Azərbaycan idmançıları üçün ən böyük mükafat azad olunmuş ərazilərə qayıtmaqdır
- 23.12.2023, 09:30, Baxış sayı:
- 151
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan idmançıları üçün ən böyük mükafat azad olunmuş ərazilərə, Xankəndiyə qayıtmaqdır. Bu mənada 2023-cü il idman ictimaiyyəti üçün önəmli il kimi tarixə düşdü. Bu il ənənəvi idman yekunlarının Xankəndidə keçirilməsi olduqca vacib hadisədir. Qalib ölkənin idmançılarının öz suverenliyimizi bərpa etdikdən sonra Xankəndidə mükafatlandırılması bütün idman ictimaiyyətini qürurlandırdı. Prezident İlham Əliyevin idmançılarla görüşündə söylədiyi kimi, məhz Xankəndidə ali səviyyədə mükafatlandırılma ədalət nümunəsidir.
Doğrudan da bu, çox nadir nümunədir. Biz qalib xalq kimi öz dogma torpaqlarımızda bütün ənənələrimizi bərpa edirik. Xankəndidə həm idmançılar, həm azarkeşlər özlərini çox xoşbəxt hiss edirdilər. Bizim qayıdışımızla azad olunmuş ərazilərə həyat qayıdıb. Bunu cəmi 3 ay əvvəl azad olunmuş Xankəndinin dirçələn simasında daha aydın görmək mümkündür.
30 il separatizmdən əziyyət çəkən Xankəndi stadionunda ilk dəfə futbol matçı keçirildi. Təbii ki, Qarabağ-MOİK qarşılaşmasının Xankəndidə keçirilməsinin rəmzi mənası var və Prezident İlham Əliyevin stadionda çıxışı zamanı bəyan etdiyi kimi, azərbaycanlıların inşa etdiyi bu gözəl diyarda 30 il ərzində separatçılar yuva salmışdılar. Faktiki bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Üç ay əvvəl Xankəndidə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Cəmi 2 ay ərzində yenidən inşa edilən Xankəndi stadionu separatizm simvolikasından təmizləndi. Biz tarixi matçları tezliklə Ağdamın “İmarət” stadionunda da izləyə biləcəyik. Yaxın vaxtlarda stadionun yenidən inşasına başlanılacaq. Bu, işğaldan azad olunmuş ərazilərimizdə idmanın inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin keçirildiyini göstərir. Xankəndidə keçirilən mərasim Azərbaycan idmançılarını daha böyük qələbələrə həvəsləndirir. Əminəm ki, idmançılarımız bundan sonra da bizi daha böyük uğurlarla sevindirəcək.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru