Ruhunuz qarşısında baş əyirik.
Şəhidlik ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə dönür, nəsildən-nəslə ötürülür.
Vətənin müdafiəsi uğrunda canından, qanından keçən, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızdan biri də Ağayev Aqşin Şirvan oğludur. O, 01 iyun 1993-cü ildə Ulacalı kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb. Gəncədə həqiqi hərbi xidmət keçib. Evli idi.
Vətən müharibəsinə də könüllü gedib. Ötən ilin sentyabrın 28-dən xidmətə səfərbər olunub. Füzuli , Xocavənd və sair istiqamətlərdəki döyüşlərdə iştirak edib. Qanlı döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Şəhidin ailəsi ilə görüşməyə gedən zaman yol üstündə şəhidin qəbrini ziyarət etdik. Sonra atası Şirvan Ağayevlə görüşdük. Övladını itirilməsi onu çox sarsıtmışdı.
- Aqşin vətənpərvər bir oğul idi. Xüsusi təyinatlarla birgə ön cəbhədə xidmət edib. Əsgər yoldaşları deyirlər ki, Aqşin çox cəsur idi, ən ağır tapşırıqlara özü gedərdi. Elə bil od parçasıydı. Elə əsgərləri döyüşə səsləyəndə də Ermənistan qoşunlarının təmas xəttinin yarılması zamanı düşmən gülləsinə tuş gəlib. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ərazilərimizin işğaldan azad olunmsı bütün şəhidlərimizin, o cümlədən Aqşinin də ruhunu şad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Düşmənə rəzalət damğası vuran, bizə qürur yaşadan belə mərd Vətən oğullarının ömür və fəaliyyət yolu hamımız üçün örnəkdir. Onların qəhrəmanlığı, şərəfli mücadilələri yüzilliklərboyu da xalqımızın tarixində yaşayacaq. Elə onların öz qanları ilə yazdığı yeni, həqiqətin parladığı səhifələrdə. Onların adları dualı dillərdə, şirin nəğmələrdə səslənəcək, onların igidliyi, şücaəti əfsanəyə, dastana, şeirə çevriləcək, nəsildən-nəslə ötürüləcək. Qədirbilən xalqımız daim bu igid övladlarının xatirəsini əziz tutacaq, onları həmişə ən ülvi hisslərlə yad edəcəkdir.
Rauf QARAYEV.