İsmayılov Sabir Ədalət oğlu
Sabir İsmayılov 16 iyun 1998-ci ildə Sabirabad şəhərində dünyaya gəlmişdir. O, ilk təhsilini Sabirabad şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbində almışdır. Sabir İsmayılov ailədə 4 bacının bir qardaşı idi.
Hərbi xidmətini döyüş bölgəsi olan Tərtərdə “N”saylı hərbi hissədə keçərək, pulemyotçuluğa qədər yüksəlir. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ,o, yenidən geri dönmək, müddətdən artıq xidmətini davam etdirmək haqqında düşünüb. Sabir müharibə başlayanda ailədən xəbərsiz Sabirabad rayon Səfərbərlik Xidmətinə rəsmi müraciət edib, könüllü olaraq döyüşə getmək istədiyini bildirib. Valideynləri deyirlər ki, 5 gündən sonra çağırış vərəqi alanda uşaq kimi sevinirdi. Hey deyirdi ki, ya şəhid olacam, yada qazi kimi qayıdacam. Sabir hərbi xidmətdə olanda yerli televiziyalardan biri onunla bağlı kiçik sujet çəkmişdi. O, deyirdi ki, ön cəbhədən qorxmayın, gəlin burada düşmənlə üz-üzə dayanın ki, düşmən sizin gözlərinizdə öz ölmlərini görsün.
Sabir İsmayılov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Suqovşan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Sabir İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Hüseynov Fərid Yaşar oğlu
Fərid Hüseynov 17 iyun 1997-ci ildə Sabirabad rayonunun Məmişlər kəndində anadan olmuşdur. Fərid Hüseynovun ailəsində 3 uşaq olub - özü və bacıları Günay və Aytən. 2004-cü ildə orta məktəbin birinci sinfinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2015-ci ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırılmış və 2016-cı ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur.
Fərid Hüseynov 21 sentyabr 2020-ci ildə Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Hüseynov 31 oktyabr 2020-ci ildə Şuşa istiqamətində qarşı tərəfin artilleriyasından atılan atəş nəticəsində şəhid olmuşdur. Nəşi Sabirabad rayonunun Qaralar kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Fərid Hüseynov ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Hüseynli Ağa Aydın oğlu
Ağa Hüseynli 7 sentyabr 2001-ci ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Şahin Hüseynov adına Sabirabad rayon Moranlı kənd tam orta məktəbində təhsil almışdır. Cüdo ilə məşğul olan Ağa Hüseynli bu sahədə bir çox medallar və sertifikatlar qazanmışdır. Subay idi.
Ağa Hüseynli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. 3 ay Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində xidmət etdikdən sonra könüllü rabitəçi olaraq Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi.
Azərbaycan Ordusunun əsgəri olan Ağa Hüseynli 2020-ci il sentyabrın 27-dən Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağa Hüseynli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Ağa Hüseynli ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.