Vətən müharibəsində misilsiz şücaət göstərən qəhrəman Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu il sentyabr ayının 19-20-də birgünlük antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. 24 saat ərzində Qarabağdakı qanunsuz hərbi birləşmələr məhv edildi, separatçılar silahı yerə qoyaraq təslim oldular. Yüksək peşəkarlıqla aparılan, yalnız legitim hərbi hədəflərin məhv edildiyi antiterror tədbirlərində mülki əhaliyə və obyektlərə zərər dəymədi. Oktyabrın 15-i müasir tariximizə daha bir şərəfli səhifə kimi yazıldı. Ali Baş Komandan, Prezident İlham Əliyev separatçılardan təmizlənən Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bununla da müstəqil dövlətimiz öz ərazilərində suverenliyini tam olaraq bərpa etdi.
İşğaldan azad olunmuş əraziləri yenidən qurmaq, keçmiş məcburi köçkünlərin yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin əsas istiqamətidir. Müharibənin bitdiyi 3 il ərzində ölkə başçımızın həmin bölgələrə davamlı səfərləri çərçivəsində yaşayış yerlərinin, obyektlərin təməllərini qoyması və genişmiqyaslı yenidənqurma işlərinə birbaşa nəzarət etməsi bunu bir daha təsdiq edir. Dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd və Xocalı rayonlarına səfərləri də məhz düşmən əsarətindən azad olunmuş yurd yerlərimizin inkişafının, bərpasının dövlətimizin diqqət mərkəzində olduğunun isbatıdır.
30 illik işğala son qoyan, Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün uğurla həyata keçirilir. Reallaşdırılan layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Maddi və mədəni dəyərlərimizin, tarixi abidələrimizin bərpası isə bu işlərin mühüm tərkib hissəsidir. Respublikamızın hər bölgəsi inkişaf etdirilir. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət olunur. Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür.
Yenidən qurulan Qarabağımızda bu il növbəti uğurlu, tarixi tədbir keçirildi. Dekabrın 21-də Qarabağımızın mərkəzində – Xankəndi şəhərindəki stadionda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun baş tutdu. bu əlamətdar idman yarışmasında vətənimizin ərazi bütövlüyünün bərpası uğrundakı döyüşlərdə həlak olan şəhidlərimizin müqəddəs ruhuna ehtiram və vətənpərvərlik nümunəsi göstərilib. Belə ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər. Onlar bu yarışı ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə bir yerdə izləyiblər.
Yarışın əvvəlində Prezident İlham Əliyev iştirakçılar qarşısında çıxış edərək qeyd etdi ki, “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.
Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri