• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bir şikayətin izi ilə. ULACALI QƏSƏBƏLƏRİNDƏ HƏYAT “DONUB”

  • 24.11.2020, 11:18, Baxış sayı:
Bir şikayətin izi ilə. ULACALI QƏSƏBƏLƏRİNDƏ HƏYAT “DONUB”
Bir şikayətin izi ilə. ULACALI QƏSƏBƏLƏRİNDƏ HƏYAT “DONUB”
Bir şikayətin izi ilə. ULACALI QƏSƏBƏLƏRİNDƏ HƏYAT “DONUB”
Bir şikayətin izi ilə. ULACALI QƏSƏBƏLƏRİNDƏ HƏYAT “DONUB”
“6 ildir ki, qəsəbələrə su verilmir, Allahın ümidinə qalmışıq, yağış suyundan istifadə edirik”
2010-cu ildə Kür və Araz çaylarının daşqınları zamanı Ulacalı kəndində inşa olunmuş, el arasında “Qırmizı” və “Yaşıl” adlanan qəsəbələrdə vəziyyət dözülməzdir. Qəsəbələrdə nəinki əkin sahələrini suvarmağa, içməyə belə su tapılmır, işıqlar tez-tez sönür. Qəsəbələrdə su arxları lillənib, içərisini kol-kos basıb. Baxımsızlıq ucbatından yollar bərbaddır, Qəsəbə sakinlərinə heç bir ticarət, rabitə və poçt xidməti göstərilmir, Qəsəbə ətrafları zibiliklərə çevrilib...
Redaksiyamıza Sabirabad rayo­nunun Ulacalı kənd sakini Emin Babayevin imzası ilə şikayət məktubu daxil olmuşdu. Məktubda göstərilirdi ki, yaşadıqları qəsəbədə illərdir içməli su üzünə həsrətdirlər. Gecə işıqlanması yoxdur. Yollar bərbad vəziyyətdədir. Burada digər problemlər də mövcuddur. “Dəfələrlə müxtəlif təşkilatlara müraciət etməyimizə baxmayaraq, bu problemlər həllini tapmır”.
Məktubu yerində araşdırmaq üçün Ulacalı kəndinə yollandıq. Qəsəbədə ilk müsahibimiz elə Emin Babayev özü oldu. O, bildirdi ki, 2010-cu ildə Kür çayının daşması nəticəsində evlərimizə ziyan dəydi. Nəticədə bu qəsəbə salındı. 2012-ci ildən adına “Qırmızı qəsəbə” deyilən burada yaşayırıq. Əvvəllər hər şey yaxşı idi. Dupduru sudan istifadə edirdik. Gecə işıqlanması vardi. Yollarımız rahat idi. Lakin indi vəziyyət pisləşib. Su kanalı lillənib, içərisini kol-kos, qamış basıb. Motorlar işləmədiyindən 6 ildir həyətlərimizə su gəlmir. Məcbur olub evlərin ətəyində yağış sularının axıdılması üçün tikilmiş xəndəklərdən istifadə edirik. Üstü açıq bu xəndəklərdə ördəklər, qazlar üzür. Koronavirusun tüğyan etdiyi hazırkı dövrdə bu həyat üçün, sağlamlığımız üçün olduqca təhlükəlidir. İldırım vurması nəticəsində gecə işıqlanması sıradan çıxdı. Traktorlar, ağır texnika yollarımızı bərbad vəziyyətə saldı.
Qəsəbə sakini Mənsumə Cəfərova bunları söylədi:
-Əslində biz burada qeyri-rəsmi yaşayırıq. Evlərimizin sənədlərini də vermirlər. Bilmirik dərdimizi kimə deyək.
Fikrət Səfərov vurğuladı ki, qəsəbədə 60 ev var. Biz, necə deyərlər, çölün düzündə, gözdən uzaq, konüldən iraq bir yerdə yaşayırıq. Sakinlərin əksəriyyəti toyuq-cücə saxlayır. İşıqlar tez-tez söndüyündən, həm də gecə işıqlanması olmadığından qəsəbəmiz vəhşi heyvanların hücumuna məruz qalır. Bu günlərdə qonşunun 12 baş ev quşu belə tələf oldu.
