Şəhidlərimiz. Qürur duyulası İGİD VƏTƏN OĞLU
- 01.06.2021, 07:35, Baxış sayı:
- 482
Facebook
Вконтакте
Одноклассники
Google+
44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 illik uzun bir dövr ərzində davam edən erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Onlar Vətən müharibəsində Qarabağda göstərdikləri hünərlərlə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazdılar. Belə igid oğullardan biri də Anar Nurullayevdir.
Anar Siyavuş oğlu Nurullayev 19 yanvar 2001-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində anadan olmuşdur. Əvvəlcə şəhid Asif Məmmədov adına Osmanlı kənd ümumi orta, sonra isə Şıx Salahlı kənd tam orta məktəbində təhsil almışdır. Uşaqlıqdan idmana və hərbi sahəyə böyük maraq göstərmişdir. İdmanın ağırlıq qaldırma növü ilə məşğul olmuşdur. Əsas niyyəti isə hərbçi olmaq idi. Kompüter proqlamlaşdırılması kursu keçərək kompüter mühəndisi ixtisasına yiyələnmişdir.
2019-cu il yanvarın 25-də həqiqi hərbi xidmətə yollanmışdır. Goranboy rayonunda “N” saylı hərbi hissədə xidmət keçmişdir. Komandanlıq onun cəsarətini, mərdliyini və verilən hərbi tapşırıqları vaxtlı-vaxtında, dəqiq yerinə yetirdiyini nəzərə alaraq ona kiçik çavuş rütbəsi vermişdir. O, 2020-ci ilin iyul ayında xidmət müddəti başa çatdıqdan sonra öz istəyi ilə orduda müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən müharibəsi başlayanda ötən ilin sentyabrın 27-də döyüşlərə qatılmışdır. Anar Nurullayev Murovdağın, Gülüstan və Talış kəndlərinin azadlığı uğrunda gedən ağır və şiddətli doyüşlərdə iştirak etmiş, zirəkliyi, igidliyi ilə fərqlənmişdir. Ürəyi düşmənə nifrətlə dolu olan Anar Nurullayev kəşfiyyat bölüyünün tərkibində sentyabrın 30-da Talış istiqamətində növbəti ağır döyüşlərə qatılmış, qəlpə yarası alaraq şəhid olmuşdur. Yaxınları onunla sonuncu dəfə sentyabrın 30-da danışdıqdan sonra əlaqə kəsilmişdir. Üç aya yaxın bir müddətdə onun haqqında heç bir məlumat əldə edə bilməyən valideynləri Anarın əsir götürüldüyünü güman etmişlər. Sonradan neytral sahədən nəşi tapılaraq kimliyi DNT testi ilə müəyyən edilərək ailəsinə təhvil verilmişdir. Anar Nurullayev 17 fevral 2021-ci ildə Osmanlı kənd qəbirstanlığında dəfn edilmişdir.
Anar Nurullayev subay idi. Ailədə iki qardaş olmuşlar. Qardaşı Elvin, sinif yoldaşı Hüseyn Əkbərov Anar haqqında xoş sözlər söylədilər. Vurğuladılar ki, Anar uşaqlıqdan mərd, vətənpərvər olmuşdur. Anası Bahar xanım, atası Siyavuş Anarla fəxr etdiklərini bildirdilər..
Allah rəhmət eləsin. Yeri behişt olsun! Nur içində uyusun.
Elçin NƏSİB,
“Muğanın səsi”