Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına son illər dövlət dəstəyi daha da güçləndirilib. İxracyönümlü sahə olan baramaçılıq kənd yerlərində məşğulluğun təmin edilməsində də mühüm rol oynayır. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda 2025-ci ilədək yaş barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulur.
Sabirabadda da baramaçılığın inkişafına xüsusi fikir verilir. Cari ildə 10 tondan çox barama tədarük edilmişdir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında rayonun kümçülərini maaarifləndirmək məqsədilə “Barama məhsulunun artırılmasında yaş ipəkqurdlarının təlimata uyğun yemləndirilməsininn və yetişdirilməsinin rolu” mövzusunda tədbir keçirilmişdir.
Kümçülərə mütəxəssislər tərəfindən izah edilmişdir ki, yaş ipəkqurdlarının yetişdirilməsi zamanı yemləməyə, tempeatur göstəricilərinə, havalanmaya və s. yaş dövrlərinə uyğun olaraq fikir verilməlidir.
Eyni zamanda qeyd olunmuşdur ki, Davud Xəlilov (Axtaçı-Muğan), Xanlar Cəfərov (Cavad), Raqif Tarverdiyev (Məmişlər), Rövşən İsmayılov (Qalağayın), Teymur Bəhrəmov (Nizamikənd) qabaqcıl kümçülər cərgəsindədirlər. Quruzma bələdiyyəsi (sədr Mirmövsüm Heydərov) baramaçılığa yaxşı münasibət bəsləyir. Tədbirdə həmçinin barama istehsalında zəif nəticə göstərən təsərrüfatların da adları qeyd olunmuşdur. Şıx Salahlı, Azadkənd və başqa kənd inzibati ərazi dairələrinin kümçüləri bunların sırasındadır.
Tədbir zamanı kümçüləri maraqlandıran suallara cavab verilmişdir.
Tədbirdə baramaşılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilmiş, təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılaraq, təkliflər qeydə alınmışdır.
Davud Xəlilov Sabirabad rayonu üzrə baramaçılq assosiasiyasının sədri seçilmişdir.
Sonda bir qrup fermerə baramaçılıq sahəsində səmərəli fəaliyyətlərinə görə Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Fəxri fərmanı verilmişdir.
“Muğanın səsi”