• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Onun adı, haqqında xatirələr yaşayır

  • 01.03.2023, 10:57, Baxış sayı:
  • 282
Onun adı,  haqqında xatirələr yaşayır
Sabirabadda hamının yaxşı tanıdığı, adını hörmətlə andığı, dövlətə və xalqa sədaqətlə xidmət etmiş, hər bir işdə təmkinli olan, ağıllı məsləhətlərini heç kəsdən əsirgəməyən, gözəl insan Əliqəmə Quliyevin adına taleyin qismətiylə məmurluq yazılmışdı.
Məmurlar cürbəcür olurlar. Rəhbərlik etdikləri kollektivdə böyük nüfuz sahibi olan, yüksək təşəbbüskarlığı, təşkilatçılığı ilə fərqlənən məmurlar var. Buyuruq qulu olan, əmrə müntəzir, hər hansı məsələyə münasibətdə özlərinin heç bir mövqeyi olmayan, beləliklə, yuxarıların “idarəetmə maşını”nın “vintciyi” kimi kor-koranə fəaliyyət göstərən məmurlar da yox deyildir.
Gözəl ziyalı Əliqəmə Quliyev ağayana görkəmi ilə, yüksək nüfuzu ilə sayılıb-seçilən məmurlardan olmuşdur. Xeyirxah əməlləri ilə el-oba arasında yüksək nüfuz qazanmışdı. Həmişə ən çətin, ən məsuliyyətli sahələrə rəhbərlik etmişdir. Rəhbər vəzifələrdə işləyərkən son dərəcə səmimi, mehriban insan olmuşdur. O, adamlara kömək etməkdən həzz alırdı. Hər kəslə doğma adam kimi rəftar edər, onların dərd-səri, qayğıları ilə yaxından maraqlanardı. Ona müraciət edən şəxs heç vaxt naümid qalmazdı, otağından əmin-arxayın çıxardı.
Adamların Əliqəmə Quliyev haqqında olan xatirələrini dinləmişəm. Onun haqqında həmişə, hamıdan xoş sözlər eşitmişəm. Daim Əliqəmə Quliyevin xeyirxahlığından danışıblar. Söhbət etdiyim adamların Əliqəmə Quliyevə məxsus dediklərini cəmləşdirsək geniş bir siyahı alınar. Onun barəsində peşəsindən asılı olmayaraq həmişə xoş sözlər danışırlar, dərin kədər hissi ilə kövrək xatirələr dilə gətirirlər...
Şəhər sakini mərhum Adil Hümbətov mənə bunları söyləmişdi:
-Əliqəmə Quliyev çox xeyirxah insan idi. Bir dəfə kasıb bir adamın işinə görə ona müraciət etmişdim. Onun istəyini dərhal, təmənnasız yerinə yetirdi.
Yaxın dostu Mirnizami Ağayevin dediklərindən:
-Dost haqqında söz demək çox çətindir. Əliqəmə müəllimi lap uşaqlıqdan tanıyırdım. Çox yoldaşlıq eləmişik. Uzun illər dostluğumuz müddətində yəqin etdim ki, bir rəhbər kimi də, bir insan kimi də əvəzsiz adamdır. Mən ona, onun cəsarətinə, mərdliyinə, rayonun təəssübünü çəkdiyinə, çörək qədrini bildiyinə, vətəndaşlıq qeyrətinə görə hörmət eləyirdim. Çox gözəl insan idi, həmişə dostları barədə düşünərdi. Dostluqda möhkəm, yoldaşlıqda səmimi idi. Təmiz adam idi, ləkəsiz idi, saf idi. Vətənini, xalqını dərin məhəbbətlə sevirdi. Həqiqi mənada sözü ilə işi, əməli arasında təzad olmayan, əyilməz, bütöv şəxsiyyət idi. Daxili də, zahiri də bir-birini tamamlayırdı. Çox qayğıkeş, ürəyiyumşaq, ailəyə bağlı insan idi. Yalançılıq, ikiüzlülük, yaltaqlıq onun ən çox nifrət etdiyi mənfi hallar idi. Haqsızlığı heç vaxt xoşlamazdı...Gənclər haqqında söz düşəndə ağızdolusu, ürək genişliyi ilə danışardı. Həmişə çalışırdı ki, adama düzgün istiqamət versin. Onun kimi sadə, səmimi, geniş ürəkli adama az-az rast gəlmək olar.
Axısxa kənd sakini Binəli Mövludov isə bunları söyləmişdir: “Əliqəmə Quliyev sözün həqiqi mənasında əsl insandı. Sadəlik, təvazökarlıq, mehribanliq onun xarakterini səciyyələndirən əsas xüsusiyyətlərdəndi. O, sakit təbiətli, mülayim xarakterli, təmkinli, gülərüz, qayğıkeş, qonaqpərvər olmaqla yanaşı, eyni zamanda mənəvi dünyası bütün varlığı ilə ailəyə, qohuma, dost-tanışa, qonum-qonşuya, el-obaya, işlədiyi kollektivə, sözün geniş mənasında xalqa, Vətənə bağlı şəxsiyyət idi. Əliqəmə Quliyev öz mənliyini, şəxsiyyətini, alicənablığını hifz edib saxlayan insan olmuşdur”.
Əliqəmə Quliyev vəfalı dost, yaddaqalan ictimaiyyətçi, hər şeydən əvvəl gözəl qəlbə malik insan idi. “Yeni Muğan” qəzetini çıxaranda maliyyə çətinliyi ilə üzləşmişdik. Əliqəmə Quliyevə zəng etdim, məsələ dərhal həll olundu. “Muğan-Şirvan” qəzetini təsis edəndə o, mənə ilk xeyir-dua verənlərdən olmuşdu.
Daim əməksevərliyi, səmimiliyi və yüksək nizam-intizamı ilə seçilmiş, rayonun ictimai həyatında fəal iştirak etmiş Əliqəmə Quliyev bizlərə əlvida dedi. Özü ilə neçə-neçə arzuları, istəkləri apardı. İnsanların Əliqəmə Quliyevə qarşı olan hörmət və məhəbbətini onun dəfnində bir daha hiss etdik. Onun dəfninə gələnlərin ucu-bucağı görünmürdü. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov başda olmaqla aparatın məsul işçiləri, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, idarə, müəssisə rəhbərləri, rayonun nüfuzlu ağsaqqalları, din xadimləri, yaxından-uzaqdan gəlmiş insanlar, şəhər sakinləri dəfndə iştirak edirdilər.
Əliqəmə Quliyev 2019-cu il mayın 9-da Haqq dünyasına qovuşmuşdur. Allahdan ona qəni-qəni rəhmət diləyir, qəbri nurla dolsun,- deyirik.
Dünyadan getməsəydi, bu il fevralın 8-də Əliqəmə Quliyevin 70 yaşı tamam olacaqdı. Biz onu təsadüfdən-təsadüfə anmırıq. Qəlbən onunla görüşür, söhbət edirik. Adını da tez-tez dilimizə gətiririk. İndi Əliqəmə Quliyev yoxsa da, onun adı, haqqında xatirələr yaşayır.
Onun ad günündə rayon ictimaiyyətinin nümayəndələri, dostları, yaxınları, tələbə və şagird yoldaşları qəbrini ziyarət edərək, xatirəsini anmışlar.
Ruhuna dualar oxunmuş, Sabirabad şəhərinin “Şam” İstirahət mərkəzində ehsan verilmişdir.

Elçin NƏSİB
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter