Oktyabrın 13-də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında arıçıları maaarifləndirmək məqsədilə seminar keçirilmişdir. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasına, qeyri-neft sektorunun sürətlə inkişafına təkan vermək üçün kənd təsərrüfatının bütün sahələrinə dövlətin diqqətinin artırılması siyasəti nəticəsində ölkəmizdə ixracyönümlü məhsulların istehsalında da xeyli uğur əldə edilib. İstehsal və ixrac imkanlarının artırılmasına xüsusi diqqət göstərilən sahələrdən biri də arıçılıqdır. Onu da vurğulamaq yerinə düşər ki, bu sektorda fəaliyyət göstərən təsərrüfatların bazara çıxışının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Həmçinin Azərbaycanda arıçılığın inkişaf etdirilməsi dövlət başçısının apardığı siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur və bu sahə diqqət mərkəzində saxlanılır.
Heydar Yaqubov daha sonra rayonda arıçılığın mövcud vəziyyətindən danışaraq, bu sahə ilə məşğul olan sahibkarların ildən-ilə artdığını qeyd etmişdir. Vurğulamışdır ki, hazırda rayonda 193 nəfər arıçı var. Onlar 7.500-ə yaxın arı ailəsi saxlayırlar.
KERCOM MMC-nin direktoru Cavid Kərimov, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi heyvandarlıq sektorunun müdiri Şahbaz Şahlarov profilaktik tədbirlərlə bağlı arıçılara geniş bilgilər və məsləhətlər veriblər. Qeyd olunub ki, yaxşı yemləmə, saxlanma, balverən bitki sahəsində arıxananın düzgün yerləşdirilməsi, profilaktik tədbirlər diqqət mərkəzində saxlanılmalıdır.
Fermerlər arıçılıq təsərrüfatının genişləndirilməsi istiqamətlərində görüləcək işlərdən danışmışlar.
Tədbirdə arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilmiş, təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılaraq, təkliflər qeydə alınmışdır.
Asəf Əhmədov Sabirabad rayon arıçılar cəmiyyətinin sədri seçilmişdir.
Sonda bir qrup fermerə arıçılıq sahəsində səmərəli fəaliyyətlərinə görə Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Fəxri fərmanı verilmişdir.
“Muğanın səsi”