(Həkim Zakir Abbasovun xatirəsinə)
Dünyanın yaxşılarını həmişə yad etmək gərəkdir. Dünya ancaq və ancaq belə xeyirxah, mərd, sədaqətli və halal insanların hesabına yaxşılaşa, halallaşa, durulaşa bilər.
İnsan özünü əməli, şəxsi ləyaqəti ilə təsdiqləyir. Belə adamlar gözəllik qanunları ilə qurub-yaratmağı sevir, həyat həqiqətinə güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər.
Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi peşənin müqəddəsliyini qorumaq, nüfuzunu saxlamaq bu cür adamlar üçün ali məqsədə çevrilir. Bu şərəfli amalı gerçəkləşdirmək o qədər asan deyil və həm də hər kəsə qismət olmur.
Haqqında söz açmaq istədiyimiz Zakir həkim bir çox insani keyfiyyətləri özündə cəmləşdirən qayğıkeş, gözü-könlü tox, həyatda özünü çox ağayana aparan, özünə hörmət edən bir vətən övladı idi.
Zakir Qüdrət oğlu Abbasov 1945-ci ildə İmişli rayonunda nüfuzlu və böyük hörmətə malik ziyalı ailəsində dünyaya göz açmışdı. Atası mərhum Qüdrət Abbasov həmişə məsul vəzifələrdə işləyib, övladlarının tərbiyəsi onun üçün hər şeydən vacib olub. Anası mərhum Bəyimnisə xanım tanınmış sənətkar Zülfü Adıgözəlovun nəslindəndir. Bəyimnisə xanımın atası Qaryagin (indiki Füzuli) bəylərindən olub.
Zakir Abbasovun ata-anası uşaqlarına hər şeydən əvvəl milli-mənəvi dəyərlərə yiyələnməyi, seçdikləri peşəyə sədaqətli olmağı təlqin ediblər. Valideynləri elmə xüsusi maraqla baxıb. Ailədə iki qız, iki oğlan olublar. Övladları ali və orta ixtisas təhsili almışlar. Sovet dövründə öz gücünə institututlara, ali məktəblərə daxil olmaq müşkül məsələ idi, böyük hünər istəyirdi. Barmaqla göstərirdilər onları. Onlar belə böyüyüb, belə tərbiyə görmüşdü. Hamısı ağıllı-zəkalı, mədəni və xeyirxah.
Abbasovlar ailəsinin yazılmamış qanunlarından biri də ailə üzvlərinin bir-birinə səmimi, həssas münasibətidir. Xüsusən böyüklərə hörmət etməyi, yaşca balacalara qayğı göstərməyi bu evdə hər kəs özünə borc bilir. Sonralar bu ənənə Zakir həkimin də ailəsində davam etmişdir. O, insan həyatında mənəvi zənginliyi hər şeydən uca tuturdu. Deyirdi ki, mənəviyyatca zəngin olan insan güclü olar, hər şeyin fövqündə durmağı bacarar.
Zakir Abbasov 10 yaşında atasının vaxtsız ölümü ilə qarşılaşıb. Evdar qadın olan anası Bəyimnisə xanım dörd övladının ataya ən çox ehtiyacı olan bir zamanda dəyərli şəxsiyyət olan həyat yoldaşıını itirmişdi. Amma əzəmət və möhtəşəmliyin mücəssəməsi olan qeyrət və cəsarəti ilə bütün çətinliklərə üstün gəldi. Övladlarını böyüdüb, hamısına təhsil verib, layiqli vətəndaş kimi cəmiyyətə təqdim etdi.
Zakir Abbasov 1961-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna (hazırda Azərbaycan Tibb Universiteti) daxil olaraq 1967-ci ildə ali məktəbi bitirmişdir. Vartaşen rayonunun (indiki adı; Oğuz) Sincan kənd xəstəxanasında (1967-1968) baş həkim, Donetsk şəhəri hərbi alayının (1968-1970) tibb hissəsi rəisi, Sabirabad Mərkəzi Rayon Xəstəxanasında (1970-1972) terapevt, həmin xəstəxananın terapiya şöbəsinin (1972-1983) müdiri, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının (1983-1986) baş həkimi, həmin xəstəxanada qəbul şöbəsinin (1986-2006) müdiri, İmişli rayonu GEM-də (2006-2015) təqaüdə çıxana qədər direktor işləmişdir. Səhiyyə əlaçısı, yüksək kateqoriyalı həkim-terapevt idi. Zakir həkim 2023-cü il martın 27-də dünyasını dəyişmişdir.
İşlədiyi illər ərzində qazandığı uğurlara görə təltiflərini, aldığı medalları, fəxri fərmanları, döş nişanlarını və digər mükafatları sadalasaq, geniş bir siyahı alınar. Ən böyük mükafatı isə el sevgisi, xalq məhəbbəti idi.
