• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Malik Qədirovun nurlu xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır

  • 09.06.2024, 17:31, Baxış sayı:
  • 68
Malik Qədirovun nurlu xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır
Malik Qədirov 1951-ci ildə Sabirabad rayonunun Qəzli kəndində nüfuzlu və böyük hörmətə malik ziyalı ailəsində dünyaya göz açmışdı.
Atası mərhum Qədir Balabəy oğlu Qədirov bir sıra məsul vəzifələrdə çalışmış, sağlığında rayonda böyük nüfuzu ilə seçilən, el arasında hörmət və izzət qazanan, zəngin mədəniyyətə, gözəl qəlbə, yüksək işgüzarlığa malik insan kimi tanınan, cismani yoxluğundan sonra da xatirələrdə sədaqətli dost, qayğıkeş ailə başçısı, nüfuzlu rəhbər işçi, əsl təşkilatçı kimi qalan insanlardan olmuşdur. Ata-anası uşaqlarına hər şeydən əvvəl milli-mənəvi dəyərlərə yiyələnməyi, seçdikləri peşəyə sədaqətli olmağı təlqin ediblər. Valideynləri elmə xüsusi maraqla baxıb. 7 oğul atası olmuş Qədir Qədirov övladlarını xalq üçün gərəkli insan kimi böyütmüşdü. Onların hamısı ali təhsil almışdır. Övladlarının hamısı onun şəxsiyyətindən çox bəhrələnmişdir. Onun kişiliyi, mərdliyi, elə bağlılığı, insana yaxınlığı ilə seçilən xasiyyətindən çox-çox yaxşı cəhətləri əxz etmişlər.
Qədirovlar ailəsinin yazılmamış qanunlarından biri də ailə üzvlərinin bir-birinə səmimi, həssas münasibətidir. Xüsusən böyüklərə hörmət etməyi, yaşca balacalara qayğı göstərməyi bu evdə hər kəs özünə borc bilir. Sonralar bu ənənə Malik həkimin də ailəsində davam etmişdir. Oğlu Kənan deyir ki, atası insan həyatında mənəvi zənginliyi hər şeydən uca tuturdu. Deyirdi ki, mənəviyyatca zəngin olan insan güclü olar, hər şeyin fövqündə durmağı bacarar.
Malik Qədirov 1968-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna (hazırda Azərbaycan Tibb Universiteti) daxil olaraq 1974-cü ildə ali məktəbin sanitar-gigiyena fakültəsini bitirmişdir. Sabirabad rayonu Sanitar-Epidemioloji Stansiyasında (hazırda GEM) əmək fəaliyyətinə başlayan Malik Qədirov uzun illər, yəni təqaüdə çıxana qədər (2018) qidalanma bölməsinin müdiri işləmişdir. Malik həkim 2024-cü il mayın 30-da dünyasını dəyişmişdir.
İşlədiyi illər ərzində qazandığı uğurlara görə təltiflərini, fəxri fərmanları və digər mükafatları sadalasaq, geniş bir siyahı alınar. Ən böyük mükafatı isə el sevgisi, xalq məhəbbəti idi.
Ömür-gün yoldaşı Ruqiyyə xanım da tibb işçisidir. Hazırda Sabirabad GEM-də laborantdır. 4 övlad-1 oğul, 3 qız böyüdüb tərbiyə etmişlər. Qızları Zümrüd və Gülnar ali təhsil alaraq öz ixtisasları üzrə müxtəlif sahələrdə çalışırlar. Qızı Sevda vaxtsız vəfat etmişdir. Oğlu Kənan GEM-də mühasib işləyir. Malik həkimin hazırda 7 nəvəsi vardır. Onlardan biri ali təhsil müəssisəsində, qalanları orta məktəbdə oxuyur, dərs əlaçısıdırlar.
Vaxtilə onunla çiyin-çiyinə çalışmış insanlar Malik həkim haqqında bunları söylədilər:
Sabirabad Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Yaqub Tağıyev:
-Malik Qədirov sözün həqiqi mənasında əsl insandı. Sadəlik, təvazökarlıq, mehribanliq onun xarakterini səciyyələndirən əsas xüsusiyyətlərdəndi. O, sakit təbiətli, mülayim xarakterli, təmkinli, gülərüz, qayğıkeş, qonaqpərvər olmaqla yanaşı, eyni zamanda mənəvi dünyası bütün varlığı ilə ailəyə, qohuma, dost-tanışa, qonum-qonşuya, el-obaya, işlədiyi kollektivə, sözün geniş mənasında xalqa, Vətənə bağlı şəxsiyyət idi.
Mejdun Sultanlı:
-Malik həkim çox əxlaqlı, namuslu, qeyrətli, mərhəmətli, qayğıkeş, humanist insan idi. Xeyirxahlıq, qayğıkeşlik, insanlara mənəvi dayaq olmaq və mərhəmətlə yanaşmaq, çətinə düşənə əl tutmaq, yol göstərmək onun gündəlik həyat norması və vərdişləri, əməli fəaliyyətinin müqəddəs amalı, ali məqsədi idi. Gözəl insan, sədaqətli və təmənnasız dost idi. Bu məziyyətlər onun təbiətindən irəli gəlirdi...
Xanoğlan Quliyev:
-Malik həkim kiməsə olan məhəbbətini sezdirməzdi. Onun hörmət, məhəbbət və səmimiyyəti şəxsi ünsiyyətdə və qayğıda özünü açıq-aydın göstərirdi. O, sevgisini, hörmətini gurultulu səslə yox, sakit axan sular kimi büruzə verirdi. Onun qayğısı insanın daxilində yanan şam kimi öz istisini və hərarətini həyatda büruzə verirdi. Etdiyi yaxşılığı qabartmayan şəxs ancaq Allah adamıdır.
Təranə Mirzəyeva:
-Malik həkim sözün həqiqi mənasında gözəl insan əxlaqına, insan davranışına malik olan, davranışda, ünsiyyətdə bütün normaları gözləyən ziyalı idi..
Əntiqə Qəfərova:
-Malik həkim eyni zamanda çox gözəl, sadə insandı. İnsanpərvərliyi, sadəliyi hamını heyran edirdi. O, həm də mehriban ailə başçısıydı. Ailə səadətini ən böyük xoşbəxtlik sanırdı. Deyirdi ki, balalarım sevinəndə mən də sevinirəm.
Həmidə Əzizova:
-Malik Qədirov bir çox insani keyfiyyətləri özündə cəmləşdirən qayğıkeş, gözü-könlü tox, həyatda özünü çox ağayana aparan, özünə hörmət edən bir Vətən övladı idi...
Malik Qədirovun nurlu xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Yeri behişt olsun! Nur içində uyusun!
Elçin NƏSİB
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter