“Kənd əhalisinin ümumi istifadəsi üçün nəzərdə tutularaq bələdiyyə mülkiyyətində saxlanılan otlaq yeri get-gedə kiçilməkdədir. Bu ərazinin bir hissəsini ayrı-ayrı imkanlı şəxslər tutublar. Dəfələrlə müxtəlif instansiyalara müraciətlər ünvanlamışıq. Həmçinin vəzifəli şəxslərin qəbulunda olmuşuq. Lakin bir nəticəsi olmayıb”.
Sabirabad rayonunun Qəzli kəndinin bir qrup sakini redaksiyamıza ərizə ilə müraciət etmişdir. Onlar örüş yerləri ilə bağlı şikayətçidirlər. Şikayət məktubunu araşdırmaq üçün Qəzli kəndində olduq. Kənd sakinləri ilə görüşüb onların şikayətlərini dinlədik.
Kənd sakini Fəyyaz Novruzov bunları söylədi:
-Qəzli kəndinin 850 hektar örüş sahəsi var. Amma kənd camaatı heyvanlarını orada otara bilmirlər. Səbəbi də budur ki, həmin sahələr Fuad Həsənov və digər şəxslər tərəfindən zəbt edilib. Kənd camaatının oraya girişinə qadağa qoyulub. Bilmirik dərdimizi kimə deyək.
Kəndin başqa bir sakini Babək Əliyev dedi ki, kənd əhalisinin ümumi istifadəsi üçün nəzərdə tutularaq bələdiyyə mülkiyyətində saxlanılan otlaq yeri get-gedə kiçilməkdədir. Bu ərazinin bir hissəsini ayrı-ayrı imkanlı şəxslər tutublar. Dəfələrlə müxtəlif instansiyalara müraciətlər ünvanlamışıq. Həmçinin vəzifəli şəxslərin qəbulunda olmuşuq. Lakin bir nəticəsi olmayıb.
Sakinlərdən Yadulla Şirvanov isə vurğuladı ki, örüş dolanışığımız üçün son ümid yeridir. Kəndimizin əhalisinin əksəriyyəti mal-qara saxlamaqla ehtiyaclarını ödəyirlər. Biz kimdənsə pul, yardım istəmirik. Mal-qaramızı otarmağa yer istəyirik. Örüş yeri əlindən alınan kəndli heyvanını harada otarmalıdır, nə ilə dolanmalıdır?
Kamil Məmmədov gileyləndi ki, balıq təsərrüfatı yaradanlar örüş sahələrini suya basırlar. Nəticədə heyvanı otarmağa yer tapa bilmirik.
Şahin Rəhimov isə bildirdi ki, əvvəllər kolxozun ümumi əkin sahələri vardı. Orada əsasən pambıq, taxıl əkilirdi. Örüş yerlərində ot azalanda heyvanlarımızı həmin sahələrin ətəklərində otarırdıq. Məhsul yığılıb qurtaranda isə kolxozun sahələrindən bəhrələnirdik. İndi bundan məhrumuq. Çünki hər kəsin özünə məxsus pay torpağı var və həmin sahələrdə müxtəlif kənd təsərrüfatı bitkiləri əkilib-becərilir.
Biz şikayət ərizəsində örüş sahəsini zəbt edən kimi adı göstərilən Yenikənd kənd sakini Fuad Həsənovla da görüşdük. Fuad Həsənov dedi ki, biz həmin sahəni zəbt etməmişik. Sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq. Heyvan saxlamaq üçün örüş sahəsindən icarəyə torpaq götürmüşük. 140 hektar sahə bizim ixtiyarımızdadır. Fuad Həsənovla söhbətdən sonra məlum oldu ki, 2004-cü ildə Qəzli kəndinin örüş sahəsindən bələdiyyə onun atası Hilal Həsənova 15 il müddətinə icarəyə 70 hektar yer vermişdir. 2019-cu ildən 2034-cü ilədək isə onun qardaşı Rauf Həsənova da 70 hektar torpaq sahəsi icarəyə verilmişdir.
Fuad Həsənov bildirdi ki, atamın adına olan sahənin vaxtını uzatmaq üçün Quruzma bələdiyyəsinə rəsmi müraciət etmişdik. Bələdiyyə sədri Ələmdar İbrahimov bizə dedi ki, pandemiya ilə əlaqədar iş yubanır.
Fuad Həsənov onu da dedi ki, 700 baş qoyun, 30 baş inək bəsləyirik. Bu il 500 başdan yuxarı quzu əldə etmişik. Bizə icarəyə verilən örüş sahəsindən başqa məqsəd üçün istifadə etmirik. Orada mal-qara, qoyun-quzu saxlayırıq.
Biz heyvanlar saxlanılan əraziyə gedərkən yolboyu doğrudan da örüş sahələrinin su içində olduğunu gördük. Orada bildirdilər ki, həmin sular balıq gölməçələrindən axıdılır. Lakin balıq saxlayanlardan heç kimə rast gəlmədik ki, şikayətçilərin iradlarını onlara bildirək.
Məsələni yazıb araşdırdıq. Bir tərəfdə mal-qara saxlayıb örüş yeri axtaran Qəzli kəndinin sakinləri, digər tərəfdə isə həmin sahələri icarəyə götürən sahibkarlar. Biz kimin haqlı olub-olmadığını deyə bilmərik. Odur ki, aidiyyəti təşkilatlardan cavab gözləyirik.
E. XƏLİLOĞLU