Vətəndaşlar Mexaniki Suvarma İdarəsindən və onun rəisi Mirəlif Əzizovdan şikayətçidirlər, idarə rəisinin telefon zənglərinə belə cavab verməməsindən hiddətlənirlər.
Redaksiyamıza Sabirabad rayonunun Qəzli kəndinin bir qrup sakininin imzası ilə şikayət məktubu daxil olmuşdu. Məktubda göstərilirdi ki, pay torpaqlarını suvara bilmirlər.
Məktubu yerində araşdırmaq üçün Qəzli kəndinə yollandıq. İlk müsahibimiz Qəzli kənd sakini Babək Əliyev oldu. O bildirdi ki, kəndin çöl torpaqlarını suvarmaq üçün su xətti çəkmişdilər. Su boruları köhnə və yararsız, eyni zamanda kiçik diametrli olduğu üçün tez bir zamanda sıradan çıxdı. Borular dolduğundan, həm də partladığından su boş-boşuna camaatın həyət-bacasına axır. Əkinlərimiz çöldə suya həsrət qaldığı halda, necə deyərlər, kənddə suyun içində üzürük. Təsərrüfatımıza ziyan dəyir. Kanallar da lillənib, içərisini kol-kos, qamış basıb. Nəticədə neçə illərdir ki, sahələrimizi suvara bilmirik. Qonşu kəndlərdən gələn su xətlərinin ümidinə qalmışıq. Yenikənd, Quruzma, Qaraqaşlı kəndlərindən su veriləndə sahələrimizi suvarırıq, verilməyəndə susuz qalırıq.
Babək Əliyev onu da vurğuladı ki, insanlar həmin xəttlə verilən suyu həm də içirlər. Kanala insan orqanizmi üçün zərərli məişət tullantıları atılır. Koronavirusun tüğyan etdiyi hazırkı dövrdə bu həyat üçün, sağlamlığımız üçün olduqca təhlükəlidir. Nəzarət edən yoxdur.
Fəyyaz Novruzov, Yadulla Şirvanov, Kamil Məmmədov və Şahin Rəhimov da Babək Əliyevin sözlərini təsdiq etdilər.
Biz orada olarkən Yenikənd kəndinin sakinləri Rizvan Abışov, İbrahim Cəlilov, Gündüz Abbasov, Oqtay Şahbazov və başqaları da su kanallarının lilləndiyindən, illərlə təmizlənmədiyindən gileyləndilər. Dedilər ki, bu barədə Mexaniki Suvarma İdarəsinə dəfələrlə müraciət etmişik. Hər dəfə bir vəd verirlər. Lakin nəticəsi yoxdur.
Yerlərdə sakinlər Mexaniki Suvarma İdarəsinin rəisi Mirəlif Əzizovdan narazılıqlarını ifadə etdilər. Onun suvarma ilə bağlı qaldırılan məsələlərə laqeyid yanaşmasına və telefon zənglərinə cavab verməməsinə kəskin etirazlarını bildirdilər.
Haşiyə: Onu da qeyd edək ki, torpaq istifadəçiləri də burada suvarma suyundan səmərəli istifadə etmirlər. Biz Yenikənd kəndində bir neçə yerdə suvarma suyunun boş-boşuna, bəzi yerlərdə isə şor kanallara axıdıldığının şahidi olduq.
Torpaqların meliorativ vəziyyətinin qeyri-qənaətbəxş olması, ayrı-ayrı su istifadəçiləri tərəfindən istismar olunan nasos stansiyalarının istismarında, saxlanılmasında, xüsusilə enerji xərclərinin ödənilməsində çətinliklərin yaranması, digər obyektiv və subyektiv səbəblərdən torpaq istifadəçiləri vaxtında suvarma suyu ilə təmin olunmadıqda kənd təsərrüfatı məhsullarının həcmi azalır.
Ötən illərdə baş vermiş çətinliklərin təkrar olunmasının qarşısının alınması məqsədiilə Mexaniki Suvarma İdarəsi (rəisi Mirələlif Əzizovdur) tərəfindən bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməli, qarşıdan gələn yay suvarması mövsümünə ciddi və hərtərəfli hazırlıq işləri sürətləndirilməlidir. Meliorasiya İdarəsi də (rəisi Alim Mürşüdovdur) adı keçən kəndlərdə əkinlərin şor sular altında qalmaması üçün işlək briqada yaradaraq drenlərin təmizlənməsinin ən qısa müddətdə təşkil edilməsinə nail olmalıdır.
Bu vacib məsələləri diqqətdə saxlayacağıq.
“Muğanın səsi”