç bir tərəddüd etmədən əynindəki gödəkcəni və uzunboğaz çəkməsini çıxarıb özünü suya atıb. Batmaqda olan Əhliman müəllimə və 9 yaşlı Güldəstəyə doğru üzməyə başlayıb. Dəyanət deyir ki, Əhliman müəllim özü həyat­la ölüm arasında çarpışsa da, balaca Güldəstənin batmağına imkan verməyərək onun suyun üzərində qalmasına çalışırdı:
- Mən suda batanlara çatanda onlar artıq maşının düşdüyü yerdən çay boyu axıb xeyli uzaqlaşmışdılar. Üzüb onlara çatdım. Heç düşünmədən birinci balaca uşaqdan yapışdım. Mən uşağı tutsam da, Əhliman müəllim gözümün önündə son dəfə batdı. Daha suyun üzünə çıxmadı. Mən isə uşağı boynuma alıb çayın tən ortasından üzə-üzə sahilə çıxdım...
“Dəyanət Şıxəliyev düşünmədən suya atıldı və uşağı tutub sahilə doğru üzməyə başladı. Lakin onun da taqəti tükənirdi. Bu vaxt sahildən ona tərəf kəndir atdılar. Dəyanət kəndiri yalnız 5-ci cəhddə tuta bildi. Bununla da, özü də, qız da xilas oldu. Əhliman müəllim isə təəssüf ki, suya qərq oldu”, - deyə hadisə şahidləri bildirmişdilər...
Xilas olmuş Güldəstənin atası Fuad Hüseynov isə deyir: Qızı ona danışıb ki, maşın Kürə düşən kimi Əhliman müəllim Güldəstəyə dərhal çiynindəki məktəbli çantasını açmağı bildirib, özü isə maşının qapısını açaraq Güldəstənin qolundan tutub suyun üstünə çıxarıb. Onlar buz kimi suda həyatla ölüm arasında çarpışdıqları zaman isə 22 yaşlı qəhrəman Dəyanət köməyə gəlib. Fuad Hüseynov deyir ki, o və ailə üzvləri Əhliman müəllimə və Dəyanətə ömrü boyu borclu olacaqlar...
Əhliman müəllimin Kür çayında qərq olmuş cəsədini isə FHN əməkdaşlarının gərgin axtarışlarına baxmayaraq, yalnız 6 ay sonra tapmaq mümkün oldu...
Müəllimin bu fədakarlığı Təhsil Nazirliyinin də diqqətindən kənarda qalmadı. O vaxtlat Təhsil naziri olan Mikayıl Cabbarov da 2015-ci ilin mayında “Son zəng” günü qəhrəman müəllimin çalışdığı 5 saylı şəhər tam orta məktəbində olmuşdu. Sonra nazir mərhum Əhliman Hüseynovun yaşadığı kəndə gedərək ailəsi ilə də görüşmüşdü. Bundan sonra ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nazirliyin təşəbbüsü ilə onun ailəsinə yeni ev tikilmişdi…
İndi Əhliman müəllim bir vaxtlar dərs dediyi şagirdlərinin gözündə əsl qəhrəmandır.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter