Dekabrın 21-də bütöv, suveren Azərbaycanın azad Xankəndi şəhəri sevinclə, sevgiylə onillər boyu onun həsrəti ilə yaşamış əsl sahiblərini, əbədi sakinlərini qarşıladı. Yenilənmiş, cəmi iki aya əsaslı təmir olunmuş, oturacaqlarından separatçıların izləri, murdar rəmzləri silinmiş, simvolikaları zibilxanaya atılmış, başının üstündə daha əski parçası deyil, haqq etdiyi müqəddəs üçrəngli bayrağımız dalğalanan Xankəndi stadionu tarixi bir ana, futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində elə adlarının rəmzi mənası düşmənin canına qorxu salan “Qarabağ” – “Mərkəzi Ordu İdman Klubu” (MOİK) komandalarının oyununa ev sahibliyi etdi. Təkcə stadiona toplaşmış azarkeşlər deyil, bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları eyni anda eyni sevinci, eyni qüruru yaşadılar. Və bütün, bütöv Azərbaycan sevinc göz yaşlarına boğuldu!
Çünki ilk dəfə idi ki, işğaldan azad edilmiş torpaqlarımızda belə bir idman bayramı yaşanırdı. Kənddən Xankəndiyə çevrildiyi gündən bəri xanımızın, igid ata-babalarımızın yurdu ilk dəfə idi ki, müstəqil Azərbaycanın iki futbol komandasının qarşılaşmasını izləyirdi. Bu günü, bu oyunu unudulmaz edən həm də əsrlər boyu Vətənimizin ürəyində sağalmaz qara yara kimi kök atmış, kimlərinsə həllinə imkan vermədiyi Qarabağ münaqişəsini canları bahasına birdəfəlik tarixin arxivinə göndərmiş qəhrəman oğullarımızın, müqəddəs şəhidlərimizin ruhlarına göstərilən dərin ehtiram oldu. “Qarabağ” – MOİK oyununu izləyənlərin ön sıralarında məqamları uca şəhidlərimizin ailə üzvləri, bu Vətənin etibarlı gələcəyi, hamımızın minnət borclusu olduğumuz şəhid övladları və torpaq uğrunda canlarından can əsirgəməyən igid qazilərimiz əyləşmişdilər. Özü də şanlı Qələbəmizin, Xankəndinin, Şuşanın, Xocalının, Ağdamın, Laçının, daha neçə düşmən tapdağı altında olan şəhərimizin, kəndimizin azadlığının memarı, Müzəffər Ali Baş Komandanımızın yanında!
Azərbaycan Prezidenti İlham Əliyev tarixi oyundan əvvəl bir daha bütün dünyaya anlamlı mesaj verdi, düşmənlərə, Qarabağ üzərindən qara-qara oyunlar qurmaq istəyənlərə, ürəklərində məkrli, xəbis niyyət yaşadanlara növbəti dəfə xəbərdarlıq etdi. Böyük Sərkərdəmiz oyunun əvvəlində topa endirdiyi rəmzi zərbə ilə bəyan etdi ki, bütün başqa oyunlar çoxdan bitib, Qələbə qolları çoxdan vurulub. İndi daha bu yerlərdə heç zaman düşmənlər meydan sulaya bilməyəcəklər. Təməli Qarabağ xanı tərəfindən qoyulmuş, Azərbaycanın vəsaiti hesabına öz memarlarımız, inşaatçılarımız tərəfindən tikilmiş bu böyük, gözəl şəhər bundan sonra əsl sahiblərinin xoşbəxt yaşayacağı, Azərbaycanın dostlarını qonaq qarşılayacağı əbədi yurd yerimiz olacaq. Göylərində hər zaman üçrəngli Bayrağımız dalğalanacaq!
Müzəffər Ali Baş Komandan bütün qarabağlılara və “Qarabağ”lılara “İmarət” stadionunun müjdəsini də verdi. Hamı sevinclə xəbər tutdu ki, tezliklə digər azadlığına qovuşmuş şəhərlərimiz kimi yenidən qurulan Ağdamda yeni, müasir stadionun inşasına başlanılacaq və “Qarabağ” da ən qısa zamanda öz doğma ocağına qayıdan keçmiş məcburi köçkünlərə qoşulacaq. Çünki işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-abadlıq işləri o qədər sürətlə aparılır ki, bütün dünya görülən işlərin nəticələrindən heyrətlənir, dostlar sevinir, düşmənlərin paxıllıqdan bağrı çatlayır. Lap 44 günlük Vətən savaşında, bir günlük antiterror tədbirləri zamanı olduğu kimi. Torpaqlarımızın işğalına son qoyan, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasını şərtləndirən Zəfərimiz bizim, övladlarımızın, gələcək nəsillərimizin qəlbində əbədi yaşayacaq. İllər, əsrlər keçsə də Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfərlə əbədi fəxr edəcəklər!
Şanlı Qələbəmizin də, bu gün bütün Qarabağda, Şərqi Zəngəzurda görülən böyük işlərin də, dünən Xankəndidə baş tutan idman bayramının da bünövrəsində dayanan ən ali məqam bizim sarsılmaz birliyimizdir. Xalqımız öz Prezidentinə ürəkdən inandı, güvəndi, Müzəffər Ali Baş Komandanımız da öz müdrik xalqına arxalandı. Məhz bu sarsılmaz inam, bu əbədi birlik müasir tariximizin Zəfər səhifələrinə, Vətənin zirvələrində dalğalanan üçrəngli bayraqlara, Xankəndinin mərkəzi meydanında rəşadətli ordumuzun Qələbə paradına çevrildi. Bundan sonra Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq! Və hər zaman fəxrlə deyəcəyik ki, yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!
Ziyadxan Gözəlov,
Sabirabad rayonu Ulacalı bələdiyyəsinin sədri