Zaur Xanməmmədov gileyləndi ki, qəsəbədə mağaza yoxdur. Gündəlik tələbat mallarını almaq üçün 4-5 kilometr yol qət etməli oluruq. Taksiyə pul çatdırmaq olmur. Qəsəbədə tibb məntəqəsi, telefon xətti də yoxdur.
Xəyyam Sadıqov dedi ki, uşaqlarımız qarlı-yağışlı vaxtlarda çala-çuxur yollarla məktəbə gedəndə təpədən ayağa kimi palçığa batırdılar.
Əzəmət Cəfərova isə bildirdi ki, kənardan zibilləri qəsəbənin ərazisi­nə yaxın yerlərə daşıyıb tökürlər. Bu isə infeksiya mənbəyidir.
Biz kənddə olanda bildirdilər ki, Ulacalı kəndində Kür çayı fəlakəti zamanı inşa olunmuş “Yaşıl qəsəbə” adlandırılan digər yaşayış məntəqəsində də sakinlər eyni problemlərlə üzləşirlər. Həmin qəsəbəyə də baş çəkdik. Öyrəndik ki, qəsəbədə 29 ev var. Burada da qəsəbə ərazisinə suötürən motorlar işləmirdi. Orada olarkən qəsəbə sakini Hilal İbrahimov nasos vasitəsi ilə evinə su vururdu. Bizi görcək dedi:
-Günümüzü-güzəranımızı görürsünüz də...Yağış, qrunt sularının axıdılması üçün istifadə edilən yerdən içməli su götürürük.
Qəsəbə sakini Səbahət Zeynalov bunları söylədi:
-Elektriklə işləyən su motorunun pulunu çatdıra bilmirik. Motoru olmayanlar isə uzaq məsadən qab-qacaqla evlərinə su daşıyırlar.
Qəsəbədə digər problemlər də mövcuddur. Natiq Alışov dedi ki, işıqlar tez-tez sönür. Gecə işıqlanması olmadığından Raminin həyətində canavar gəlib atını yedi.
Mütəllim İbrahimov isə bildirdi ki, cibimizin pulu ilə yola çınqıl tökmüşük, indi bələdiyyə öz adına çıxır.
Vəkil Mirzəyev dedi ki, evimin divarları quzulayıb tökülür, tavanı uçur, döşəməsi keyfiyyətsiz vurulub.
Yəqin bu kimi problemlər ucbatındandır ki, hər iki qəsəbədə elə evlər vardır orada yaşamırlar, qapıları qıfıllıdır. Nəticədə baxımsızlıq ucbatından həmin evlərin həyətlərini kol-kos basıb.
***
Biz Ulacalı kəndində olarkən sakinlər digər problemlər barədə də danışdılar. Zaur Məhərrəmov söylədi ki, meliorasiya işləri aparılmadığından, kollektorlar vaxtlı-vaxtında təmizlənmədiyindən pay torpaqlarımızdan səmərəli istifadə edə bilmirik. Zinə sularının təsirindən məhsuldarlıq ilbəil aşağı düşür.
Emin Babayev bildirdi ki, kənddə 2 hektar sahədə tut bağı salmışlar. Baxımsızlıq ucbatından quruyub məhv olur. Mən özüm kümçüyəm. Barama saxladığım vaxtı tut yarpağına görə əlimyandıda qalmışdım. Əgər tut bağına vaxtında aqrotexniki qaydada qulluq göstərilsəydi, indi alaq, kol-kos basmazdı.
Qəsəbələrin sakinləri su qıtlığı ilə üzləşdikləri halda, kəndin əksər yerlərində şirin suların şor kanallara və digər yerlərə axıdıldığını gördük.
Bir yerdə transformatorun mühafizə zolağı yox idi. Bu isə həyat üçün olduqca təhlükəlidir.
Bütün bunlardan başqa, kənddə zibil hara gəldi atılır. Yolboyu kəndin ərazisində belə faktlar çox idi...
E. XƏLİLOĞLU.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter