BİR ŞİKAYƏTİN İZİ İLƏ
Redaksiyamıza Ulacalı və Bulduq kənd sakinləri Üfüq Cəbrayılov, Nəcəfqulu Quliyev, Müslüm Əliyev və Ələsgər Qəhrəmanovun imzaları ilə şikayət məktubu daxil olmuşdu. Onlar kəndlərində elektrik xətlərinin və dirəklərinin bərbad vəziyyətdə olmasından gileylənirdilər. Şikayət məktubunu yerindəcə araşdırmaq üçün həmin kəndlərdə olduq. Əvvəlcə Bulduq kənd sakini Müslüm Əliyevin yaşadığı evə getdik. Onun evinə gələn elektrik xətləri həyat üçün olduqca təhlükəli idi. Dünyaya inteqrasiya olunduğumuz bir dönəmdə belə vəziyyət təşviş doğurur. Müslüm Əliyev bizə bunları söylədi:
-On il bundan əvvəl öz xərcimlə evimə işıq çəkdirmişəm. Gördüyünüz kimi, dirəklər ağac budaqlarından olduğundan elektrik xətləri aşağıdan gedir. Onlarda artıq çürüyüb, xeyli hissəsi aşıb. Bu barədə 199 qəza xidmətinə dəfələrlə zənğ edib demişəm. Lakin harayımıza yetən yoxdur.
Bulduq kəndinin digər sakini Ələsgər Qəhrəmanovun da problemi Müslüm Əliyevlə eynidir. O, dedi ki, 200 metr uzunluğunda kabel aldım. Məcbur olub qonşumun çəpərindəki söyüd ağacları vasitəsi ilə evimə işıq çəkdirdim. Qonşu indi mənə deyir ki, elektrik xəttini sök. Sənin ucbatından həyətyanı sahəmi əkib-becərə bilmirəm, oraya ev heyvanlarını da buraxmıram.
Ələsgər Qəhrəmanov daha sonra bunları da söylədi ki, mənim evimə heç qaz xətti də çəkilməyib. Qışda odun yandırıram. Bizdə hər şey problemdir. Dolanışıq ağırdır.
Ulacalı kənd sakinləri Üfüq Cəbrayılov, Nəcəfqulu Quliyev və Hacı Əliyev də eyni problemlə üzləşmişlər. Onların yaşadıqları mənzillərə gedən elektrik xətləri və dirəkləri bərbad vəziyyətdədir. Çürümüş elektrik dirəklərində necə deyərlər, daha dözüm qalmayıb. Onlar bildirdilər ki, xətlərin dolaşması və dirəklərin aşması nəticəsində (onlara dirək demək olarsa) həftələrlə içıqsız qalırıq. Naqillərin üstü açıqdır. Əksər hissəsi böyürtkən kollarının arası iıə gedir. Bu isə böyürtkandan istifadə edənlərin həyatı üçün təhlükəlidir. Orada otlayan heyvanlar üçün də təhlükə qaçılmazdır.
Üfüq Cəbrayılov dedi ki, bu barədə müraciət etmədiyimiz ünvan qalmayıb. Sabirabad rayon Elektrik Şəbəkəsinin mühəndisi Qafur Nəsirova gileyimizi deyəndə bizə cavab verir ki, darıxmayın, hər şey düzələcək. Artıq 10 ildir ki, bizə belə boş vədlər verirlər. Qarşıdan qış ayları gəlir. Görəsən bizə kömək edən tapılacaqmı?!
Şikayətçilər onu da bildirdilər ki, işiq pullarını da vaxtlı-vaxtında ödəyirlər. Lakin taleyüklü bu məsələ rayonun əlaqədar təşkilatlarını əsla narahat etmir.
E. XƏLİLOĞLU.