Zakir həkim eyni zamanda çox gözəl, sadə insandı. İnsanpərvərliyi, sadəliyi hamını heyran edirdi. O, həm də mehriban ailə başçısıydı. Ailə səadətini ən böyük xoşbəxtlik sanırdı. Deyirdi ki, balalarım sevinəndə mən də sevinirəm.
Ömür-gün yoldaşı Sədaqət xanım da həkimdir. 2 övlad-1 oğul, 1 qız böyüdüb tərbiyə etmişlər. Övladları Tural və Firuzə ali təhsil almış, öz ixtisasları üzrə müxtəlif sahələrdə çalışırlar. Zakir həkimin hazırda 3 nəvəsi vardır: Teymur, Toğrul, Nigar. Hər üçü orta məktəbdə oxuyur, dərs əlaçısıdırlar.
Zakir həkim gecəli-gündüzlü insanlara tibbi xidmət göstərmiş, onların sağlamlığı keşiyində ləyaqətlə duraraq, Hippokrat andına sadiq qalmışdır.
Zakir Abbasov sözün həqiqi mənasında gözəl insan əxlaqına, insan davranışına malik olan, davranışda, ünsiyyətdə bütün normaları gözləyən ziyalı idi..
Zakir həkim şair təbiətli insan idi, poeziya vurğunuydu. Azərbaycan ədəbiyyatının mahir bilicisi kimi də fərqlənirdi. Klassik və müasir şairlərin şeirlərini əzbərdən deyirdi. Özü də ara-sıra şeirlər yazırdı. Xalq şairi B.Vahabzadənin bu misralarını tez-tez söyləyirdi:
...Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmasa, yaşamır demək,
Onun da həyatı yanmağındadır...
Bəli, xalq üçün yaşamaq, çalışmaq böyük səadətdir. Şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkimin ən yüksək təltifi xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır. Necə ki, Zakir həkim bütün bunları qazanmışdır.
Qohumu Kimyə İsmayılova Zakir həkim haqqında bunları söylədi:
-Zakir həkim ailəmizin, mərhum ata-anamın ən hörmətlisi idi. Atam, qardaşım qədər xətrini çox istəyirdim. Çox əxlaqlı, namuslu, qeyrətli, mərhəmətli, qayğıkeş, humanist insan idi. Həkim kimi güclü təfəkkürə, fəhmə malik idi. Xəstənin vəziyyətini baxışlarından oxuyur, səmimi, xoş sözlərlə təskinlik verirdi. Hər bir xəstəyə həssaslıqla yanaşır, sağalması üçün əlindən gələni edirdi. Xəstələrə dərman yazarkən onların maddi vəziyyətini nəzərə alırdı. Xeyirxahlıq, qayğıkeşlik, insanlara mənəvi dayaq olmaq və mərhəmətlə yanaşmaq, çətinə düşənə əl tutmaq, yol göstərmək onun gündəlik həyat norması və vərdişləri, əməli fəaliyyətinin müqəddəs amalı, ali məqsədi idi. Gözəl insan, sədaqətli və təmənnasız dost idi. Bu məziyyətlər onun təbiətindən irəli gəlirdi. Zakir həkim kiməsə olan məhəbbətini sezdirməzdi. Onun hörmət, məhəbbət və səmimiyyəti şəxsi ünsiyyətdə və qayğıda özünü açıq-aydın göstərirdi. O, sevgisini, hörmətini gurultulu səslə yox, sakit axan sular kimi bildirirdi. Onun qayğısı insanın daxilində yanan şam kimi öz istisini və hərarətini həyatda büruzə verirdi. Etdiyi yaxşılığı qabartmayan şəxs ancaq Allah adamıdır.
Zakir Abbasovun tərifi dillərdə dastana dönüb. Bu isə təbiidir. Çünki əsl insanlar heç vaxt ölmürlər. Ömür əmanət olsa da, insanlıq daimidir.
Zakir həkim haqqında keçmiş zamanla danışmaq, varlığını xatirələrlə anmaq nə qədər çətin olsa da, xatirəsi xoş təəssüratlarla anılmaqla, həmişə qəlbimizdə yaşayacaqdır. “Yaşamaq gözəldir, yaşatmaq da“ deyən Zakir Abbasov əslində yaşatmaq üçün bu dünyaya gəlmişdi. Elə yaşadı da, yaşatdı da. Əbədiyyətə qovuşan fenomenlər haqqında danışanda, adətən onların bu fani dünyamızdan yalnız cismən ayrı olduqlarını söyləyirlər. Əslində isə onlar cismən də bizimlədirlər. Həkim Zakir Abbasov da hələ sağlığında ürəklərdə özünə məskən tapmış insanlardan idi. Heç zaman unudulmayacaq.
Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Yeri behişt olsun!
Dostlarından bir qrup