Qarayev Süleyman Əlbağış oğlu 1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. 2001-2012-ci illərdə Mirzə Ələkbər Sabir adına 1 saylı şəhər tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. Rus və ingilis dillərini yaxşı bilirdi. Evli idi. 2 oğul övladı yadigar qalıb.
Süleyman Qarayev 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Süleyman Qarayev sentyabr ayının 21-dən könüllü olaraq hərbi təlimlərə qoşulub və sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Oktyabrın 7-də Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Sabirabad rayonunun Qalağayın kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Süleyman Qarayev ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Muradov Elxan Murad oğlu 15 may 2001-ci ildə Sabirabad rayonunun Əhmədabad kəndində dünyaya gəlmişdir. Orta təhsilini 2017-ci ildə Əhmədabad kənd tam orta məktəbində başa vurmuşdur. Orta məktəbdə oxuduğu illərdə şəhidlərə həsr olunmuş tədbirlərdə daim fəal iştirak edirdi. Onu tanıyanlar Elxanın necə ürəkli, vətənpərvər oğul olmasını qeyd edirlər. Elxan hər zaman şəhidlərin qəhrəmanlıq ənənələrini daim davam etdirəcəyinə söz verirdi
Elxan orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Ağdamda “N”saylı hərbi hissədə yerinə yetirirdi. Hərbi xidmətini başa vurmasına 3 ay qalmış, Elxan Vətən müharibəsində 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən E. Muradov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Düşmən gülləsi onun ömrünə nöqtə qoydusa da, əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının yaddaşında, ürəklərində 19 yaşlı bir gənc yaşayacaq. Nə yaşı ötəcək, nə də qocalacaq. Ölümü ilə ölməzlik qazanacaq.
Həsənov Həsən Səfər oğlu 3 iyun 1996-c ildə Sabirabad rayonunun Quruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Quruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Həsən Həsənov 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir. Həsən hərbi xidməti başa vurduqdan sonra doğulub boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur.
2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşür. Kəşfiyyatçı olaraq Həsən Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovuşanın azad olunmasında cəsurluqla döyüşür. Onlarla düşməni zərərsizləşdirib, neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib. Dostlarının dediyinə görə qəhrəmancasına döyüşüb. 20 oktyabrda Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhid olduqdan sonra Həsənin bir oğlu dünyaya gəlmişdir. Adı da atasının adını daşıyır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Həsən Həsənov ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.