Şərəfli ömrünü vicdanla Azərbaycan təhsininin inkişafına həsr etmiş, hər bir işdə təmkinli olan, ağıllı məsləhətlərini heç kəsdən əsirgəməyən, hamımızın yaxşı tanıdığı, böyük rəğbət bəslədiyi Zibeydə Mirzəyevanın vəfatından bir il keçir.
Zibeydə Ağavəli qızı Mirzəyeva 1932-ci il dekabrın 6-da Bakının Əmircan kəndində anadan olub. Zəhmətkeş ailədə böyüyüb. Atası Ağavəli Abasov fəhlə, anası Siyarə Mirzəbaba qızı evdar qadın olmuşlar. 1948-ci ildə kəndlərindəki 97 nömrəli məktəbin 7-ci sinfini bitirib. 1948-1952-ci illərdə Bakı Xalq Maarif şöbəsinin nəzdində olan texnikumda oxuyub.
Elmə olan marağı onu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinin tələbəsi edir. Ilk oxuduğu məktəbdə, texnikumda, institutda həm təhsildə, həm də ictimai işlərdə yoldaşlarından fərqlənib.
1956-cı ildə ali məktəbi bitirən Zibeydə müəllim təyinatla Sabirabad yeddiillik dəmiryol məktəbinə göndərilir. İlk günlərdən şagirdlərin məhəbbətini qazanır. 1957-ci ildə Sabir Mirzəyevlə ailə qurur. Sonra 1957-1963-cü illərdə 1 saylı Sabirabad şəhər orta məktəbində müəllim işləyir. Burada da müəllim və şagird kollektivinin hörmət və ehtiramını qazanır. 1963-cü ildə Sabirabad şəhər 3 saylı 8 illik məktəbinə direktor təyin edilir. Zibeydə müəllimin direktor olduğu məktəbdə təhsildə və ictimai işlərdə müsbət irəliləyiş olmuşdur. Zibeydə Mirzəyeva həmin təhsil müəssisəsini inkişaf etdirərək orta məktəbə çevirmişdir Onun direktor işlədiyi müddətdə məzunların çoxu məktəbi medalla, fərqlənmə ilə bitirmişdir. Məzunların çoxu müxtəlif sahələrdə yüksək vəzifələrə yüksəlmişlər.
Həmin müddətdə o, “Qırmızı əmək bayrağı” ordeni, “Azərbaycanın qabaqcıl maarif işçisi” döş nişanı ilə təltif edilmişdir. Zibeydə Mirzəyeva həmçinin “Azərbaycanın xalq müəllimi” adını almış, “Xalqlar dostluğu” ordeni, “SSRİ maarif əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Eyni zamanda “Əməkdar müəllim” fəxri adına da layiq görülmüşdür. 6 dəfə Azərbaycan müəllimlərinin qurultayının iştirakçısı olmuşdur.
Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan bir şəxs kimi rayonda tanınan və sevilən Zibeydə Mirzəyeva 1978-1985-ci illər ərzində Sabirabad rayon Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bu müddətdə bütün məktəblərdə tədris kabinetləri təşkil edərək təlimin tədrisinin keyfiyyətini yüksəltmişdir. Məktəblərdə 1941-1945-ci illər müharibəsi qəhrəmanlarına aid abidələr tikdirmişdir. Şagirdlərin asudə vaxtlarının səmərəli keçməsi üçün idman kompleksləri inşa etdirmişdir. Yeni dərs ilinə hazırlıqla əlaqədar qalib olduqları üçün rayonun təhsil ocağı üç dəfə Respublika Həmkarlar İttifaqının keçici bayrağına və pul mükafatına layiq görülmüşdür. Zibeydə xanım 1985-2011-ci illərdə müəllim kimi çalışmışdır.
Saf əqidəsi, intuisiyası, yüksək təhsili və mədəniyyəti, hadisələri düzgün dəyərləndirmək bacarığı ona mətin irəliləməyə, qürurlu bir ömür yaşamağa imkan vermişdir.
Gözəl insan, səmimi dost, dəyərli ziyalı, xeyirxah əməlləri ilə hər zaman fərqlənən Zibeydə Ağavəli qızı Mirzəyevanın nurlu xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Yeri behişt olsun!
“Muğanın səsi”