Baramaçılıq inkişaf etdirilir
- 24.05.2022, 09:37, Baxış sayı:
- 462
Facebook
Вконтакте
Одноклассники
Google+
Baramaçılıq ənənəvi təsərrüfat sahəsi olub iqtisadiyyatın yüksəldilməsində əhəmiyyətli rol oynayır. Sabirabad rayonunun kümçüləri dədə-babadan baramaçılıqla məşğul olmuş, bu sahədə ad çıxarmışlar. Əvvəllər təsərrüfatlar baramaçılığı ən gəlirli sahələrdən birinə çevirmişdilər. Elə illər olmuşdur ki, rayonda 26 tonadək barama istehsal edilmişdir. Sonralar isə baramadan üz döndərilmiş, bu sahəyə fikir verilməmişdir. Mövcud tut bağları da məhv edilmişdir. Bütün bunlara görə də kümçülərin işi ildən-ilə çətinləşmişdir. Hətta iş o yerə çatmışdır ki, kümçülər barama mövsümü başlananda yarpaq dalınca qonşu rayonlara üz tutmuşlar. Barama istehsalının azalmasına başqa amillər də təsir etmişdir. Məhsulun satınalma qiymətlərinin aşağı olması, satış pulunun vaxtında verilməməsi də kümçülərin əlini işdən soyutmuşdur.
Son illər ölkəmizdə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın da inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər görülmüşdür. Bu məqsədlə yeni tut bağları salınmış, mövcur tut bağları genişləndirilmişdir. Yaş barama istehsalına dövlət subsidiya verir.
Ölkə Prezidentinin baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir.
Ötən il rayonda 14,2 tondan çox barama istehsal olunub. Cari ildə kümçülər daha yüksək məhsul istehsal etmək niyyətindədirlər. Hazırda baramaçılar 315 qutu ipəkqurduna qulluq göstərirlər.
“Muğanın səsi”