• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Nişat Rəsulovun şərəfli döyüş yolu

  • 25.10.2023, 17:24, Baxış sayı:
  • 259
Nişat Rəsulovun şərəfli döyüş yolu
Nişat Rəsulov kənddə sayılıb–seçilən ailənin iki bacıdan sonra 1986-cı ilin sentyabr ayının 10-da dünyaya gələn tək oğul övladıdır. O, dünyaya gələndə atası Rafiq Rəsulov Sabirabad rayonunun Qarağac kənd orta məktəbində direktor, anası Rübabə xanım Dadaşbəylidə ibtidai sinif müəllimi işləyirdilər. Nişat məktəbə getməyə başlayanda nankor qonşularımız, tarixi düşmənlərimiz xəyanətkarcasına vətənimizin dilbər guşəsi Qarabağa silahlı hücum etməyə başladılar. İbtidai sinif şagirdi tez –tez ermənilərin basqını, müharibə və yurd –yuvasından didərgin düşüb aran rayonlarına qaçan məcburi köçkünlər haqqında suallar verir və valideynləri ona hər şeyi başa salırdılar. Çox keçmədi ki, Nişatın oxuduğu Dadaşbəyli məktəbində də Laçın və Cəbrayıl rayonlarından iki ailə məskunlaşdı. Cəbrayıldan köçkün düşən ailədə Nişatla həmyaşıd olan Anar adlı uşaq elə onunla bir sinifdə oxuyurdu. 1994-cü ildə atəşkəs müqaviləsi bağlansa da işğal bölgəsində atışmalar davam edirdi. Nişat yeniyetmə yaşına girmişdi, hər şeyi başa düşürdü. Xeyir – şərdə toplaşan qohumların arasında hərbi geyimli insanlar da çox olurdu. Bibisinin üç oğlu hərbiçi idi. Bibi qohumlarından hətta bir neçə general da vardı. Nişat artıq 15 yaşa girmişdi. Cəmiyyətdə söz gəzirdi ki, ailənin tək oğlunu əsgər aparmayacaqlar. Belə söhbətlərdən heç xoşu gəlmirdi. Kim bilərdi ki, onun kövrək ürəyində bəslənən arzuları nədən ibarətdir. Bu bədəncə zəif, ədalətli, məhəmətli oğlan hərbiçi olub vətənin işğaldan azad olunmasında vuruşmaq istəyirdi. Nəhayət, dərs ili başa çatan ərəfədə arzusunu ailəsinə bildirdi. Ata da, ana da etiraz etdi. Amma Vətən məhəbbəti oğul məhəbbətini üstələdi. Həddən artıq vətənpəvər olan Rafiq müəllim Nişatın arzusuna qarşı çıxmadı. Əli Bayramlı (indiki Şirvan) şəhər N.Nərimanov adına 2 nömrəli orta məktəbin VIII sinfini əla qiymətlərlə bitirən Nişat sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyin qəbul komissiyasına təqdim etdi. Qəbul imtahanlarını qardaş Türkiyədən gələn zabitlər götürdülər. Böyük müsabiqə var idi. Nişatın arzusu qarşısıalınmaz idi. O, yüksək balla 2001-ci ildə hərbi liseyə qəbul oldu. Liseyə yeni qəbul olunan kursantların içində boy-buxunca ən kiçiyi Nişat idi. Aylar, illər bir-birini əvəzlədi. O, liseyi 2004-cü ildə uğurla başa vuraraq “Heydər Əliyev adına Ali Hərbi Məktəbə” qəbul olundu. Nişat atasının məsləhəti ilə artilleriyaçı peşəsini seçdi. O, böyük həmvətənimiz “rus artilleriyasının Allahı” adlandırılan general Əliağa Şıxliniski haqqında oxumuşdu, onun yolunu layiqincə davam etdirmək istəyirdi.Nəhayət Nişat Hərbi akademiyanı da 2009-cu ildə başa vurub, Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə minamyot batareyasında tağım komandiri kimi xidmətə başladı. Xidmət yeri rəzil ermənilərlə üzbəüz idi. Uca dağ zirvəsində beş il nümunəvi xidmət edən Nişat Rəsulov baş leytenant rütbəsi almış, həm də ilk oğlu Nihat doğulmuşdu. Onun növbəti xidmət yeri də döyüş bölgəsi idi. Qazax rayonunda N saylı hərbi hissədə batareya komandiri kimi uğurlu xidməti 4-5 il çəkdi. Növbəti xidmət yeri yenə də döyüş mövqeyində idi. Sırada Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə batalyonun NTO –rəisi vəzifəsində, kapitan rütbəsində olan Nişat Rəsulov bacarıqlı, təcrübəli artillerist kimi bütün döyüşlərdə vuruşmuş, çoxlu sayda medal, fəxri fərmanlarla təltif olunmuşdu. Artıq onun ikinci oğlu da top atəşləri altında Goranboyda 2012-ci ildə dünyaya gəlmişdi.
Nəhayət, bütün xalqımızın və bizi sevən qardaş xalqların gözlədiyi gün yetişdi. 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlandı. Ali Baş Komandan xüsusi bacarıqla, uzaqgörənliklə döyüşə şəxsən özü rəhbərlik edirdi. Bundan ruhlanan hərbi qulluqçular, əsgər və zabitlərimiz yüksək rütbəli komandirlərimiz daha rəşadətlə döyüşürdülər. Kapitan Nişat Rəsulov da batareyası ilə Suqovuşanın azad edilməsi üçün vuruşurdu.
Nişat Rəsulov deyir ki, dünyanın ən müasir silahları ilə silahlanan, yüksək təlim görmüş ordumuz Ali Baş Komandanın xüsusi hərbi idarəetmə bacarığı nəticəsində cəmi 44 günə qalib gəldik. Müharibədə iştirak edən əsgər və zabitlər o dəhşətli döyüş səhnələrini bu vaxt unutmayacaqlar. Gözümüzün qarşısında əsgər və zabitlərimiz həlak olanda bu bizə böyük travma verirdi. Neçə-neçə kursant yoldaşımı, döyüş dostlarımızı itirdik. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bütün xalqımız və dövlətimiz 44 gün yalnız cəbhəyə köklənmişdi. Mediamız da aktiv idi. Cəbhənin ən gərgin yerindən video çarxlar hazırlayaraq tv –də və sosial şəbəkələrdə yayırdılar. Müharibə günlərində topçulardan çəkilən videoçarx tez-tez nümayiş etdirilirdi. “D-30” markalı top batareyasına “atəş” əmri verən zabit kapitan Nişat Rəsulovu çoxumuz tanıdıq. Tanıdıqca da ona olan rəğbətimiz birə yüz artdı. Tanışlar, yerlilər, ailə üzvləri qürur hissi yaşadılar. Yaşanmış çətin anlar, müharibə dəhşətlərini əks etdirən epizodlar, hadisələr saysız-hesabsızdır. Müharibədən az sonra Nişata mayor rütbəsi verilib və vəzifəsi böyüyüb, N saylı hərbi hissədə artdivizion komandiri təyin edilib.
Aldığı çoxsaylı fəxri fərman və tərifnamələr, mükafatlar arasında müzəffər Ali Baş Komandan tərəfindən layiq görüldüyü “Suqovuşanın azad edilməsinə görə” medalı ona xüsusilə əzizdir. İgid zabiti Dadaşbəyli kəndində böyük coşqu ilə qarşıladılar. Atası Rafiq müəllim, anası Rübabə müəllimə 44 günlük Vətən müharibəsində göstərdiyi komandirlik məharətinə görə mayor hərbi rütbəsi alan övladlarına baxır və çox güman ki, ürəklərinin dərin guşəsindən bir sual keçirirdilər. “ Dünənki uşaq evin tək oğlu nə vaxt böyüyüb müharibəyə getdi, oradan sağ-salamat qayıtdı” özü də igid döyüşçü, iki oğul atası, ailə sahibi kimi.
Qəhrəman artilleriya komandiri hələ də nümunəvi xidmətini davam etdirir. Vəzifəsi, rütbəsi artıqca, ailəsi də böyüyür. 2022-ci ilin 9 oktyabrında qızı Nəzrin dünyaya gəldi. İkinci Qarabağ müharibəsindən sonra erməni separatçıları ağalarının göstərişi ilə minbir oyundan çıxır, təxribatlar edir, mülki insanlarımız, hərbiçilərimiz minaya düşür, həlak olurdular. Nəhayət zaman yetişdi, 19 sentyabrda Ali Baş Komandan antiterror əməliyyatının başlanması haqqında əmr verdi. Çox yüksək peşəkarlıqla hazırlanmış əməliyyat nəticəsində separatçılar darmadağın edildi. Təəssüf ki, döyüş itkisiz olmur. Şəhidlərimiz oldu. Bu bir günlük əməliyyat da hərb tarixində əbədi qalacaq. Artileiyya komandiri mayor Nişat Rəsulovun topçuları yenə də böyük şücaət göstərdilər.İgid topçumuzun cəmisi 37 yaşı var. İnanırıq ki, Nişat Rəsulov Vətənə, dövlətə xidmətini uğurla davam etdirəcək. Yeni vəzifələrə, rütbələrə layiq görüləcək.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter